Hazırda Kiyev qarışıq bütün dünya Mariupol şəhərindəki "Azovstal” metallurgiya zavodunda mühasirədə olan Ukrayna hərbçilərini təxliyyə etməyə çalışır. Ən azından buradakı yaralı hərbçilərin təxliyəsi vacibliyi vurğulanır. Hətta Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bəyan edib ki, Ankara yaralı ukraynalı hərbçiləri dəniz yolu ilə təxliyə etməyə hazırdır. İ.Kalının sözlərinə görə, "Azovstal”dan təxliyə edilənlərin əvvəlcə quru yolu ilə Berdyansk limanına çatdırılması planlaşdırılır, daha sonra Türkiyə gəmisi yaralılar İstanbula aparıla bilər. Lakin Türkiyənin təklifi Kiyev və Moskva ilə müzakirə edilsə də, Rusiya razılıq verməyib.
Qeyd edək ki, "Azovstal”da minə yaxın hərbçinin və 600-ə qədər yaralının olduğu bildirilir. Maraqlıdır, Kreml nədən sözügedən ərazidə mühasirədə olanların təxliyəsinə mane olur? Belə mövqe sərgiləməkdə Rusiyanın məqsədi nədir? Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Əlimusa İbrahimovun fikrincə, "Azovstal” Ukraynanın müdafiə rəmzi kimi dəyərləndirildiyindən, Rusiya buradakı müdafiəçiləri əsir götürmək, ya da tamamilə məhv etməklə qarşı tərəfin yüksək döyüş əhval-ruhiyyəsini sındırmağı düşünür:"Azovstal” 2 aya yaxındır ki, Rusiya ordusuna müqavimət göstərir. Rusiya bu qədər silahdan istifadə etsə də, şəhərin kiçik bir hissəsi olan "Azovstal”ı işğal edə bilmir. Eyni zamanda, Rusiya nə onların çıxıb getməsinə, nə də digər ölkələrə təhvil verilməsinə şərait yaratmır. Deməli, Rusiyanın məqsədi yalnız Azovstal”ı işğal etmək deyil. Kremlin başlıca məqsədi oradakı döyüşçüləri əsir götürməkdir. "Azovstal” həm də Ukraynanın müdafiə rəmzi kimi qiymətləndirilir”.
Ekspertin sözlərinə görə, Rusiyanın müdafiə döyüşçülərinin təxliyəsinə razılıq verməməsində "Azovstal”da əcnəbi məsləhətçi və döyüşçülərin olması amili də rol oynaya bilər. Ə. İbrahimov qeyd edir ki, Rusiya onları əsir götürməklə sonradan vətəndaşı olduqları ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə etməyi düşünür:"Azovstal”da xaricdən gətirilən çoxlu silah və sursatın olduğu da bildirilir. Rusiya onları da ələ keçirtmək niyyətindədir. Bəzi məlumatlara görə, ərazinin müdafiəçiləri arasında Böyük Britaniya, ABŞ və Almaniydan müşavirlər, təlimçilər də var. Rusiya da onları tutub həmin ölkələrə qarşı silah kimi istifadə etmək istəyir. Bu yolla Rusiya bəzi hərbi məsələləri də aydınlaşdırmaq istəyir. Həmin ərazidə Ukraynanın ən cəsur, peşəkar, daha yaxşı hazırlıqlı hərbçiləri vuruşur. Moskva isə onların məhz döyüşdə müqavimətini sındırmaqla göstərmək istəyir ki, ən yaxşı vuruşan ukraynalı döyüşçüləri belə məhv edə bilirlər. Bununla Ukrayna Ordusunda əhval-ruhiyyənin aşağı düşəcəyini düşünür. Bu səbəblərdən Kreml hələlik "Azovstal” müdafiəçilərinin təxliyə edilməsinə razılıq vermir”.
Rüfət Sultan
Şərhlər