Azərbaycanın tanınmış mütəxəssislərindən olan Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində baş tutan "Qarabağ” - "Neftçi” matçı haqda fikirlərini bildirib.
O, Qaynarinfo-ya açıqlamasında "Neftçi”nin durumu ilə yanaşı, həm "Qarabağ”, həm də çempionluğa iddia edən "Sabah”ın çıxışına da toxunub.
"Maraqlı oyun keçdi. Havanın dumanlı olması bir az yaxşı deyildi. Azərbaycanda ildə 3-4 dənə belə oyun olur. Son zamanlarda "Neftçi”, "Qarabağ” və "Sabah”ı görürük. Əvvəllər belə oyunlar və komandalarımız çox idi. İndi barmaqla sayılası qədərdir. "Qarabağ” "Gent”lə oyundan sonra yorğun idi. Gərginlik var idi. Çünki "Qarabağ” o komandanı keçəcək gücdə idi. Bir az da bəxt amili üzlərinə gülmədi. Penaltilər lotoreya kimidir. İstifadə edə bilmədilər. "Qarabağ”da həm psixoloji, həm də fiziki cəhətdən gərginlik var idi. "Neftçi” bundan istifadə edib qalib gələ bilərdi. Mən də "Neftçi”nin qələbəsini istəyirdim. Həmişə bu komandanın çempionluğunu istədiyimi demişəm. Hər iki komandanın imkanları oldu. Xüsusən də ikinci hissənin sonlarında "Qarabağ” hesabı artıra bilərdi. Fikrimcə, oyun bərabər səviyyədə keçdiyi üçün, hesab da buna uyğun oldu. Çempionat başlayandan 4-5 tur sonra demişdim ki, "Qarabağ” çempion olacaq. Hazırda bu komanda ilə ayaqlaşacaq rəqib yoxdur. Bu nöqteyi-nəzərdən fikrimdə qalıram. Düzdür, "Sabah” özünü yaxşı tərəfdən göstərir ki, ikinci yerdədir. Amma bununla belə "Qarabağ”a çata bilməyəcəyini düşünürəm. Çünki onlarla ayaqlaşası gücdə deyil”, deyə Yunis Hüseynov bildirib.
Mütəxəssis "Sabah”ın qeyri-sabit mübarizə apardığını da vurğuladı:
"Neftçi”nin ikinci yer uğrunda şansı var. Bunun üçün "Sabah”la mübarizə aparmalıdır. "Sabah”ın oyunlarına baxdım. Son vaxtlar yaxşı təsir bağışlamadı. Bilirsiniz ki, aşağı pillələrdə gedən rəqiblərə "Turan Tovuz”a və "Şamaxı”ya uduzdu. Ümumiyyətlə "Sabah” stabil deyil. Baxmayaraq ki, arada yaxşı oyunları olur. Çempion olmaq istəyən həmişə aşağı pillələrdə gedən rəqibləri mütləq şəkildə həm evdə, həm də səfərdə udmalıdır. O zaman çempionluğa oynaya bilərsən. Bəzi futbolçular aşağı pillələrdə gedən komandalarla oyuda özünü toparlaya bilmir, istər-istəməz boşluqlar yaranır. Düşünür ki, onsuz da sonuncu yerdə gedir və udacaqlar. Bu da əks təsir göstərir. Hər komanda çempion olmaq istəyər. "Sabah”da stabillik görmədim. "Neftçi” qələbələr qazandı, ikinci yer üçün şansı var. Düşünürəm ki, elə ikinci yeri "Neftçi” tutacaq”.
Vaxtilə çıxış etdiyi "Neftçi”dəki çatışmazlıqlar haqqında suala Hüseynov belə cavab verdi:
"Stabillik çatmır. Həmişə demişəm, komandanın həm yaxşı oynamasını, həm də qalib gəlməsini istəyirəm. Arzum budur. Baxımlı oyun, komandada liderlik görmürəm. Həmişə Emin Mahmudovu nümunə göstərirəm. O, meydançaya çıxanda gücü nəyə çatırsa edir. Amma əksər futbolçularda bu, bir oyundan bir olur. Bu mənada çatışmazlıqlar var. Bir də son vaxtlar görürəm ki, baş məşqçi futolçuların hansını əvəzləyirsə, o, narazı şəkildə meydandan çıxır. Xoşagələn hal deyil. Baş məşqçi kimi əvəzləyirsə, deməli, belə məsləhətdir. Futbolçu qeyri-etik hərəkət etməməlidir. "Neftçi”də bunu ələləxsus etmək olmaz. Futbolçular bilməlidir ki, hansı klubda oynayırlar”.
Keçmiş futbolçu matçın sonlarına yaxın meydana buraxılan, ancaq 90+1-də əvəzlənən gənc İsmayıl Zülfüqarlı ilə bağlı baş məşqçinin addımını qınadı:
"Səhv etmirəmsə baş məşqçi ikinci dəfədir Zülfüqarlı ilə bağlı belə addım atdı. Gənc, istəkli futbolçudur. Birinci dəfə əvəzlənəndə deyəsən divara təpik vurmuşdu. Bunu yanlış hərəkət kimi qiymətləndirdim. Ola bilər, həmin vaxt nədəsə səhv etmişdi deyə əvəzlənmişdi. Amma bu dəfə 90+1-ci dəqiqədə əvəzlədi. Onu dəyişdirməkdə hansı məqsəd daşıdığını bilmirəm. Qələbə qazanmaq istəyirsənsə, başqa oyunçunu da dəyişmək mümkün idi. Düzdür, bu, baş məşqçinin səlahiyyətindədir. Ancaq nəyə əsaslandığını, hansı məqsədə qulluq etdiyini dəqiq deyə bilmərəm. Oyunun bitməsinə 3 dəqiqə qalıb, bu əvəzetmənin nə mənası var idi? Bu, İsmayıla zərbədir. İlk dəfəki durumu anlamaq olar. Amma bu dəfə düşünürəm ki, baş məşqçinin yanlış hərəkətə yol verdi. Guya 2-3 dəqiqə meydançada olsaydı, kimsə onun səhvindən qol vuracaqdı? "Neftçi”də mənasız şeylər çoxdur, amma bu haqda danışmaq istəməzdim”.
Maraqlıdır komandada baş məşqçi dəyişikliyinə ehtiyac varmı? Yunis Hüseyov bu suala belə cavab verib:
"Açığı, Regekampf gələndən dəyişiklik görməmişəm. Legioner məşqçidir. Bizim kimi yerli mütəxəssis deyil ki, 6 aydan sonra vəzifəsindən çıxaranda dərinə getsin. Əslində, biz dərinə getməməkdə çox səhvlər edirik. Ona görə də yerliləri ürəkləri istəyən vaxt çıxarırlar, iki aylıq maaşını da verib yola salırlar. Regekampfı vəzifəsindən çıxarsalar pulunu ödəməlidirlər. Baş məşqçi çempionluğa layiq komanda formalaşdıra bilməyib. Son vaxtlar bəzi insanlar var ki, çıxışlar edirlər. Onlara baxanda çox əsəbiləşirəm. Özlərini elə aparırlar ki, guya Azərbaycanda futbolu bilən iki ən yaxşı mütəxəssisdən biri bunlardır. Belə olmamalıdır. "Neftçi”yə əvvəlki illərə nisbətən, son vaxtlar səviyyəli legionerlər gəlmir. Baxın, "Qarabağ”a gələn legionerlər kömək edir. Həm Avropada, həm də ölkə çempionatında özlərini yaxşı tərəfdən göstərirlər. "Neftçi”də isə belə deyil. Biri gəlir, digəri gedir və əfsuslar olsun ki, özlərini göstərə bilmirlər. Legioner seçimində də səhvlər var. Bu mənada axsayırlar. Yerli mütəxəssisləri isə özümüzünkülər çox vaxt pisləyirlər. Bu yaxınlarda mənim də adımı çəkmişdilər. Onlara "ayıb olsun” demək istəyirəm. Onlara yaraşdırmadım. Mənim aidiyyatım olmayan yerdə, adımın çəkilməsi düz deyil. 2 ildir işləmirəm. Amma Yunis Hüseynovun savadı, bacarığı var. Heç kimdən geri qalmır. Sadəcə, çox deyil, heç olmasa klublarda 1 il şans vermək lazım idi. Bu şansı mən yalnız "Karvan”da görmüşəm. İşlədiyim klublardakı problemləri açıb töksəm, düz olmaz. Baxmayaraq ki, indi bəziləri hər şeyi açıb danışır. Komandanın daxilində olanlar, elə orada da qalmalıdır”.
Səbuhi Həsənov
Şərhlər