Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
Xidmətdən APA-ya verilən xəbərə görə, mayın 8-i saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.
Dağlıq rayonlarda qar yağıb, qar örtüyünün hündürlüyü Şahdağda 18 sm, Xınalıqda 3 sm, Qrızda 2 sm olub.
Mayın 07-də saat 18:30-18:35 radələrində Naxçıvanda diamteri 6.0 mm olan, Şahdağda saat 11:10-11:25, 12:50-13:00, 14:00-15:25 radələrində xırda dənəli dolu düşüb. Düşən yağıntının miqdarı Balakəndə 71.0 mm (aylıq normanın 57%-i), Sarıbaşda (Qax) 44.0 mm, Kişçayda (Şəki) 42.0 mm (aylıq normanın 41%-i), Oğuzda 42.0 mm (aylıq normanın 40%-i), Qəbələdə 29.0 mm, Zaqatala, Şəkidə 25.0 mm, Daşkəsən, Göygöldə 23.0 mm, Qrızda 22.0 mm, Ləzə məntəqəsində 20.0 mm, Göyçayda 19.0 mm, Qusarda 18.0 mm (aylıq normanın 33%-i), Naxçıvanda 18.0 mm (aylıq normanın 46%-i), Kürdəmirdə 17.0 mm (aylıq normanın 45%-i), Bərdədə 15.0 mm, Xınalıq, Mingəçevirdə 15.0 mm (aylıq normanın 33%-i), Şahdağda 14.0 mm, Zərdabda 13.0 mm (aylıq normanın 33%-i), Naftalanda 13.0 mm, Qax, Ağdamda 12.0 mm, Yevlaxda 11.0 mm, Qubada 10.0 mm, Lerik, Lənkəranda 7.0 mm, Sabirabadda 6.0 mm, Astara, Neftçalada 5.0 mm, Şabran, Xaltanda 4.0 mm, İmişli, Yardımlı, Beyləqan, Qobustan, Cəfərxan, Altıağacda 3.0 mm, Biləsuvarda 2.0 mm, Salyan, Şəmkir, Göytəpədə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 12.0 mm (aylıq normanın 61%-i), Sumqayıtda 7.0 mm (aylıq normanın 38%-i), Binədə 6.0 mm, Maştağada 5.0 mm, Pirallahıda 3.0 mm, Ələtdə 2.0 mm olub.
Ötən gün ərzində yağan yağışlarla əlaqədar əksər çaylarda sululuğun artımı müşahidə olunub. Mayın 8-də Kür çayının yuxarı axımında Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsi 23 sm, Qanıx çayının Cəlayir məntəqəsində 23 sm, Qabırrı çayıının Kəsəmən məntəqəsində 49 sm, Araz çayının Qıvraq məntəqəsində 19 sm, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində 11 sm, Gəncəçayın Zurnabad məntəqəsində 2 sm, Kürəkçayın Toğana məntəqəsində 1 sm, Şəmkirçayın Qalakənd məntəqəsində 3 sm, Böyük Qafqazın ərazisindən axan Qusarçayın Kuzun məntəqəsində 6 sm, Vəlvələçayın Təngəaltı məntəqəsində 3 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Təngərüdçayın Vaqo məntəqəsində 11 sm, Viləşçayın Şıxlar məntəqəsində 3 sm, Kür çayının aşağı axımında Yevlax məntəqəsində 2 sm, Zərdabda 9 sm, Surrada 20 sm, Şirvanda 16 sm, Salyanda 25 sm, Bankə məntəqəsində isə 8 sm artım müşahidə olunub.
Şimal-qərb küləyi arabir Naftalanda 20 m/s, Biləsuvarda 18 m/s, Sabirabadda 17 m/s, Göytəpə, Salyanda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Maştağada 33 m/s, Bakıda 30 m/s, Pirallahı, Çilov adası, Sumqayıtda 23 m/s, Neft Daşlarında 21 m/s, Binədə 18 m/s, Ələtdə 17 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.7 metrə çatıb. Mayın 08-i səhər saatlarından şimal-qərb küləyi 15-20 m/s-dək mülayimləşib.
Ölkə ərazisində müşahidə olunan külək mayın 8-i gündüz saatlarından başlayaraq tədricən zəifləyəcək, qeyri-sabit, arabir yağıntılı hava şəraiti isə birinci ongünlüyün sonlarınadək davam edəcək.
Şərhlər