Qaynarinfo "Deutsche Welle” saytının adlarını dəyişmiş ölkələrlə bağlı məqaləsini təqdim edir.
Türkiyə indi dünyanın onu "Turkey” yox, "Türkiye” adlandırmasını istəyir. Daha hansı ölkələr bu yaxınlarda adlarını dəyişib və niyə? Bəzən bu siyasət, başqa vaxtlar tarixdən qurtuluş, bəzən isə hətta marketinqdir.
Çərşənbə günü Birləşmiş Millətlər Təşkilatı ölkəyə istinad edildiyi zaman "Turkey”adının "Türkiye” adına dəyişdiriləcəyini açıqlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökuməti ötən ilin dekabrında ad dəyişikliyi ilə bağlı memorandum dərc edərkən "Türkiye” türk xalqının mədəniyyətinin, sivilizasiyasının və dəyərlərinin ən yaxşı təmsili və ifadəsidir” demişdi.
Rebrendinq Ərdoğanın ölkə adının quşla xoşagəlməz əlaqələndirilməsinə görə açıq-aşkar qıcıqlanması ilə bağlı ola bilər. Ölkənin geosiyasi rolu artdıqca, Türkiyənin daha çox imic şüuruna sahib olduğu bildirilir və Ərdoğanın ölkənin necə qəbul edildiyinə dair həssaslığı da onun millətçi meyilləri ilə əlaqələndirilir.
Yeri gəlmişkən, hinduşkalar (quş,) əslində öz adlarını Türkiyədən (ölkə) götürürlər, çünki əvvəlcə Türkiyə vasitəsilə Avropaya gətirilən qvineya quşu hinduşka toyuqları adlanırdı. Kolonistlər daha sonra bu adı Amerikadan olan daha böyük quşa da tətbiq etdilər.
Niderland (The Netherlands)
Niderland hökuməti də imicinin qeydinə qaldığı üçün Hollandiya adından imtina edib. 2020-ci ildən etibarən biznes liderləri, turizm şurası və mərkəzi hökumət hamısı ölkəni Niderland adlandırır.
İndi Şimali Hollandiya və Cənubi Hollandiya ölkədəki 12 əyalətdən yalnız ikisidir.
Bildirilir ki, ad dəyişikliyi Niderlandın paytaxtı Amsterdamın əcnəbilər üçün güclü cəlbedici amil olan narkotik istifadəsi və qanuni fahişəliklə əlaqələndirilməsindən uzaqlaşmaq üçün edilib.
Şimali Makedoniya
2019-cu ildə Makedoniya Respublikası (keçmiş Yuqoslaviya Makedoniya Respublikası kimi tanınıb) rəsmi olaraq Şimali Makedoniya Respublikası oldu. Bəzi başqa ölkə ad dəyişikliklərindən fərqli olaraq, bu işdə motivasiya siyasi idi.
Şimali Makedoniya NATO və AB-yə üzv olmaq niyyəti ilə Yunanıstanla münasibətləri yaxşılaşdırmağa çalışırdı. Yunanıstan uzun müddət Makedoniya adının qonşu ölkə üçün istifadə edilməsi ilə bağlı mübahisə edirdi, çünki bu, həm də Yunanıstandakı coğrafi bölgənin adıdır. Makedoniya həm də qədim yunan krallığı olub. Ad mübahisəsi hətta regionda qeyri-sabitliyə səbəb olub.
Yunanıstan Balkan ölkəsinin bu terminin bütün istifadəsindən imtina etməsini tələb edir və əvəzinə "Vardar Respublikası” və ya "Skopye Respublikası” adlarını təklif edirdi. Lakin uzun sürən danışıqlardan sonra rəsmi dilinin adı və vətəndaşları Makedon olaraq qalmaqla, ölkə adını Şimali Makedoniyaya dəyişdi.
Esvatini (Eswatini)
2018-ci ilin aprelində Kral III Msvati Svazilendin adını Esvatini olaraq dəyişdirib. Bu, hökmdarın ölkənin müstəmləkə keçmişindən xilas olmaq istəyini göstərirdi. Deyilənə görə, kral Svazilendin bəziləri tərəfindən İsveçrə (Switzerland) ilə çaşdırılmasından da narazı idi. Afrika ölkəsinin yaranmasının 50-ci ildönümündə elan edilən Esvatini - millətin müstəmləkəçilikdən əvvəlki adı - onların dilində "svazların ölkəsi" deməkdir.
Çexiya (Czechia)
Mərkəzi Avropa ölkəsi Çexiya Respublikasının adının dəyişdirilməsinin arxasında yenə də marketinq dayanır. 2016-cı ildə Çexiya hökuməti bu qısa versiyanı beynəlxalq kontekstlərdə tanıtmaq tövsiyəsi ilə birlikdə adını rəsmi olaraq Çexiya olaraq dəyişdirdi.
Fransanın rəsmi adı Fransa Respublikası olduğu kimi, Çexiya Respublikası da Çexiya ola bilər. Çexiya isə məhsullara əlavə etmək üçün daha asan addır.
AB, BMT və bəzi böyük şirkətlər onu Çexiya (Czechia) adlandırsalar da, bu ad beynəlxalq miqyasda kifayət qədər populyar deyil. Bəlkə də bir səbəb Çexiyanın Qafqazdakı Rusiyanın Çeçenistanı (Chechnya) ilə çox asanlıqla qarışdırıla bilməsidir.
2020-ci ildə Çexiyanın Baş naziri Andrej Babis The Wall Street Journal-a açıqlamasında Çexiya adını heç bəyənmədiyini deyib.
Kabo Verde (Cabo Verde)
Atlantik Okeanında, Seneqal sahillərindən təxminən 700 kilometr aralıda yerləşən bu ada dövləti 2013-cü ildə adının dəyişdirilməsi ilə bağlı rəsmi müraciət edib.
Əvvəllər Cape Verde adlanan və "yaşıl burun" mənasını verən orijinal Portuqalca "cabo verde" nin qismən ingilisləşdirilmiş versiyasıdır. Bu arxipelaq Afrika qitəsinin ən qərb nöqtəsindən bir qədər kənarda yerləşir.
Bu ad dəyişikliyinin arxasında praktiki səbəblər də var. O vaxtki mədəniyyət naziri ölkəsinin tərcüməyə ehtiyacı olmayan standart bir ad axtardığını deyirdi. O bildirmişdi ki, Kabo Verdenin günəş, dəniz və xoşbəxt insanlarla müsbət assosiasiya yaradacağına ümid edir.
Şri Lanka
Esvatini kimi Şri Lanka da müstəmləkə assosasiyasından qurtulmaq üçün adını dəyişdi.
Rəsmi ad dəyişikliyi 1972-ci ildə Britaniya idarəçiliyindən müstəqil olduqdan sonra edilsə də, Şri-Lanka köhnə müstəmləkə adı olan Seylonu rəsmi olaraq hökumətin istifadəsindən 2011-ci ildə yığışdırlıb.
Bununla belə, məşhur Seylon Çay etiketi qalıb.
Nurlan Hüseynov
Şərhlər