Xəbər lenti

Dünya 21:55 31.10.2024

"Bu addım dünya müharibəsinin başlanğıcı olacaq" - Ekspert

"İranın davranışlarını incələyən hər bir şəxs görür ki, Tehran qətiyyən tələsmir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İranın İsrailə növbəti cavab zərbəsinin olacağı, yoxsa bu oyunun artıq bitdiyi barədə suala cavabında deyib.

"Əslində, İran özünün tərəfdaşı olduğu regional assimetrik qüvvələrlə İsraili vurur. İsrail ordusunun Livan istiqamətində quru əməliyyatları demək olar ki, hərbi baxımından nəticə vermir. HƏMAS demək olar ki, tam dağılmış Qəzzada ciddi müqavimət göstərir. Ortada hansı bir hərbi uğur yoxdur. Tam əksi, beynəlxalq imicin ciddi zədələnməsi, daxili siyasi problemlər və Qəzzada humanitar bir fəlakət vardır", deyə Azər Hüseynov bildirib.
 


Lakin ekspert İsrailə cavab zərbəsi istiqamətində İranın tələsik nə isə edəcəyini düşünmür:

"Çünki İranın davranışlarını incələyən hər bir şəxs görür ki, Tehran qətiyyən tələsmir. İsrailə raket və dron atmaqla əslində İran lazım olarsa, böyük müharibə edə biləcəyi mesajını verdi. Ona görə İran hələ düşünəcək. İran görür ki, regional durum əslində onun xeyrinədir. İsrailin bu münasibətlər sistemində mövqeyinin düzəlməsi ancaq böyük müttəfiqinin birbaşa müdaxiləsi ilə mümkündür. Bu isə artıq dünya müharibəsi demək olacaq. Böyük müttəfiq bunu istəyirmi? Bunu isə zaman göstərəcək". 

Qeyd edək ki, məlumatlara görə, İran ABŞ-da keçiriləcək seçkilərdən əvvəl və yaxın bir neçə gün ərzində İsrailə qarşı şiddətli hücuma keçəcək. "Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu iddianı CNN yüksək rütbəli bir İran rəsmisinə əsaslanaraq yayımlayıb. Ağ Ev isə bəyan edib ki, əgər Tehran İsrailin hücumlarına cavab verərsə, ABŞ İrana qarşı hər hansı yeni hücumda Təl-Əvivə tam hərbi dəstək göstərəcək. 

Xatırladaq ki, oktyabrın 26-da İsrail İrana genişmiqyaslı hava zərbələri endirərək bir sıra strateji obyektləri vurub. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->