Çin Xalq Azadlıq Ordusu (ÇXR Silahlı Qüvvələri) bazar ertəsi, oktyabrın 14-də Tayvan yaxınlığında növbəti hərbi təlimlərə başlayıb. Pekin onları adanın hakimiyyət orqanlarının "separatçı hərəkətləri" ilə bağlı xəbərdarlıq adlandırır.
Qaynarinfo bu barədə "Reuters”ə istinadən xəbər verir.
Çin tərəfi bu hərbi təlimlərin nə vaxt başa çatacağı barədə məlumat vermir.
Çin hərbi komandanlığının məlumatına görə, "Joint Sword-2024B” təlimi Tayvan boğazında və Tayvanın şimal, cənub və şərqindəki ərazilərdə keçirilir.
"Bu təlimlər həm də Tayvan Müstəqillik Qüvvələrinin separatçı hərəkətlərinə qarşı sərt xəbərdarlıq rolunu oynayır. Bu, dövlət suverenliyini və milli birliyini qorumaq üçün qanuni və zəruri əməliyyatdır", - ÇXR komandanlığının bəyanatında deyilir.
Çin tərəfi həmçinin təlimlərin keçirildiyi Tayvan ətrafında 9 ərazini əks etdirən xəritə yayıb: 2-si adanın şərq sahilində, 3-ü qərb sahilində, 1-i şimalda və 3-ü Çin sahillərində Tayvanın nəzarətində olan adaların ətrafında.
Çinli komandirlər bildiriblər ki, gəmilər və təyyarələr "bir çox istiqamətlərdən yaxın məsafədə" Tayvana yaxınlaşır, diqqətini dənizdən və havadan patrul və döyüş hazırlığına yönəldir və əsas liman və ərazilərin blokadasını, eləcə də dəniz və quru hədəflərinə simulyasiya edilmiş hücumları məşq edir.
Eyni zamanda, Çin Silahlı Qüvvələri döyüş atışları və ya uçuşa qadağan zonaların tətbiqi barədə açıqlama verməyib.
Nizami Bağırov
Şərhlər