Xəbər lenti

Böyük Qafqaz və nüvə təhlükəsi: G7 sammitinin pərdəarxası - Zeev Xanin yazır
Dünya 12:33 24.05.2023

Böyük Qafqaz və nüvə təhlükəsi: G7 sammitinin pərdəarxası - Zeev Xanin yazır

Rusiya Federasiyası və KXDR birbaşa nüvə silahından istifadənin mümkünlüyünü bəyan edir. ABŞ kəşfiyyatına görə, Çin nüvə arsenalını əhəmiyyətli dərəcədə artırır. Nüvə silahının yaradılmasına yaxın olan başqa ölkələr də var ki, onların davranışının rasionallığına beynəlxalq ictimaiyyət kifayət qədər şübhə edir.

Qaynarinfo Beqin-Sadat strateji araşdırmalar mərkəzinin siyasi elmlər şöbəsinin professoru və elmi əməkdaşı, İsrailin Bar-İlan universitetinin əməkdaşı Zeev Xaninin yazısını təqdim edir.

Sanksiyalar problemi

Söhbət, ilk növbədə, qlobal iqtisadi və siyasi gündəmi böyük ölçüdə diktə edən fövqəldövlətlərin liderlərinin hələ də barəsində yekun qərarını vermədiyi İrandan gedir. Sual ondadır ki, 5+1 qrupunun (BMT Təhlükəsizlik Şurasının üzvləri və Almaniya) İranla, idealda, bütün dünya üçün daha yaxşı şərtlərlə, ən pis halda, istənilən şərtlərlə "nüvə sazişi”ni bərpa etməyin mənası varmı? Bu sövdələşmə ABŞ-ın ondan imtina etdiyi zaman - Donald Trampın prezidentliyi dövründə qüvvədən düşüb. 

Sazişi yeniləməmək nüvə yarışının yeni mərhələsinə və İran rejiminə qarşı yeni iqtisadi və diplomatik sanksiyalar dalğasına keçmək deməkdir.

Məntiqlidir ki, bununla bağlı müzakirə olunan ikinci məqam ümumiyyətlə "yaramaz dövlətlər”ə və həm İrana, həm də Rusiyaya qarşı sanksiyaların, xüsusilə, sənaye avadanlıqları, alətlər və texnologiyaların ixracı olub, hansılardan ki, G7 liderlərinin birgə bəyanatında deyildiyi kimi, Moskva ordunu silahlandırmaq üçün istifadə edə bilər (və istifadə edir).
 
Əslində, G7 ölkələri bu cür hərəkətlərə 2023-cü ilin fevral ayının sonunda razılaşıblar, lakin real effekt gözləniləndən xeyli aşağı olub. Həm İran, həm də Rusiya Federasiyası ehtiyac duyduqları və sanksiyalara məruz qalmış malları - əsasən ABŞ, Almaniya, Niderland və Yaponiya istehsalı olan mikroçiplər və digər elektron cihazların, həm də digər qabaqcıl silahların, məsələn, Rusiya ordusu tərəfindən Ukraynadakı hərbi və mülki hədəfləri atəşə tutmaq üçün geniş istifadə olunan qanadlı raketlərin istehsal üçün zəruri olanların tədarükünə bir sıra sanksiyalardan yankeçmə kanalları yaradıblar. Sxemlərə Mərkəzi Asiya ölkələri, Gürcüstan, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin firmaları daxildir. Lakin məlumatlı mediaya görə, tədarükləri (onları məişət texnikası elementləri kimi qələmə verməklə) demək olar ki, müharibədən əvvəlki səviyyəyə çatdıran Çin xüsusilə fərqlənir.

Tərəfdaşlıq səviyyəsi strateji müttəfiqliyə yaxınlaşan İran və Rusiya bir-birinə kömək etməyi, o cümlədən qarşılıqlı təchizat yaratmağı öyrəniblər. 

İrandan Rusiyaya pilotsuz uçuş aparatları, mühərriklər və hərbi məqsədlər üçün digər mallar tədarük edilir; bundan əlavə, sanksiyalardan yan keçmək üçün uzun müddətdir qurulmuş kanallar vasitəsilə İran ikili təyinatlı və ya mülki malları - Rusiya hərbi sənaye kompleksinin kəskin çatışmazlığı ilə üzləşən materialları alır və Rusiyaya ötürür. Öz növbəsində Rusiya İrana hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri verir (yaxud bunu yaxın gələcəkdə etmək niyyətindədir). Ən acınacaqlısı isə, bəzi məlumatlara görə, İranın nüvə proqramını təkmilləşdirmək texnologiyası artıq nüvə silahı əldə etmək ərəfəsindədir.

Cənubi Qafqaz planı

Qlobal ambisiyaları olan iki regional güc mərkəzi arasında qarşılıqlı mübadilə mexanizminin bir hissəsi də Rusiya və İranın strateji regional tərəfdaşlarının xidmətlərindən istifadə etmək bacarığıdır. Rusiya üçün belə bir ölkə Belarus, İran üçün Ermənistandır ki, Tehran ona keçmiş əsas qarantı olan Rusiyanın əsas diqqəti və resursları Ukrayna cəbhəsinə yönəltmək məcburiyyətində qaldığı bir şəraitdə "təhlükəsizliyin qarantı” kimi çıxış edir.

Ermənistan, müəyyən mənada uduşlu vəziyyətdədir: o, Moskva-İrəvan-Tehran oxunun bir hissəsidir və mahiyyətcə İranın Rusiya Federasiyasına tədarük mərkəzinə çevrilib, lakin Belarusdan fərqli olaraq o, Qərbin sanksiyaları altında deyil. Üstəlik, o, Qərb ölkələri ilə yaxınlaşmaq istəyini nümayiş etdirə və onlardan maddi və diplomatik dəstək alacağına ümid edə bilər. Bəzi Avropa ölkələrinin (istəkdən və ya istəməyərəkdən) bu senaridə daha fəal rol oynamağa hazır olduqlarını nəzərə alsaq, vəziyyət daha da mürəkkəbləşir.

Bunun bariz nümunəsi Fransanı göstərmək olar ki, onun siyasi rəhbərliyi müharibə və sülhün bir sıra kritik məsələlərinə dair mütəmadi olaraq "xüsusi fikir” nümayiş etdirir, bu mənada NATO üzvlərinin və Qərb liberal demokratiyaları klubunun üzvlərindən seçilir. G7 liderlərinin əksəriyyəti sammit ərəfəsində ABŞ-ın milli təhlükəsizlik müşavirinin keçmiş müavini Elliot Koenin "Qərb daha çox Ukraynanın qələbəsi haqqında deyil, Rusiyanın məğlubiyyəti və onu hərbi yolla istədiyi hər şeyi əldə edə biləcəyinə inamından məhrum etməsi haqqında düşünməlidir” fikri ilə razılaşmağa üstünlük verir. Fransa prezidenti Emmanuel Makron isə hadisələrə fərqli baxış tərzi təklif edir. O hesab edir ki, "ən azı geosiyasi baxımdan məğlub olmuş Rusiyanı alçaltmaq olmaz, çünki Rusiyanın tam məhv edilməsi tələbi ya sadəcə olaraq müharibəni uzadacaq, ya da onun eskalasiyasına gətirib çıxaracaq”.

Fransanın Azərbaycanla hərbi münaqişəsində açıq şəkildə İrəvanın tərəfini tutması da eyni xəttin bir hissəsidir. Bu yerdə Fransa Senatının Azərbaycana qarşı sanksiyalarla bağlı qətnamə qəbul etməsini və Aİ-ni Azərbaycanın Rusiya enerji ehtiyatlarından imtina etməyə çağırmasını xatırlatmaq lazımdır. Avropa nəşrlərinin qeyd etdiyi kimi, bu, qəribə bir addım idi, çünki Fransa özü enerji resurslarını son vaxtlar Rusiya ilə sıx əlaqələri olan Əlcəzairdən alır.

Bu siyasətdə yeni mərhələ və Bakı üçün yeni çağırış - ABŞ və digər Aİ ölkələri uzun müddətdir ki, bundan çəkinməsinə baxmayaraq, Parisin Ermənistan silahlı qüvvələrini öldürücü silahlar paketi ilə təchiz etməyə hazır olması hesab edilə bilər. Hələlik söhbət 50 zirehli transportyorun və ola bilsin ki, hava hücumundan müdafiə sistemlərinin çatdırılmasından gedir. Maraqlıdır ki, Parisin bu niyyətləri ilə bağlı mediaya daxil olan məlumat mənbəyi uzun müddət Rusiyanın Ermənistanla əlaqələrini və Rusiya-İran tərəfdaşlığını izləyən Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsi olub. Və görünür, onlar çox narahatdırlar ki, İrəvana verilən Qərb silahları, texnologiyaları və nou-hauları da Rusiyanın ixtiyarında ola bilər - bu, ona NATO ölkələrinin Ukrayna silahlı qüvvələrinə tədarük etdiyi oxşar silahlarla mübarizə metodologiyasını və alətlərini optimallaşdırmağa imkan verəcək.

Və nəhayət, güman etmək çətin deyil ki, Ermənistana verilən həmin silah və onlar haqqında bilgilər başqa bir ünvanda - Cənubi Qafqazda və Şərqi Aralıq dənizində, ilk növbədə Suriyada geosiyasi maraqlarını reallaşdırmaq üçün açılan imkanlardan istifadə etməyə açıq şəkildə hazır olan İranda peyda ola bilər. Bu da öz növbəsində, getdikcə artan strateji tərəfdaşlıq şəraitində olan və anti-İran blokunun mühüm tərkib hissəsini təşkil edən Azərbaycan və İsrailin təhlükəsizliyinə İran təhdidini gücləndirəcək.

Bu tendensiyalar inkişaf edərsə, postsovet məkanı, Yaxın Şərq və bütövlükdə dünyanın daha təhlükəsiz yerə çevrilməsi ehtimalı azdır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->