Xəbər lenti

Cütlüklər psixoloji test verəcək:
Ölkə 20:41 20.07.2023

Cütlüklər psixoloji test verəcək: "Evlənmək çətinləşəcək” (ŞƏRH)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə maraqlı çıxışı ilə yadda qalıb. O, bildirib ki, ailə qurarkən psixoloji testin keçirilməsi vacibdir: 

"Biz nikahın xitamı ilə bağlı təhlillər apardıq. Kifayət qədər problemləri aşkara çıxartdıq. Ailə quracaq şəxslərin psixoloji testdən keçirilməsi vacibdir. Ailə qurarkən veriləcək testlər siyahısına bu tələb əlavə edilməlidir. Sonradan məişət zorakılığı, uşağın atılması kimi halların baş verməməsi üçün bu addım atılmalıdır". 

Məsələ ilə Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, "ALTER" Psixologiya və Təlim mərkəzinin təsisçisi və direktoru Əli Xəlilov Qaynayinfo-ya bildirdi ki, ailə daxili problemlərin və boşanmaların artmasının səbəbi şəxsi keyfiyyətlər və psixoloji uyğunsuzluqdur.

"Ötən 6 ayın statistikasında görürük ki, aydan-aya, ildən-ilə, boşanmaların sayı xeyli artır. Artıq nikaha girmə sayı ötən il ilə müqayisədə 40-50% aşağı düşüb. Bu isə çox böyük rəqəmdir. Əslində, bu hal cəmiyyət üçün bir siqnaldır. Verilən təkliflə razıyam. Yaxşı fikirdir, ancaq burada yetəri qədər "amma"lar da var. Birincisi, evlənmədən öncə cütlüklərdən psixoloi test götürülməsi yaxşı haldır. Amma reallıqları nəzərə alıb quru bir vərəq üzərində və yaxud da hansısa bir mütəxəssis yanında oturub, bir test götürməklə olmur. Bir test insanların taleyini həll etməməlidir. Bu uzun bir prosesdir və yetəri qədər kadr iştirak etməlidir. İnsanlarlarla müsahibələr, terapiyalar aparılmalıdır  Cütlüklərin uyğun olub-olmaması bir test üzərində olmamalıdır. İkincisi, bununla insanları evlənməkdən qorxuda bilərlər. İnsanlar düşünəcək ki, gedərəm nəsə problem çıxar və s. Hər bir insanın özündə hiss etdiyi narahatlığı, nələrisə olur. Odur ki, həmin şəxs düşünə bilər ki, gedərəm nəyisə düzgün etmərəm, cavabım uyğunsuz çıxar. Mən özüm də psixodiaqnostik testlərdən istifadə edirəm. Məsələn, yalan şkalası yüksək çıxar, insanın cavabını düzgün qəbul etməzlər. Bu, belə olmamalıdır. Dediyim kimi, uzun prosesdir. İnsanlar buna öyrəşməlidir. Testin keçirilməsinin tərəfdarıyam, amma bu formada yox. Psixoloji test oldu, vəssalam. Belə olmamalıdır. İxtisaslaşmış mütəxəssislər işə cəlb olunmalıdır, cütlüklərlə görüşlər, müsahibələr, terapiyalar keçirilməlidir. Yenə deyirəm, insanları evlilikdən qorxutmamalıdırlar. Özünüz də görürsünüz ki, evlilik yaşı nə qədər yüksəlib", - deyə Əli Xəlilov qeyd edib.
 
 

Psixoloq vurğulayıb ki, narkoloji test götürülməsi insan hüquqlarının pozulması kimi qiymətləndirilə bilər: 

"Ümumiyyətlə, bir çox asılılıqları testlə təyin etmək olar. Narkoloji, alkoqol və bir çox asılılıqlarla işləyirəm. Narkoloji asılılığı qan analizi ilə təyin etmək olur. Narkotikdən istifadədən sonra qanda aylarla qalır. Bəzi insanlar bunu bilirlər, müalicə alırlar və evlənmək istəyirlər. Reabilitasiya dövründə olan birinə cavab çıxsa ki, evlənmək olmaz, bu hal insanların iradəsinə zidd getmək kimi qiymətləndiriləcək. Əgər belə bir qayda olacaqsa, yeni qanun da çıxmalıdır. O isə azadlıq, seçim hüquqları haqqında konstitusiyamıza zidd olacaq. Çünki narkoloji asılılığı olmuş və ya az formada davam etmiş insana evlənmək qadağandır kimi fikir formalaşacaq. Məsələ önəmlidir. Lakin daha detallı işlənməlidir". 

Psixoloq onu da qeyd edib ki, bu qərar əvvəlcə könüllü  şəkildə aparılmalıdır: 

"Yaxşı haldır ki, bu hal  bir çox münaqişələrin qarşısını ala bilər. Ancaq yetəri qədər də insanları evlənməkdən çəkindirə bilər. Psixoloji ekspert rəyi istəyirsinizsə, mən təklif edərdim ki, ilk dövrdə könüllülük əsasında aparılsın. İnsanlar hər dəfə nəsə yenilik olanda onu qəbul etmirlər, onlar üçün qorxulu olur. Məsələn, pandemiya dövründə maskaya hamı tərəddüd edirdi. İstəmirəm, edə bilmərəm, etməyəcəm deyirdilər. Ancaq bir müddət keçdikdən sonra hamımız öyrəşdik və işdə, yolda, bəziləri isə hətta evdə taxırdılar. Niyə? Çünki dövr keçdi və insanlar ona öyrəşdi. Ondan sonra məcburi oldu. Bu testi də icbari edib insanları qorxutmaq lazım deyil. Əvvəlcə könüllü olsun, kimlər istəyəcəksə, qatılıb nəticəni öyrənəcək. Quru, formal halda bir nəfər oturub kompüter proqramı ilə analiz aparıb, əli ilə balları sayıb deyərək olmamalıdır. Psixodiaqnostika bir insanda nə qədər dərinliklə aparılır. Qaldı ki, insanların həyatında bu qədər ciddi addım atdıqları dövrdə aparılan test. Dediyim kimi, bir neçə il könüllü olsun, pilot layihə kimi keçirilsin, insanlar buna öyrəşsin, ondan sonra məcburi və icbari olsun. Ancaq dediyim qaydada. Heç bir halda bir test formasını qəbul etmirəm. Mütəxəssislərlə uzun bir proses aparılmalıdır. Bir cütlük ilə ən azı 10 gün işlənilməlidir". 

Röya Kərimli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->