"Twitter” sosial şəbəkəsi dezinformasiya ilə mübarizə üçün avqustun 25-dən qüvvəyə minəcək yeni qaydalara əməl etməsə, Avropa İttifaqında qadağan oluna bilər.
Qaynarinfo xəbər verir ki, bunu "Francetvinfo”nun efirində Fransanın rəqəmsal keçid və telekommunikasiya naziri Jan-Noel Barro
deyib.
"Twitter bizim qaydalarımıza uyğun gəlmədiyi təqdirdə Avropa İttifaqında qadağan olunacaq”, - deyə rəsmi bildirib.
Milyarder İlon Maska məxsus sosial şəbəkə 2018-ci ildə istifadəyə verilmiş onlayn dezinformasiyaya qarşı "düzgün təcrübə” Avropa kodeksindən çıxdığını elan edib.
Avqustun 25-dən etibarən Aİ-də platformaları dezinformasiya ilə mübarizə aparmağa məcbur etmək üçün nəzərdə tutulmuş Rəqəmsal Xidmətlər Aktı qüvvəyə minir. Bu, xüsusilə, qeyri-qanuni məzmunu silmək öhdəliyini və yetkinlik yaşına çatmayanlara yönəlmiş reklamın qadağan edilməsini təmin edir. Bu qaydalara əməl etməyən platformalar dövriyyənin 6%-ə qədər cərimə ilə üzləşirlər.
"Mən istəyirəm ki, Twitter avqustun 25-nə qədər bu Avropa qaydalarına əməl etsin, əks halda o, Avropada artıq arzuolunmaz olacaq. Təkrar pozuntu halında platforma Avropa İttifaqında qadağan olunacaq", - Barro əlavə edib.
Nazir etiraf edir ki, Twitter ictimai müzakirələrdə mühüm rol oynayır, lakin dezinformasiya demokratiya üçün təhlükələrdən biridir.
Nizami Bağırov
Şərhlər