Azərbaycanda cərimələr 20 manatdan 2000 manata qədər artırılıb.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə əksini tapıb.
Dəyişikliyə əsasən, avtomobilin sürücüsü tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, eyni zamanda, avtomobilin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat məbləğində cərimə ediləcək. İndiyə kimi avtomobil sahibləri bu qaydaların pozulmasına görə 10 manat məbləğində cərimə edilirdi.
Digər dəyişikliklə parklanma yerində müvafiq yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin parklanma yerinə və hərəkətinə maneə yaratdıqda 20 manat məbləğində cərimə olunacaq. Bu günə qədər bu cərimə növü də 10 manat idi.
Bundan əlavə, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə sürücülər 60 manat məbləğində cərimə ediləcək. İndiyə qədər bu məbləğ 10 manat olub.
Həmçinin qanunsuz parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə yeni cərimələr təsdiq olunub.
Dəyişikliyə əsasən, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq. Eyni qaydaların pozulmasına görə hüquqi şəxslər isə 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə olunacaqlar.
Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobilin idarə edilməsinə görə cərimələr isə iki dəfə qaldırılıb. Bu inzibati xətaya yol verən şəxslər üçün cərimənin məbləği 100 manatdan 200 manatadək artırılıb.
Həmçinin avtomobil idarə etmək hüququ məhdudlaşdırılan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə təyin olunmuş cərimənin məbləği 300 manatdan 400 manata qaldırılıb.
Daha bir dəyişikliklə velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla hərəkət edəcək nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Şərhlər