Amerikanın "Apple” şirkəti Kremlin yaxınlığındakı "Romanov Dvor” biznes mərkəzində Rusiya ofisini icarələməkdən imtina edəcək.
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bu barədə kommersiya daşınmaz əmlak bazarındakı iki mənbə
bildirib.
CORE.XP konsaltinq şirkətinin məlumatına görə, Apple ilk dəfə beş il əvvəl biznes mərkəzində 3,5 min kvadratmetrlik sahəni icarəyə götürüb. Sonra sahəsi 4,7 min kvadratmetrə qədər artırılıb. Qeyd olunur ki, 2020-ci ildə COVID-19 pandemiyası başlayandan bəri bu ofisdən tam istifadə olunmayıb.
Agentlik mənbələrinin məlumatına görə, icarəyə xitam vermək qərarı sentyabr ayında Rusiya Federasiyasında qismən səfərbərlik elan edildikdən sonra qəbul edilib, hazırda şirkət müqavilənin ləğvi şərtləri ilə bağlı danışıqlar aparır.
Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrinə əsasən, Apple Rus MMC-dən Romanov per., 4, bina 2 ünvanındakı binaların icarə müqaviləsi 2025-ci ilin yanvar ayına qədər qüvvədədir. Şirkətin icarəyə götürdüyü binalar Hollandiyanın "Alini Investments B.V.” şirkətinə məxsusdur. Alini Investments B.V.-yə məxsus olan Ararta Holding MMC-nin maliyyə hesabatlarına görə, 2021-ci ilin sonunda bu şirkətin benefisiarları Ruben Vardanyan və Sumbat Oqanov olub. Vardanyan sentyabrda Rusiya vətəndaşlığından imtina edib və daha sonra qondarma Dağlıq Qarabağın "dövlət naziri” təyin edilib.
Sentyabrın sonunda "Vedomosti” mənbələrə istinadən xəbər verib ki, "Apple” Rusiya ofisinin işçilərinin çoxunu Qırğızıstana, digər bir hissəsini isə Dubay və Londona yola salıb.
Rəsmi internet saytında "Romanov Dvor” biznes mərkəzinin icarəsi üçün təqdimatlarda əlaqələri qeyd olunan Pro FM şirkəti şərh verməkdən imtina edib.
Alpər
Şərhlər