"Bu, yaxın perspektivdə Azərbaycanda mümkün deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkçilərin Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Azərbaycanda 7 saatlıq iş qrafikinin mümkünlüyü məsələsini şərh edərkən deyib:
"Bu istiqamətdə Azərbaycanda hər hansı bir müzakirələr olmayıb. Dünya praktikasında da belə hallar azdır. Dövlət sektoru, büdcə təşkilatları bunu özbaşına edə bilməz. Onun üçün qanunvericlik dəyişməlidir. Amma özəl sektorda 7 saatlıq iş qrafikinə keçid üçün heç bir problem yoxdur. Burada söhbət sözsüz ki, əmək haqqını saxlamaq şərtilə iş gününün 1 saat qısaldılmasından gedir. Azərbaycanda bu məsələdə hələ ki, heç nə gözlənilmir və gözlənilə də bilməz. Yaxın perspektivdə ölkəmizdə 7 saatlıq iş gününün tətbiqi məsələsinə baxılacağı gözlənilmir. Azərbaycan qanunvericiliyində natamam iş məsələsilə bağlı müddəa əks olunub. Müəyyən kateqoriyalı insanlar bundan istifadə edə bilər. Lakin bu zaman onların əmək haqqları da azaldılacaq. Ölkəmizdə qeyri-formal əmək sektoru, bir sıra kommersiya qurumlarında, hətta bəzi büdcə təşkilatlarında iş saatı qeyri-rəsmi olaraq 10-12 saatadək davam edir.
Həmsöhbətimizin deyib ki, 7 saatlıq iş günü yüksək texnologiyanın tətbiq olunduğu ölkələrdə tətbiq edilir:
"İşçi 8 saata hasil etdiyini 4-5 saata hasil edə bilirsə, bu halda biznes üçün iş müddətinin qısaldılması faydalı olur. Bu halda sahibkar vəsaitlərə daha artıq qənaət etməklə xeyir götürür”.
Qeyd edək ki, bəzi ölkələrdə son zamanlar 8 saatlıq iş gününü 7 saatlıq iş günü ilə əvəzləmək məsələsi gündəmə gəlir. Belə ölkələrdən biri də Monteneqrodur. Bu ölkə artıq 7 saatlıq iş gününə keçidi elan edib. Bunu Monteneqronun əmək və əhalinin sosial müdafiəsi naziri Naida Nişiç deyib. Nazir ilin sonunadək ölkədə yeddi saatlıq iş gününün tətbiqi planlarını açıqlayıb.
Rüfət Sultan
Şərhlər