Azərbaycan Kubokunun yarımfinal mərhələsi maraqlı və gərgin oyunlarla yadda qaldı. "Neftçi” səfərdə "Turan Tovuz”a məğlub olsa da, Bakıdakı qarşılaşmada 2 qolla qalib gəldi. "Qəbələ” "Səbail”i həm evdə, həm də səfərdə məğlub etməklə finala vəsiqə qazandı.
Yunis Hüseynov kubokun yarımfinalı ilə bağlı fikirlərini bildirib. Mütəxəssis Qaynarinfo-ya açıqlamasında finalın proqnozunu da verib:
"Neftçi” Tovuzda yaxşı oyun göstərməmişdi. "Turan Tovuz” əks-hücumlarla oynayan komandadır. Bundan istifadə edib istəklərinə çatdılar. "Neftçi”nin göstərdiyi oyun xoşuma gəlməmişdi. Bakıdakı oyunda "Turan Tovuz” yenə eyni üslubda oynadı. Öz şansını əks-hücumlarda axtardı. Sizə deyim ki, heç çox qol vəziyyətləri də yaranmamışdı. "Turan Tovuz” 10-11 nəfərlə müdafiə olunurdu, "Neftçi” isə cinahlardan hücumlar təşkil edirdi. Qollarla bağlı deyim ki, "Neftçi”nin birinci epizodunda ofsayd yox idi. Oyunçular oyundankənar vəziyyətdə deyildilər. Bu, hakimlərin fikri idi. Ancaq, məncə, oyundankənar vəziyyət deyildi. Fikrimcə, heç ikinci vəziyyətdə də cərimə zərbəsi yox idi. Bu yan hakimin gözünün qarşısında baş verdi. Düzdür, çiyin vasitəsilə itələmə vardı. Amma cərimə zərbəsi təyin olunacaq dərəcədə deyildi. İkinci qolda da hakimlər səhvə yol verdi”.
Hüseynov VAR sistemindən narazılığını bildirib və bunun futbolun gözəlliyini öldürdüyünü deyib:
"VAR sistemi futbolumuzu "söndürür”. Futbolumuzda sanki "dəymə mənə, dəyməyim sənə” prinsipi yaranıb. Açığı bu, mənim heç xoşuma gəlmir. Nə qədər olmasa da, sərt oyuna imkan verilməlidir. İndi nəinki səhv edəndə, futbolçular bir-birinə azca toxunan kimi, VAR-a baxıb cərimə zərbəsi təyin edirlər. Meydançada hakim varsa və qərarını verirsə, məncə, cərimə zərbələri üçün VAR-a baxmağa ehtiyac yoxdur. Düzdür, qol vəziyyətlərinə, oyundankənar durumlara baxmaq lazımdır. Yoxsa, meydanın mərkəzində cərimə zərbəsi olur, komanda qol vurur, beş dəqiqə sonra VAR-a baxıb qeydə almırlar. Belə hallar futbolun gözəlliyini itirir. "Neftçi”nin ikinci qolu zamanı da bu cür oldu. Qol vurulandan bir neçə dəqiqə sonra VAR-a baxıb qənaətə gəldilər ki, sən demə, filan yerdə qayda pozulubmuş. Sanki meydançada hakimin varlığı ikinci plana keçib. Məsələni VAR sistemi həll edir. Bu, zaman aparır, diqqət yetirmək lazımdır. Buna baxmayaraq, "Neftçi” iki qol vurub qələbə qazandı və finala çıxdı”.
Veteran futbolçu "Səbail” - "Qəbələ” matçı haqda da danışıb:
"Maraqlı oyun olmadı. Ancaq gərginlik vardı. Mənə elə gəlir, "Səbail” meydanda 10 nəfərlə qalandan sonra daha istəkli oynadı. "Səbail”ə qələbə lazım idi, amma başlanğıcda oyunu müdafiədən qururdular. Sonradan hücuma çox atıldılar və pis oynamadılar. Gərginlik yarandı, yenidən sarı və qırmızı vərəqələr olandan sonra oyunları istənilən səviyyədə alınmadı. "Qəbələ” layiqli qələbə qazandı. Hər iki komandaya uğurlar arzulayıram”.
"Neftçi” ilə qarşılaşmada qol buraxdıqdan sonra "Turan Tovuz”un qorxaq futbol oynadığını deyən Hüseynov buna ehtiyac olmadığını söylədi:
"Turan Tovuz”un taktikasını müzakirə etmək istəməzdim. Hər məşqçinin öz üslubu var. Amma mən heç vaxt müdafiə futbolunu sevməmişəm. Həmişə nəticə yadda qalır. Evdə 1:0 hesablı qələbə qazandıqları üçün, qol buraxandan sonra "Turan Tovuz” 11 nəfərlə müdafiə olunmağa başladı. Çünki məqsəd top buraxmamaq idi. 90 dəqiqə müdafiə olundular. Hansı taktikaya üstünlük vermək, qarşıdakı komandanın gücündən asılıdır. Əslində, belə baxanda, "Neftçi”də həyəcan daha çox olmalı idi. Şəxsi fikrimdir, qorxaq futbol oynamaq lazım deyildi. 11 nəfərlə müdafiədə oynamaq xoş təsir bağışlamır”.
Hüseynov kubokun finalı ilə bağlı proqnoz da verib:
"Gərgin oyun olacaq. Mənə elə gəlir "Neftçi” qələbə qazanacaq. Həm təcrübə, həm də oyun baxımından komanda "Qəbələ”ni üstələyir. "Qəbələ”ni həmişə oyununa görə tərifləmişəm. Amma "Səbail”lə oyunda xoşuma gəlmədi. Buna baxmayaraq, finala vəsiqə qazandılar. Final tam başqadır. Titul iki dənədir - ya çempion olmalı, ya da kuboku qazanmalısan. İstənilən halda "Neftçi”nin daha üstün olduğunu düşünürəm”.
Səbuhi Həsənov
Şərhlər