Avropa İttifaqına üzv ölkələrin səfirləri Ukraynanın işğalına cavab olaraq Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Belçikanın Aİ Şurasının sədri kimi rəsmi nümayəndəliyi Twitter-də məlumat yayıb.
"Bu paket yeni məqsədyönlü tədbirlər təqdim edir və boşluqları aradan qaldırmaqla mövcud sanksiyaların təsirini maksimuma çatdırır", - məlumatda deyilir.
"EUobserver”in məlumatına görə, yeni sanksiyalar paketinə Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) daşınmasına, Rusiya neftinin nəqlinə və helium ixracına qadağalar, həmçinin ikili istifadə texnologiyalarına çıxışın məhdudlaşdırılması daxildir. Rusiyalı milyaderlər İqor Altuşkinə və Taymuraz Bolloyevə, İnternetin İnkişafı İnstitutunun baş direktoru Aleksey Qoreslavskiyə və müğənni Polina Qaqarinaya qarşı şəxsi sanksiyaların tətbiqi planlaşdırılır. Bolloyev, xüsusən də Danimarkanın "Carlsberg” holdinqinin Rusiya aktivlərini qanunsuz olaraq ələ keçirməkdə, Qaqarina isə Rusiyanın Ukrayna vilayətlərinin ilhaqını qeyd edən tədbirlərdə iştirak etməkdə ittiham olunur.
Yeni paketin iyunun 27-28-də Brüsseldə keçiriləcək Aİ sammitində qəbul ediləcəyi gözlənilir. Yeni sanksiyalarla bağlı razılaşma Almaniyanın mövqeyinə görə ləngiyib.
"Azadlıq radiosu”, "EUobserver” və "Reuters” xəbər verir ki, o, Avropa şirkətlərinin sanksiyaları pozan üçüncü ölkələrdəki törəmə və tərəfdaşlarına görə məsuliyyət daşımasına qarşı çıxıb. "Azadlıq radiosu”nun Avropa bürosunun jurnalisti Rikard Jozvyak iyunun 19-da bildirib ki, bu məsələdə kompromis əldə olunub.
Nizami Bağırov
Şərhlər