Azərbaycan Armen Qriqoryanın dediyi "1929-cu il prosesi"nə razılaşacaqmı?
Ermənistan Təhlükəsizlik Şurasının katibi və Azərbaycanla diplomatik müzakirələrdəki əsas fiquru Armen Qriqoryan bir sıra açıqlamalarla çıxış edib. Sülh və delimitasiya barədə ilin sonuna qədər razılaşmanın nəzərdə tutulduğunu deyən Qriqoryan sərhədlərin dəqiqləşdirməsi və nişanlaması mövzusunda 1929-cu il tarixində həyata keçən bənzər prosesin əsas alına biləcəyini bildirib.
1929-cu il tarixində həyata keçən proses nədən ibarət olub?
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Cümşüd Nuriyev bildirib ki, 1929-cu il Zəngəzurun tamamilə ilhaq olunması ilə nəticələnən tarixdir:
"Məhz 1929-cu ilə Azərbaycanın Nüvədi kəndi və Naxçıvanın 9 kəndi Rusiya tərəfindən alınaraq Ermənistana veriləndən sonra Bakı ilə Naxçıvanın əlaqəsi kəsildi. Qriqoryan da sərhədlərin dəqiqləşməsi prosesində buna istinad etmək istəyir. Azərbaycan buna heç bir razılıq verməyib. Yəni həmin əraziləri Azərbaycanın icazəsi olmadan veriblər. Həmin illərdə mərkəzlə ermənilər Azərbaycanla Naxçıvanın əlaqəsini kəsmək qərarına gəlib və həmin qərarı da məhz 1929-cu ildə icra ediblər. Nəticədə Azərbaycanla Naxçıvan arasında olan məsafə daha 26 km. artırılaraq, 42 km-ə çatdırılıb. Bu isə Zəngəzurun tamamilə ilhaq olunması ilə nəticələnən tarixdir”.
Həmsöhbətimiz qeyd edir ki, ermənilərin bu saxtakarlığı fonunda Azərbaycanda məsələni ən azından 1923-cü il xəritəsinə əsasən qoymalıdır:
"Bu fonda avtomatik olaraq Nüvədi və Naxçıvanın 9 kəndi ölkəmizə geri qaytarılır, Azərbaycanla Naxçıvan arasındakı əlaqə cəmi 16 km-lik bir əraziyə düşür. Ümumiyyətlə, Azərbaycan SSRİ-yə 114 min kv.km ərazi ilə daxil olub. Azərbaycanın hesabına 9 min kv.km-lik Ermənistan ərazisini 29 min kv.km-ə qaldırıblar. Ona görə də Qriqoryan 1929-cu ili əsas götürür. Azərbaycan bununla razılaşmayacaq. Azərbaycan Prezidenti 1923-cü il xəritəsini gündəmə gətirib. Bu isə həqiqətə yaxındır. Cəbrayıl rayonunun indiki ərazisi daha 26 km. qərbə doğru genişlənərək, 1929-cu ilə qədər olan ərazisinə qaytarılır”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər