Xəbər lenti

Yunis Hüseynov: “Bizimkilər Avropa çempionu olduqdan sonra...”
İdman 17:40 02.11.2023

Yunis Hüseynov: “Bizimkilər Avropa çempionu olduqdan sonra...”

Minifutbol üzrə millimiz dünya çempionatında uğurlu çıxışını davam etdirir. Ötən gün 1/8  final mərhələsində Portuqaliyanı məğlubiyyətə uğradan komandamızın növbəti rəqibi Bolqarıstan olacaq. 

Əslində, futbol ictimaiyyəti belə uğurları neçə illərdir əsas yığmamızdan gözləyir. Ancaq hələlik bu istəyə çatmağımız yaxın illər ərzində belə imkansız görünür. Lakin qısa müddətdə yaradılan minifutbol üzrə yığma artıq adından söz etdirməyə başlayıb. Ötən il Avropa çempionluğunu qazanan futbolçularımız bu dəfə dünyanın ən yaxşısı olmağa doğru əmin addımlarla irəliləməkdədir. 

Qısa müddətdə yaradılmasına baxmayaraq, heyəti sabiq milli üzvlərindən formalaşan minifutbol komandamızın bu uğurlarını hazırda Canni De Byazinin rəhbərlik etdiyi əsas yığmanın da nə vaxtsa təkrarlaması perspektivi varmı? Ümumiyyətlə bu iki yığmanı hansı cəhətdən müqayisə etmək olar?

Bu kimi suallara Azərbaycanın tanınmış veteran futbolçusu Yunis Hüseynov cavab verib. Qaynarinfo-ya açıqlamasında mütəxəssis həm müqayisənin mümkün olub-olmadığı, həm də nəticələrlə bağlı fikirilərini bölüşüb.

"Minifutbolla böyük futbolu müqayisə etmək düzgün olmaz. Açığı, minifutbol yığmamızın rəqiblərinin heyətində kimlərin oynadığını dəqiq bilmirəm. Amma böyük futbol və minifutbol tam başqadır. Səhv etmirəmsə, minifutbol yenidir. Bizimkilər Avropa çempionu olduqdan sonra anladım ki, ölkədə minifutbol son vaxtlar inkişafdadır. Əvvəllər minifutbol deyəndə, biz futzal başa düşürdük. İndi görürük ki, Azərbaycanda belə bir futbol növü də inkişafdadır. Yığmamız Avropa çempionu olub, uğurlar arzu edirik. Təki dünya çempionu da olsunlar. Amma müqayisə edə bilmərəm. Mən minifutbol oynamamışam. Daha doğrusu, həvəskar kimi oynamışam. Bu səbəbədən minifutbolla bağlı anlayışım yoxdur. Lakin xoşuma gələn oyundur. Hamı minifutbolu sevir və oynayır. Həm də rəqiblərin heyətində kimlərin oynadığını bilmirəm, ölkələrin adlarına baxıb, nəsə fikir bildirmək də düz olmur. Çünki ölkələrin adları ilə futbol oynanılmır. Amma Portuqaliyanın elə də zəif rəqib olduğuna inanmıram”.

"Minifutbolun inkişafı Azərbaycan futboluna nə verə bilər” sualına Hüseynov belə cavab verib:

"Minifutbol oynamağa öyrəşən futbolçular başqadır. Düzdür, əvvəllər kiçik futboldan böyük futbola gələn oyunçularımız olub. Amma çox az sayda. Hansı ki, onlar futzalı böyük futboldan daha yaxşı oynayıblar. Yaxşı futbolçularımız olub. İndi görürəm ki, minifutbolda da yaxşı oyunçularımız var. Oynayanların bəziləri mənim tələbələrimdir. Keçmiş futbolçulara minifutbol oynamaq daha xoş gəlir”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->