"Hazırda Zəngəzurda sülhməramlı statusunda hərbi qüvvələrin yerləşdirilməsinə zəmin yoxdur. Çünki Azərbaycanla Ermənistan arasında hər hansı bir müharibə getmir. Yalnız belə bir müharibə olacağı təqdirdə, həmin münaqişə fonunda Zəngəzurda sülhməramlılar yerləşə bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun "Facebook" səhifəsində yazdığı statusda Zəngəzur dəhlizində sülhməramlıların yerləşdirilə biləcəyi barədə verdiyi proqnoza münasibət bildirərkən deyib.
Politoloq düşünür ki, gələcəkdə Qərb, xüsusən də ABŞ və Fransanın hərbçilərindən ibarət sülhyaratma prosesindən söhbət gedə bilər:
"Qərb Rusiyanın regiondan, xüsusən də Ermənistandan sıxışdırılıb çıxarılmasını istəyir. İrəvan da bu amildən istifadə etməklə zaman qazanmaq üçün ATƏT-in Minsk qrupu kartını oynadır. Lakin bu məsələ o qədər də asan deyil. ABŞ və Fransa hələlik regionda mövcud deyillər. Burada məntiq də yoxdur. Ona görə ki, perspektivdə Zəngəzurda böyük bir müharibənin olacağını proqnozlaşdırmaq mümkün deyil”.
Ekspert qeyd edir ki, həmin ərazidə hazırda müharibənin alovlanması Moskvanın maraqları çərçivəsində deyil:
"Çünki müharibə olarsa, Azərbaycan Zəngəzurun itirilmiş qərb hissəsini rahatlıqla geri qaytaracaq. Bu isə öz növbəsində Rusiyanın əraziyə nəzarət imkanını tükədə bilər. 10 noyabr sənədinə görə isə Zəngəzur dəhlizi açıldığı halda, ona nəzarəti Moskva həyata keçirəcək. Yeni bir müharibə başlayacağı halda isə Rusiya üçün bu imkanlar olmayacaq”.
Ekspert sülhməramlı statusundan kənar olmaqla Zəngəzurda hərbi qüvvələrin yerləşdirilməsi ehtimalını isə istisna etmir:
"Bu qüvvələr isə Rusiya ola bilər. Artıq Rusiya Gümrüdəki hərbi bazasının müəyyən kontingentini Tovuz yaxınlığında Azərbaycan sərhədi boyunca yerləşdirilməyə başlayıb. Bu kontekstdə Rusiya Gümrüdəki kontingentin bir hissəsini Zəngəzurda da yerləşdirə bilər. Ancaq bu da problemlidir. Çünki ABŞ bunu istəməyəcək. Vaşinqton bu dəhlizdə öz varlığını təmin etməklə çalışır ki, İran, Rusiya, Türkiyə və Azərbaycan arasında fikir birliyini alt-üst etsin. Bu məsələdə hərəkətverici və zəif həlqə isə Ermənistandır. Ona görə də İrəvandan bərk yapışıblar”.
Rüfət Sultan
Şərhlər