Xəbər lenti

Ankara Vaşinqtonla anlaşır: Bundan sonra nələr olacaq?
Siyasət 21:26 11.03.2024

Ankara Vaşinqtonla anlaşır: Bundan sonra nələr olacaq?

"ABŞ anlayır ki, Cənubi Qafqaz regionundakı səyləri nəticə vermir. Odur ki, əvvəlki formata - Türkiyə ilə birgə işləməyə üstünlük verməyə başlayıb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Arif Əliyev deyib.

Ekspert bildirib ki, ABŞ və Türkiyə arasında uzun müddətdir dayandırılan danışıqlar mexanizmi yenidən işə salınıb:

"Amma bununla belə, Türkiyə ilə ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh razılaşmasına nail olmaq üçün birgə işləməyə razılıq vermələrinin hələ ki, elə bir dərin mənası yoxdur. Düşünmürəm ki, bu istiqamətdə konkret addımlar atıla bilsin". 
 


Həmsöhbətimizə görə, ABŞ qəbul edir ki, Türkiyənin bölgədəki rolu son illər xeyli artıb:

"Belə gedişat Vaşinqtonun maraqlarına cavab verir. Bu, ABŞ-a ilk növbədə ona görə lazımdır ki, onun Fransa ilə birgə Rusiyaya qarşı planları baş tutsun. Paris və Vaşinqtonun Rusiyanı zəiflətmək cəhdləri hələ ki, nəticə vermir. Bu mənada da onlar Türkiyənin üstünlüyünü görür və onunla hesablaşmalı olurlar. Digər tərəfdən, onlar başa düşürlər ki, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması həm də Türkiyədən də asılıdır. Çünki Ankaranın Bakıya təsiri güclüdür. Ermənistanda da belə bir anlaşma formalaşır ki, İrəvan sonrakı mövcudluğunu təmin etmək üçün mütləq Türkiyə ilə əlaqələri normallaşdırmalıdır".

Arif Əliyev qeyd edib ki, Vaşinqtonun yenidən Ankaraya marağının bərpası təkcə Cənubi Qafqazla bağlı deyil:

"Burada Suriya, Ukrayna, NATO, dəniz yolları məsələləri də var. Azərbaycanla Ermənistan arasında olan məsələdə Vaşinqtonla Ankaranın razılıq əldə etməsi daha asandır, nəinki yuxarıda sadaladığım digər problemlərdə. Ona görə də  ABŞ-la Türkiyənin sözügedən məsələdə birgə işləmələri sülh prosesinin sürətlənməsi yolunda müəyyən perspektivlər açır". 

Qeyd edək ki, Türkiyə-ABŞ Strateji Mexanizminin yeddinci iclası ilə bağlı bəyanat  yayılıb. Sənəddə deyilir ki, Türkiyə və ABŞ Ermənistan və Azərbaycan arasında sülh razılaşmasına nail olmaq üçün birgə işləməyə söz veriblər. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Hakan Fidan və Blinken Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinə nail olmaq üçün birgə  işləmək öhdəliyi götürüblər və belə bir razılaşmanın regional sabitliyə, əməkdaşlığa və rifaha töhfə verəcəyi barədə razılığa gəliblər”, - bəyanatda deyilir.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->