Naxçıvanda Danimarkanın "Kapella Wind Energy" şirkəti yeni külək elektrik stansiyası qurmaq niyyətindədir.
Bunu Trend-ə açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı deyib.
O bildirib ki, bunun üçün müvafiq görüşlər keçirilib.
"Hazırda bu layihənin texniki-iqtisadi göstəriciləri araşdırılır”, - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasında 5 su, 3 günəş, 1 külək və 1 külək-günəş hibrid elektrik stansiyası fəaliyyət göstərir. Bu stansiyalarda istehsal olunan elektrik enerjisinin hesabına Naxçıvan Muxtar Respublikasında "yaşıl” enerjinin payı da aylar üzrə artır.
Təkcə 2024-cü ilin sentyabr ayında istehsal olunan ümumi elektrik enerjisinin 35 faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşüb. Ötən ilin 9 ayı ilə müqayisədə isə alternativ və bərpaolunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 20 faizə yaxın artıb.
Belə ki, 2023-cü ilin doqquz ayında "yaşıl” enerjinin istehsal payı 35,1 faiz olduğu halda, 2024-cü ilin müvafiq dövründə bu rəqəm 53 faizə yüksəlib. Hazırda ümumi elektrik enerjisinin 55 faizi "yaşıl” enerjinin hesabına təmin olunur.
Şərhlər