"Brüssel görüşündə Aİ tərəfindən hər hansı bir qərəzli hərəkət, əngəl, təxribat xarakterli addımlar olmasa, rəsmi Bakı da iştirak edəcək”.
Bunu Qaynarinfo-ya beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev Aİ Şurasının rəhbəri Şarl Mişelin oktyabrın sonunda Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkil ediləcəyi barədə səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Elşən Musafayev bildirib ki, Qranada formatı olmayacaqsa, Şarl Mişelin vasitəçiliyilə tərəflər arasında Brüssel görüşü baş tuta bilər:
"Azərbaycan Prezidenti İlham Əliyev də Qranadada iştirak etməməyin səbəblərindən danışarkən bildirmişdi ki, Avropa İttifaqı çərçivəsində Brüssel formatında hər zaman görüşməyə hazırdır. İndi Ermənistan qalıb bir kənarda, ondan daha çox erməniliyi Fransan və Almaniyanın etdiyinin şahidi oluruq. Ermənistan parlamentinin beynəlxalq əlaqələr komitəsinin rəhbəri jurnalistlərə iki gün öncə verdiyi açıqlamada bildirib ki, ölkəsi Qarabağ qarışıq Azərbaycanın ərazi bütövlüyünü tanımağa və sülh müqaviləsini imzalamağa hazırdır, Ermənistan üçün qırmızı xətt sadəcə olaraq 29,8 kv-km-lik ərazisinin tanınmasıdır. Təbii ki, Azərbaycan da Ermənistanın ərazisini tanıyır. Erməni deputat sonda onu qeyd edib ki, Azərbaycanla bütün kommunikasiya xətlərini öz ərazisi daxilində İrəvanın yuridiksiyası çərçivəsində açmağa da hazırdır. Bu o deməkdir ki, İrəvan Bakı ilə sülh müqaviləsini imzalamağa gedəcək”.
Ekspert əlavə edib ki, Qərbdə bəzi dairələr Bakı ilə İrəvan arasında sülhün əldə edilməsində maraqlı deyil:
"Qərbdə sülhün əldə olunmasını istəməyən qüvvələr də var. Şarl Mişelin özü də hərdən səhv fikirlər səsləndirib. Onun "Rusiya Ermənistanı satdı” fikri artıq tərəf kimi çıxış etdiyinin göstəricisidir. Amma yenə də Avropa İttifaqı Şurasının rəhbəri kimi onunla görüşməyə dəyər. Brüssel görüşündə Aİ tərəfindən hər hansı bir qərəzli hərəkət, əngəl, təxribat xarakterli addımlar olmasa, Bakı həmin görüşdə iştirak edəcək. Amma əsas məsələni iki dövlətin öz arasında çözməsidir. Bunun üçün də ideal yer Gürcüstanda görüşməkdir”.
Qeyd edək ki, Qranadada keçirilən 3-cü Avropa Siyasi Sammitində iştirak edən Aİ Şurasının Prezidenti Şarl Mişel "France-Presse”ə açıqlamasında oktyabrın sonunadək Avropa İttifaqının ev sahibliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcəyini bildirib. Onun sözlərinə görə bu görüş barədə tərəflər artıq məlumatlandırılıb.
Rüfət Sultan
Şərhlər