Aprelin 18-də Avropa İnsan Haqları Məhkəməsi rusiyalı müğənni Filipp Kirkorovun Litva hakimiyyətinin ölkəyə girişinə qadağa qoyulması qərarı ilə bağlı şikayətini qəbuledilməz elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə AİHM-in mətbuat xidməti məlumat yayıb.
AİHM Rusiya və Bolqarıstan vətəndaşlığı olan rusiyalı müğənni Filipp Kirkorovun Litva hakimiyyətinin 2021-ci ildə milli təhlükəsizlik səbəbi ilə Litvaya girişinə qadağa qoyulması qərarına qarşı şikayətini qəbuledilməz hesab edib. Bu qərar qətidir.
Məhkəmə qərara alıb ki, Litvanın qərarının həm milli, həm də Avropa qanunvericiliyinə əsasən legitim əsası var.
"Ümumilikdə, Məhkəmə belə qənaətə gəlib ki, iddiaçının ifadələri və hərəkətləri əsasında Litva hakimiyyətinin verdiyi qiymət özbaşına və ya əsassız deyil. Xüsusilə, iddiaçı Rusiyanın Krımla bağlı hərəkətlərini dəstəklədiyini açıq şəkildə söyləyib və özü haqqında səhnədə Vladimir Putinin nümayəndəsi olduğunu bildirib”, - kommünikedə qeyd edilir.
AİHM qərara alıb ki, işin materialları Kirkorovun qərara etiraz etdiyi Litva məhkəmələrinin faktları səhv qiymətləndirdiyini və ya qanunu qərəzli şəkildə tətbiq etdiyini düşünməyə əsas vermir. Məhkəmə Litva məhkəmələri ilə razılaşıb ki, rusiyalı müğənninin ölkəyə giriş qadağası qeyri-mütənasib deyil və nəzərə alıb ki, onun Aİ-yə üzv dövlətin (Bolqarıstan) vətəndaşı kimi hüquqları yalnız qismən məhdudlaşdırılıb - yaxın əlaqələri olmayan Litvaya giriş qadağası ilə.
Məhkəmə həmçinin qeyd edib ki, Kirkorov ləğv edilmiş konsertlərə görə dəyən zərərlə bağlı milli məhkəmələrə müraciət etmək imkanını hələ də tükəndirməyib.
Məhkəmə həmçinin qərarında nəzərə alıb ki, həm Litva Seymi, həm də Avropa Parlamenti Rusiyanın dezinformasiya və təbliğatının ifşa edilməsini zəruri hesab edir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə başlayandan sonra Kirkorova Estoniya və Latviya da daxil olmağa qadağa qoyub.
Nizami Bağırov
Şərhlər