Brüssel Rusiyanın tammiqyaslı işğalından sonra Avropa İttifaqına üzv ölkələrin Ukraynaya verdiyi silahların miqdarını yoxlayır. Audit bəzi ölkələrin bacardıqlarından az silah göndərdiyi iddialarından sonraya təsadüf edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Financial Times
yazır.
Planlardan xəbəri olan üç Aİ diplomatının sözlərinə görə, Aİ-nin Diplomatik Xidməti və Xarici Fəaliyyət Xidməti (EEAS) Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra üzv dövlətlər tərəfindən verilən silahların auditini aparır.
EEAS auditin nəticələrini fevralın 1-də Aİ liderlərinin sammitinə qədər təqdim etməyi planlaşdırır.
Bir diplomat, auditin EEAS sorğularına cavab olaraq üzv dövlətlər tərəfindən təqdim edilən materiallara əsaslanacağını söyləyib və bu, artıq tam məlumat vermək istəməyən bəzi ölkələrin müqaviməti ilə üzləşib.
Auditin aparılması qərarı Almaniya kansleri Olaf Şoltsun keçən həftə ölkələrdən Kiyevə göndərilən hərbi tədarükləri hesablamağı və müqayisə etməyi tələb etməsindən sonra verilib.
"Hazırda Aİ-yə üzv ölkələrin əksəriyyəti tərəfindən Ukraynaya silah tədarükü çox kiçikdir”, - Almaniya kansleri bildirib.
Şoltsun sözləri Fransa və İtaliya kimi digər böyük Aİ ölkələrinə irad kimi şərh edilib. Lakin onun daha çox şəffaflığa dair ictimai çağırışı Brüsseldə bəzi dövlətlərin münaqişənin kritik nöqtəsində Kiyevi daha çox silahla təmin edə biləcəyinə inanan yüksək rütbəli rəsmilər tərəfindən özəl olaraq dəstəklənib.
Almaniyadan başqa bəzi Aİ, xüsusən də blokun şərqində yerləşən ölkələr, Ukraynaya silah satışını qismən maliyyələşdirən müştərək fond olan Avropa Sülh Fondunu (EPF) genişləndirmək, tədarükləri artırmaq və xərc yükünü bölüşmək üçün çalışırlar.
Üçüncü ölkələrdə müdafiə layihələrini maliyyələşdirən EFP 2023-cü ilin iyun ayından bu yana doldurulmayıb və blokun 27 üzv ölkəsi Ukrayna üçün illik 5 milyard avro ayrılması ilə bağlı razılığa gələ bilməyib.
Audit Brüssel və Vaşinqtonun Kiyev üçün təxminən 110 milyard dollarlıq yeni maliyyə paketləri imzalamağa imkan verəcək siyasi konsensus tapmağa çalışdığı vaxta təsadüf edir.
Nizami Bağırov
Şərhlər