Aİ və ABŞ səlahiyyətliləri Ukraynanı Rusiya ilə sülh danışıqlarında mövqeyini yumşaltmağa çağırır. Bunun müqabilində Kiyevə təhlükəsizlik zəmanəti və Aİ-yə qoşulma prosesinin başlanması təklif olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın "La Repubblica” qəzeti
yazır.
Nəşrin məlumatına görə, G7 ölkələri prezident Volodimir Zelenskinin Ukrayna üçün təklif etdiyi "sülh formulu” üzrə sammitin keçirilməsi ideyasını dəstəkləyib. Bununla belə, G7 şərtləri yumşaltmağı və onları Qlobal Cənub ölkələri - inkişaf etməkdə olan Afrika, Latın Amerikası və Asiya ölkələri üçün daha məqbul etməyi təklif edir.
G7-nin Kiyevə təklif etməyə hazır olduğu variantlardan biri artıq dekabrda keçiriləcək Aİ sammitində Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlardır.
"La Repubblica” yazır ki, Vaşinqton müharibənin başa çatmasını sürətləndirmək niyyətindədir, çünki Rusiya və Ukrayna arasında qarşıdurma ABŞ seçkiləri ərəfəsində problemə çevrilə bilər.
Xatırladaq ki, ötən ilin payızında Zelenski Ukraynadakı müharibənin sülh yolu ilə həlli planını açıqlayıb və bunu Ukraynanın "sülh formulası” adlandırıb. Əsas məqamlar arasında Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və hərbi əməliyyatların dayandırılması, BMT Nizamnaməsinin həyata keçirilməsi, ərazi bütövlüyünün və dünya nizamının bərpası, radiasiya və nüvə təhlükəsizliyi, müharibənin sonunun müəyyənləşdirilməsi və s.
Rusiya Ukraynanın sülh planını dəstəkləməyib. Münaqişənin həlli yalnız Kiyevin Aİ və NATO-ya üzv olmaqdan imtina etməsindən sonra mümkündür, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin bildirib. Bundan əlavə, diplomat Ukraynadan işğal olunmuş əraziləri Rusiya ərazisi kimi tanımasını tələb edib.
Nizami Bağırov
Şərhlər