Avropa İttifaqı "Rusiyanın təcavüzünə" məruz qalan Ukraynaya dəstək məsələsində tərəfdaşlarla, o cümlədən Gürcüstanla sıx əməkdaşlıq etmək istəyir.
Qaynarinfo
xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrel bildirib.
Borrel cümə günü Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında deyib ki, Aİ "Ukraynanı lazım olduğu qədər dəstəkləyir və dəstəkləyəcək". "Biz və tərəfdaşlarımız Rusiyanı təcrid etmək üçün yaxından işləyirik və tətbiq edilən sanksiyalara əməl olunması məsələsində əməkdaşlığı alqışlayırıq”.
Borrel vurğulayıb ki, Gürcüstan Avropa İttifaqının tərəfdaşı kimi Rusiyaya qarşı tətbiq edilən sanksiyalara əməl olunması məsələsində də yaxından əməkdaşlıq etməlidir.
Aİ diplomatiyasının rəhbəri Rusiya ilə Gürcüstan arasında hava hərəkətinin bərpasından təəssüfləndiyini bildirib.
Eyni zamanda o qeyd edib ki, Gürcüstan və gürcü xalqı Avropaya inteqrasiya yolunda Avropa İttifaqının dəstəyinə arxalana bilər:
"Biz istəyirik ki, bu yolda uğur qazanasınız və biz də öz tərəfimizdən lazımi yardımı göstərəcəyik”.
Qaribaşvili öz növbəsində bildirib ki, Gürcüstan Ukraynanı narahat edən məsələlərdə Aİ və beynəlxalq ictimaiyyətin yanaşmalarını tam bölüşür. "Xatırlatmaq istərdim ki, Gürcüstan Ukraynanı dəstəkləyən 500-dən çox beynəlxalq qətnamə və bəyanata qoşulub", - Gürcüstanın baş naziri deyib.
Baş nazir bildirib ki, son aylar ərzində Gürcüstanın radikal müxalifəti və onun lobbiçiləri tərəfindən dezinformasiya kampaniyası aparılıb, ona görə sanksiyaya məruz qalan məhsulların Rusiyaya Gürcüstandan daxil olduğu iddia edilir. "Gürcüstana gələn Avropa İttifaqı, ABŞ və Böyük Britaniya nümayəndələri açıq şəkildə bildirdilər ki, gürcü tərəfi Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalara tam əməl edir”, – Qaribaşvili əlavə edib.
"Biz bir qədər əvvəl dəqiqləşdirdik ki, sanksiya altında olan heç bir Rusiya aviaşirkəti və heç bir təyyarə Gürcüstana uçuş etmir, ona görə də bu məsələdə təmiz və şəffaf davranırıq", - Gürcüstanın baş naziri deyib.
Onun sözlərinə görə, Gürcüstan son illər iqtisadi cəhətdən uğurla inkişaf edir. Qaribaşvili deyib: "Bizim birbaşa məsuliyyətimiz ölkəni qorumaq və gücləndirməkdir”.
Alpər
Şərhlər