Xəbər lenti

Almaniya ABŞ-ın Rusiya aktivlərindən Ukrayna üçün istifadə planını dəstəklədi
Dünya 13:25 21.05.2024

Almaniya ABŞ-ın Rusiya aktivlərindən Ukrayna üçün istifadə planını dəstəklədi

Almaniya hökuməti ABŞ-ın Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirləri ilə Ukraynaya 50 milyard dollar yardımı dəstəkləmək üçün istifadə etmək planını dəstəkləməyə hazırdır.

Bu barədə Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir

Agentlik qeyd edir ki,  Almaniyanın razılığı Vaşinqton və onun müttəfiqlərini Kiyevə yeni əhəmiyyətli yardım paketi təqdim etməyə və noyabr seçkilərinin nəticələrindən asılı olmayaraq ABŞ-ın iştirakına zəmanət verməyə yaxınlaşdıracaq həlledici addım ola bilər.

ABŞ və Aİ rəsmiləri bildirirlər ki, ABŞ-ın təklifi dəstək qazanır və mayın 23-də İtaliyanın Stresa şəhərində keçiriləcək illik toplantısı üçün bir araya gələn G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri arasında danışıqlarda prioritet mövzu olacağı gözlənilir.

Anonim mənbələr bildiriblər ki, Almaniya rəsmiləri G7 liderlərinin 13-15 iyun tarixlərində görüşünə qədər hansısa yekun razılaşmanı, nə də gələn ilə qədər bunun həyata keçirilməsini gözləmirlər.

Dondurulmuş aktivlərin istifadəsi ABŞ seçkiləri ilə bağlı qeyri-müəyyənliyi nəzərə alaraq daha aktuallaşıb. Vaşinqtondakı siyasi parçalanmalar artıq prezident Co Baydenin Ukraynaya daha çox yardım göstərməsini çətinləşdirib və onun rəqibi, keçmiş prezident Donald Tramp Ukraynaya dəstək verəcəyinə şübhə ilə yanaşıb.

Rusiya aktivləri

G7 ölkələri 2022-ci ilin fevralında Ukraynaya müdaxiləyə cavab olaraq Rusiya Mərkəzi Bankının 280 milyard dollarlıq aktivlərini dondurub. Bu aktivlərin əksəriyyəti Avropada - Belçikanın Euroclear klirinq mərkəzində saxlanılır.

Aylardır ABŞ bu aktivlərdən Ukraynaya kömək etmək üçün istifadə etməyə çalışır. Seçimlər müxtəlifdir - pulun birbaşa müsadirə edilməsindən və Ukraynaya köçürülməsindən tutmuş istiqrazların buraxılması üçün onun sekyuritləşdirilməsinə və ya hansısa formada kreditin təmin edilməsi üçün istifadə edilməsinə qədər. 

Təkliflər bir sıra Avropa ölkələrində şübhə ilə qarşılanıb. Fransa və Almaniyanın başçılıq etdiyi hökumətlər bu cür addımların maliyyə sabitliyinə və avronun ehtiyat valyuta kimi cəlbediciliyinə, habelə onların qanuniliyinə təsiri ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Rəsmilər bildiriblər ki, ABŞ-ın son təklifi Avropa paytaxtlarında, o cümlədən Berlində daha müsbət qarşılanıb, çünki o, sadəcə olaraq, əsas məbləği müsadirə etmədən aktivlərin yaratdığı faizdən istifadə edəcək.

Aİ ölkələri artıq bu gəlirdən istifadə etməyə, ondan təxminən 100% vergi tutmağa və bu gəliri ildə iki dəfə Ukraynaya köçürməyə razılaşıblar. G7 razılaşması bu tənzimləməni əvəz edəcək.

ABŞ planı

Aktivlərin ildə təxminən 5 milyard avro qazanacağı gözlənilir. Müzakirə olunan təklifə əsasən, G7 müəyyən il ərzində nə qədər gəlir əldə edəcəyini hesablayacaq və bu məbləği əvvəlcədən Ukraynaya verəcək.

Yardım paketinin yekun məbləği ödəniş müddətindən və aktivlərin nə qədər hərəkətsiz qalmasından asılı olacaq, lakin rəsmilər bunun 50 milyard dollara qədər ola biləcəyini söyləyirlər. Rəsmilər bildiriblər ki, bu məbləği necə və kimin idarə edəcəyi hələ də müzakirə olunur.

ABŞ bütün G7 hökumətlərinin və ya qrupun ən azı bir hissəsinin avans kreditinin verilməsinə iştirak edəcəyinə ümid edir, lakin rəsmilər bildiriblər ki, Aİ-nin kifayət qədər öhdəlikləri nəzərə alınmaqla, həmçinin aktivlərin hərəkətsiz qalması və kreditin ödənilməsi şərtləri ilə Vaşinqton bütün krediti öz üzərinə götürməyə hazırdır.

Uzunmüddətli qeyri-müəyyənlik

Müharibə başa çatarsa və Rusiya Ukraynanın yenidən qurulması xərclərini ödəməyə razı olarsa, bu, aktivlərin dondurulmuş vəziyyətdə qalıb-qalmayacağı və kreditin ödənilməsi üçün hansı zəmanətlərin veriləcəyi ilə bağlı suallar doğuracaq.

Avropa Mərkəzi Bankı və Aİ-yə üzv dövlətlər də Euroclear-ı hər hansı maliyyə risklərindən, məsələn, Rusiya məhkəmələri və ya Moskvanın mümkün qisas almasından qorumaqdan narahatdırlar.

Üstəlik, Aİ razılaşmanı sanksiya kimi həyata keçirməyə məcbur olarsa, o, aktivlərinin dondurulmasını hər altı aydan bir yeniləməli ola bilər ki, bu da yekdillik tələb edir. Bu az ehtimal olunsa da, tək bir Aİ ölkəsinin aktivlərin dondurulmasının davam etdirilməsini əngəlləməklə kredit ödənişlərini sual altına qoya bilməsi riskini artırır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->