Xəbər lenti

Ölkə 12:56 16.08.2024

"Bu gün elmi-kütləvi proqramlar çox azdır" - Fəlsəfə doktoru

(Yazı "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda hazırlanıb) 

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması və təbliğatı istiqamətində uzun illərdir ki, Azərbaycanda işlər görülür və davam etdirilir. Birbaşa elm və təhsillə bağlı dövlətin siyasətini, onu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Elm və Təhsil Nazirliyi reallaşdırır. 

Azərbaycan Gənc alim, doktorant və magistlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu istiqamətdə digər aidiyyatı qurumların fəaliyyəti də mövcuddur:

"Sevinirəm ki, bu istiqamətdə müvafiq dövlət qurumları arasında bir əlaqə də mövcuddur. Bu əlaqə həm də ümumi səylərin bir araya gətirilməsinə xeyli köməklik göstərir. Məsələn, Azərbaycan televiziyasında Elm və Təhsil Nazirliyinin, eyni zamanda digər dövlət qurumlarının - Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Gənclər Fondunun birgə layihələri mövcuddur. Hesab edirəm ki, onlar bütövlükdə yaxşı nümunələrdir. Bir çox intellektual verilişlər var ki, onlar məhz adları çəkilən dövlət qurumlarının birgə təşəbbüsü və birgə zəhməti ilə reallaşırlar. Məsələn, "Mən azərbaycanlıyam" layihəsi... Eyni zamanda bir çox fərqli intelektual proqramlar mövcuddur. Hansı ki onlar uzun illərdir, birgə əməkdaşlıq çərçivəsində ərsəyə gəlir və cəmiyyətin ümumi intellektual səviyyəsinin yüksəlməsinə hədəflənmiş fəaliyyəti də özündə birləşdirir. Bu cür layihələrin ərsəyə gəlməsi ilə ümumilikdə ölkədə elm və təhsilin inkişafı təmin olunur". 

İlqar Orucov hesab edir ki, bu istiqamətdə kifayət qədər görüləsi işlər var:

"Bu gün elmi-kütləvi proqramlar həqiqətən də çox azdır. Elə bunun nəticəsidir ki, sanki cəmiyyətdə bir bayağılıq hiss olunur. Bu bayağılıq televiziya verilişlərində, cəmiyyətdə, insanların üzündəki yumor hisslərində bayağılığa qədər qəlib çıxır. Biz Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə ümumilikdə ilk növbədə cəmiyyətin iqtisadi inkişafına nail olmağı nəzərdə tuturuq. Cəmiyyətin mədəni inkişafının təmin olunması ümumi intellektual səviyyənin və dünyagörüşünün artırılmasına hədəflənib. Biz dövlətin bu istiqamətdə ayrı-ayrı qəbul etdiyi dövlət proqramlarına baxsaq görəcəyik ki, bununla bağlı münasibət ortadadır. Hesab edirəm ki, bununla bağlı mövcud işləri daha da genişləndirmək çox vacibdir. Görülən işlər gercəkdən də azdır".
 


Sədrin sözlərinə görə, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının ümumilikdə cəmiyyətin bilik səviyyəsinin artırılmasında, dünya görüşünün genişlənməsində və daha faydalı informasiya ilə cəmiyyətin təmin olunmasında çox böyük əhəmiyyəti var:

"Bu istiqamətdə sanballı proqramlarımız isə ortadadır. Onların sayı kifayət qədər azdır. Hansı ki, bu proqramlar cəmiyyəti düşündürməli, cəmiyyətdə məntiqi təfəkkürü inkişaf etdirməlidir. O, cəmiyyəti savadlandırmalıdır və eyni zamanda cəmiyyətin ümumilikdə maariflənməsinə xidmət etməlidir. Bu səpkidə olan verilişlərdə mütləq şəkildə Azərbaycanın tarixi təbliğ olunmalıdır, hər kəs keçmişdən xəbərdar olmalıdır. Bundan sonra Azərbaycan dili, mədəniyyəti, incəsənəti, qəhrəmanları, tarixi şəxsiyyətləri bütün verilişlərdə vətəndaşlara təqdim olunmalıdır. Həmin proqramlarda Azərbaycanın tanınmış şəxsləri, elm və mədəniyyət xadimləri, milli qəhrəmanlarımız, vətən uğrundan canından keçən igidlərimiz təbliğ olunmaqla yanaşı, həm də verilişlərin özündə də bir intellektuallıq olmalıdır".

İlqar Orucov hesab edir ki, bütün bunları rellaşdırmaq üçün peşəkarların imkanlarından istifadə düzgün həyata keçirilməlidir:

"Cəmiyyəti silkələyəcək və maraq doğuracaq həmin bu proqramların davamlı olmasının nə qədər böyük əhəmiyyət daşımasına təsadüfən toxunmuram. Heydər Əliyev Fondunun bu istiqamədə böyük qayğısı və diqqəti var. Ona görə də bütövlükdə bu kimi tədbirlərin daha da kütləviliyinin təmin olunmasına həqiqətən ehtiyac var. Bunlar Azərbaycanda milli ruhun təbliğ olunmasına gətirib çıxardacaq. Biri var, vətənpərvərlikdən danışırıq, o yalnız ifadələrdən və sözlərdən ibarət olur. Biri də var bu kimi verilişlər məntiqi təfəkkürü inkişaf etdirir, gənclərə, övladlarımıza düşünməyi öyrədir. Proqramlar hər yaş xüsusiyyətlərinə uyğun ruhun təbliğinə xidmət etməlidir". 

İlqar Orucov deyir ki, bu layihələrə cəmiyyətin hörmət etdiyi, sayğı göstərdiyi insanlar cəlb olunmalıdır:

"İnsanların yaş xüsusiyyəti, maraqlar nəzərə alınmalıdır. Böyüklər üçün nəzərdə tutulan proqramı uşaqlara tətbiq etmək olmaz. Orada eyni zamanda maraqlar mütləq nəzərə alınmalıdır. Digər cəhətdən burada həm də milli-mənəvi dəyərlər ön planda olmalıdır. Bu istiqamətdə verilişlərin daha da genişlənməsinin və əhatəliyinin artırılmasının tərəfdarıyam".

Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->