"CHP-nin qurultayı Türkiyədə siyasət, xüsusilə də müxalifət adına ciddi hadisə oldu”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu Türkiyədəki ana müxalifət partiyası olan CHP-də baş verən sədr dəyişikliyini şərh edərkən deyib.
K.Rövşənoğlu bildirib ki, CHP sədrinin qurultayda keçirilən seçkidə rəqibinə uduzması ilk dəfə baş verir:
”Bu, may seçkilərindən sonra çox ciddi ruh düşkünlüyü və travma yaşayan Türkiyə müxaliəti üçün ciddi bir dəstəkdir. CHP sədrliyinə yeni şəxsin seçilməsi partiyaya yeni nəfəs verəcək, kadrlar yenilənəcək, partiyanın düşdüyü uğursuzluq zəncirinin qırılması ilə bağlı ümid yaradacaq. Artıq yeni sədr - Özgür Özel bələdiyyə seçkilərinə hazırlıq elan edib. O, yeni komandanın qarşısında duran əsas vəzifə kimi 2024-cü ilin martında keçirilməsi planlaşdırılan bələdiyyə seçkilərini hədəf seçib”.
K.Rövşənoğlu qeyd edib ki, CHP-nin bələdiyyə seçkilərinə yeni blokla getməsinin yolu açılıb:
”Çünki köhnə müttəfiqlər Kılıçdaroğlu ilə əməkdaşlığa isti yanaşmırdı. Bu mənada sədrin yenilənməsi təkcə CHP deyil, bütövlükdə müxalifət üçün yeni nəfəs oldu. Dəyişiklik istənilən halda yaxşı hadisədir. Üstəlik, onun bu şəkildə demokratik bir formada baş verməsi müxtəlif düşərgədə demokratiyaya olan ümidi artırır”.
Qeyd edək ki, ötən bazar günü Türkiyədə Cümhuriyyət Xalq Partiyasının(CHP) 38-ci qurultayı keçirilib. Qurultay nəticəsində müxalifət partiyada lider dəyişikliyi baş verib. Kamal Kılıcdaroğlunun da qatıldığı iki namizədin yarışdığı partiya qurultayında ikinci tur nəticəsində millət vəkili, 49 yaşlı Özgür Özel partiyanın yeni lideri seçilib. Seçkilərin ikinci turunda Kılıçdaroğlu 534, Özel isə 811 səs toplayıb.
Rüfət Sultan
Şərhlər