"Erməni tərəfi Alma-Ata bəyannaməsindən bir bəhanə kimi istifadə etmək niyyətindədir".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Bakının sülh müqaviləsi layihəsində Alma-Ata Bəyannaməsinə hələ də aydın və birmənalı istinad etməkdən çəkindiyi barədə fakta söykənməyən fikrini şərh edərkən deyib.
"Alma-Ata bəyannaməsi bir səhifəlik sənəddir. Orada adminstrativ sərhədlər ifadəsi yoxdur. Ümumiyyətlə, sərhədlərə aid göstərilir ki, dövlətlər arasındakı sərhədlərə hörmətlə yanaşılmalıdır. Amma 1989-cu ildən Ermənistan birtərəfli şəkildə adminstrativ sərhədləri ləğv edib. Deməli, hüquqi baxımdan danışıqlar üçün əsas yoxdur. Belədə hansısa prinsiplər ortaya çıxmalı və onun əsasında delimitasiya baş verməlidir. Azərbaycanın mövqeyi odur ki, sərhədin müxtəlif hissələrinə aid müxtəlif illərin xəritələri istifadə oluna bilər. Sovet dövrü 1920-1991-ci ilə qədər mövcud olub", deyə sabiq nazir bildirib.
Bu baxımdan həmsöhbətimizə görə, istənilən ilin xəritələri əsas götürülə bilər:
"Alma-Ata bəyannaməsində buna aid hansısa qadağa yoxdur. Amma Ermənistan istəyir ki, ona sərf edən hansısa variantı əsas götürsün. Sovet dönəmində Ermənistana böyük ərazilər, Zəngəzur, Göyçə mahalı verilmişdi".
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Əl-Cəzirə” telekanalına müsahibəsində sərhədlərin demarkasiyası və razılaşdırılmış digər prinsiplərin həyata keçirilməsində hər hansı maneənin olub-olmaması sualına cavabında deyib ki, Azərbaycan və Ermənistan liderləri Alma-Ata bəyannaməsi əsasında dəfələrlə bir-birinin ərazi bütövlüyünü tanısalar da, bununla belə, Azərbaycan sülh müqaviləsi layihəsində Alma-Ata Bəyannaməsinə hələ də aydın və birmənalı istinad etməkdən çəkindiyini görür.
Bu da onu göstərir ki, Ermənistan rəsmiləri ənənəsinə sadiq qalaraq sülh müqaviləsinin imzalanmasında ortaya çıxan maneələrə görə heç bir əsas olmadan əvvəlki tək Azərbaycanı günahkar qismində təqdim etməkdə davam edirlər.
Rüfət Sultan
Şərhlər