Xəbər lenti

Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi (FOTO)
Ölkə 17:34 19.05.2022

Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi (FOTO)

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2022-ci il "Şuşa ili” çərçivəsində ilk dəfə olaraq Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib. 

Qaynarinfo xəbər verir ki, Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə, qarşılıqlı maraq doğuran müştərək layihələrin və proqramların reallaşdırılmasına yardım etməklə Azərbaycan Respublikası ilə  Türkiyə Respublikası arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında "Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalanıb.

Bakıda keçirilən forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsi, nümayəndə heyətinin rəhbəri Ahmet Türköz, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi sədrinin müşaviri  Orxan Qazigil, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri,  millət vəkili Zahid Oruc, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayilov,  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev, Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov,  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri, Türkiyədən və Azərbaycandan olan QHT nümayəndələri və media üzvləri iştirak ediblər.  

Foruma açılış nitqi ilə başlayan Azərbaycan  Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Azərbaycan – Türkiyə əlaqələrindən və forumun əhəmiyyətindən danışaraq bildirib ki, belə bir əhəmiyyətli forumun Bakıda keçirilməsi vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verəcəkdir. A.Əliyeva onuda qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətidir və vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı mühüm işlər görülür, onların inkişafı üçün əlverişli mühit yaradılıb. Bunun nəticəsidir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ildən-ilə genişlənir. 

Sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyəti institutları ölkənin iqtisadi, sosial və mədəni həyatında mühüm rol oynayıb. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması dövlət ilə QHT-lər arasında əməkdaşlığın inkişafının bir nümunəsinə çevrilib. Buna görə də dövlət orqanlarının QHT-lərlə yaxından əməkdaşlıq etməsi, qərarların qəbulu və sifarişlərin icrası prosesində onların iştirakına şərait yaradılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verir. Hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi baza mövcuddur. O cümlədən, Vüsal Quliyev bildirib ki, 2022-ci il "Şuşa ili” çərçivəsində Əməkdaşlıq forumunun keçirilməsi Azərbaycanın ictimai-siyasi həyatında tarixi hadisədir. Çünki, ilk dəfə hər iki ölkənin dövlət qurumlarının dəstəyi və vətəndaş cəmiyyətinin iştirakı ilə belə bir tədbir keçirilir. Artıq bu forum iki ölkənin vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətini sistemli şəkildə əlaqələndirəcək, ortaq layihələr reallaşdırılacaq, təcrübə və informasiya mübadilələri həyata keçiriləcək. Gələcəkdə bu təşəbbüslərin Türk Dövlətləri Təşkilatları çərçivəsində də reallaşdırılması Türk dünyası vətəndaş cəmiyyətinin bir araya gəlməsi və əməkdaşlıq baxımından faydalı ola bilər. 

Çıxış edən digər natiqlər Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsi, nümayəndə heyətinin rəhbəri Ahmet Türköz , Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi sədrinin müşaviri  Orxan Qazigil,  Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri,  millət vəkili Zahid Oruc, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayilov,  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev, millət vəkili Nizami Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov,  Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı,  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov bildiriblər ki, 2022-ci il "Şuşa ili” çərçivəsində keçirilən Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu hər iki ölkənin QHT nümayəndələri üçün faydalı olacaq və bu sahənin daha da təkmiləşməsinə böyük töhvə verəcəkdir. 

Forumun açılışından sonra Türkiyədən olan QHT-lərin öz sahələri üzrə təqdimatları keçirilib. İkinci paneli açıq elan edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Toğrul Məmmədli panelin proqramı haqqında məlumat verib. Daha sonra SETA Xarici Siyasət araştırmacısı, Siyasət, İqtisadiyyat və Cəmiyyəti Tədqiqat Vəqfi (SETA)  Mustafa Caner, ADEM İdarə Heyətinin rəhbərinin müavini, Qadın və Demokratiya Dərnəyi xanım Canan Sarı, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi xanım Aygün Attar, Türkiyə Yeşilay Cəmiyyəti İcraçı Direktor cənab Muhammet Nurullah Atalan, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi Dr. İlyas Demirçi, Türkiyə Gənclik Vəqfi xanım Elif Habip çıxış edərək öz sahələri üzrə təqdimatlar ediblər. 

Təqdimatlardan sonra hər iki ölkə QHT-ləri arasında sual-cavab formatında diskusiyya aparılıb. 

Forumun yekunu olaraq bəyanət səslənərək, qəbul edilib.

Bəyanətdə  "Türkiyə və Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun iştirakçıları bu formatda tədbirlərin mütəmadi olmaqla keçirilməsi razılığına gəlmişlər. Növbəti "Əməkdaşlıq Forumu”nun Türkiyədə keçirilməsi və  ‘Azərbaycan və Türkiyə QHT-lərinin Əməkdaşlıq Platformasının’ təsis olunması qərara alınmışdır.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->