"Brüssel görüşündə ümumi razılıqlar olarsa, həbs edilən hərbi qulluqçuların azad edilməsi istiqamətində hansısa kiçik addımların da şahidi olacağıq”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Qarabağ məsələsi və oktyabrın sonunda olacaq Brüssel görüşü barədə səsləndirdiyi fikirlərini şərh edərkən deyib.
Fərhad Məmmədovun sözlərinə görə, sülh sazişi üçün əsas maneələr artıq aradan qalxıb:
"Bu, Qarabağ ermənilərilə bağlı olan məsələdir. Qərb sülh sazişinə Qarabağ ermənilərilə bağlı hər hansısa bir maddənin salınmasında yenidən israr edəcəksə, onda sülh sazişi ətrafında gedən prosesin üstündən xətt çəkiləcək. Sülh sazişi tərəflər arasında 70 faiz razılaşdırılıb. Bunun ardınca maneənin aradan qaldırılması fonunda digər məqamlar ətrafında irəliləyiş olacaqsa, onda ayın sonunda baş tutacağı gözlənilən Brüssel görüşü də səmərəli olacaq. Brüssel görüşündə ümumi razılıqlar olarsa, hansısa kiçik addımların da şahidi olacağıq. Məsələn, həbs edilən hərbi qulluqçuların azad edilməsi istiqamətində, hansı ki, bu məsələ hələ may ayında razılaşdırılmışdı. Sülh gündəliyini zənginləşdirmək, etimad mühitini artırmaq istiqmaətində addımlar atılacaqsa, deməli, Brüssel görüşü də səmərəli olacaq. Amma onlar yenidən "köhnə val”dan istifadə edərək, Qarabağ ermənilərilə bağlı məsələni qabartsalar, bu halda ilin sonuna qədər sülh prosesinin üstündən xətt çəkməli olacağıq”.
Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar X-dəki mikrobloqunda Azərbaycan və Ermənistanın müsbət və razılaşdırılmış gündəliyə sadiq qalması vacibliyindən yazıb:
"Mən Bakıdan və İrəvandan qayıtdım, orada hərtərəfli normallaşma istiqamətində gələcək addımları müzakirə etdim. Azərbaycan və Ermənistanın müsbət və razılaşdırılmış gündəliyə sadiq qalması vacibdir. Bu ayın sonunda Brüsseldə keçiriləcək yüksək səviyyəli görüşdə bu qarşılıqlı fəaliyyətin gücləndiriləcəyini gözləyirəm”.
Rüfət Sultan
Şərhlər