Amerikalı tarixçi, Yel Universitetinin professoru, 53 yaşlı Timoti Snayder Şərqi Avropa tarixi üzrə aparıcı Qərb mütəxəssisidir. Avqustun sonunda o, müasir Ukraynanın formalaşması ilə bağlı mühazirələr kursu keçirdi. Onların bir çox aspektlərdən maraqlı olması səbəbindən Qaynarinfo bu materialları təqdim edir. Aşağıda kursun ilk - giriş mühazirəsidir:
Tarix haqqında düşüncə tərzimiz müasir dövrün ortaya qoyduğu məsələlərə və suallara uyğundur. Deməyəcəyəm ki, bu kursun məqsədi Rusiyanın Ukraynaya qarşı müharibəsini mənalı etməkdir. Mən sizə deyəcəyəm ki, müharibə geri qayıtmaq və bu tarixi başa düşmək üçün bir bəhanədir.
Gəlin olduğumuz yerdən başlayaq
İndi Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində hücuma keçir. Xerson maraqlı bir addır, slavyan adı deyil. Xerson Krım yarımadasında qədim yunan yaşayış məntəqəsinin adını daşıyır. Xersones adlanan qədim yunan şəhəri Sevastopolun ətrafında yerləşir. Sevastopol 2014-cü ildə Rusiya tərəfindən işğal edilmiş Ukrayna və Krımın lap cənubunda yerləşən ərazinin bir hissəsidir.
Ekzotik və sirli görünən bu şəhər adları bizi bilinən və başa düşülən bir tarixə qaytarır. Mövcudluğun davamlı sənədləşdirilməsi baxımından yunanlar, yəhudilərlə birlikdə, orada ən uzun müddət yaşayanlardır. Sənədlərə görə, yəhudilər və yunanlar Ukraynanın ən qədim sakinləridir. Bu onu deməyə əsas verir ki, yunan və ya yəhudi tərəfdən gələn klassik tarixin məlum olan konsepsiyaların tətbiqi Ukraynada faydalı olacaq. Hazırda döyüşlərin getdiyi ərazilər Qədim Yunanıstan dünyasının, sonra uzun müddət Osmanlı dünyasının bir hissəsi olub, lakin bu ərazilərin cənubu Kiyev Rus dövlətinin tərkibində olmayıb.
988-ci ilin vikinqləri
Bu bölgədə ilk sənədləşdirilmiş dövlət olan Kiyev Rusun erkən tarixinin meydana çıxacağı ox şimal-cənub oxudur. Bu, Avropa tarixində böyük bir mövzu olan vikinqlərlə bağlıdır. Vikinqlər dövrü 8-ci əsrdə başlayır. 988-ci ildə vəftiz olunan vikinqin adı Valdemar (ukraynca Volodimir, rusca Vladimir) olub.
O, rus və ya ukraynalı deyil, vikinq idi, çünki o vaxt Rusiya və Ukrayna mövcud olmayıb. Putin indi bu müharibəni Ukraynada başlayır və onun məntiqinin bir hissəsi belədir ki, Rusiya və Ukrayna həmişə bir xalq olub, çünki vikinqlər min il əvvəl vəftiz olunublar. Bu, inandırıcı olmayan tarixi arqumentdir.
Əgər diktator sizə deyirsə ki, kimsə min il əvvəl vəftiz olunub, bu o demək deyil ki, sizin millətiniz onun millətidir. Millət, tanımadığınız insanlarla həmrəyliklə xarakterizə olunan müasir tarixi quruluşdur. Millət müəyyən bərabərlik anlayışını da nəzərdə tutur. Biz bir millətin üzvləri kimi bərabərik. Bu nə qədim, nə də orta əsrlər dünyasında olmayıb.
Putinin ideyası ondan ibarətdir ki, Kiyev 988-ci ildə vəftiz olunduqdan sonra tarixin qalan hissəsi əvvəlcədən müəyyən edilib və yanlış gedən hər şey yaddır, yatırılmalıdır, sonra isə tarixi eynilik yaranır. Və bu, təkcə Rusiya və Ukrayna olması ilə bağlı deyil. Rusiya və Ukrayna bir millət olaraq 988-ci ildə mövcud olmayıb. "Tarixi eynilik” deyə bir şey yoxdur.
Tarix eyniliklə əlaqəli deyil. Ola bilsin ki, nə vaxtsa hansısa eynilik olub, amma bu, tarixidirsə, o zaman dəyişəcək. Tarix davamlılığın dəyişməsi və gözlənilməzlik deməkdir. Bu, gözləmədiyiniz şeylər haqqındadır və mübahisəli görünə bilər. Kiyevdəki vəftizlə bağlı Putinin versiyasını misal gətirən bir hekayəniz varsa, bu, hər şeyin həmişə statik olması haqqında bir hekayədir. Buna görə vəftiz çox cəlbedicidir. Vəftiz təmizlənmədir, başlanğıcdır və buna görə də Putinin hekayəsində bu qədər cəlbedici obrazdır. Vəftiz bizə əvvəllər baş verən hər şeyi unutmağa imkan verir. Bu müxtəliflikdən qurtulmağın bir yoludur. Mənşəyindən məhrum edir. O, yeniliyi oğurlayır. Bütün maraqlı olanlardan məhrum edir.
Ukrayna ilə bağlı maraqlı məqam ondan ibarətdir ki, ölkə təmizlik mifinin bir hissəsi olmaq əvəzinə, əslində Avropa tarixinin əsas mövzularını və dünya tarixinin bəzi əsas mövzularını çox gərgin formada təcəssüm etdirir. Ukrayna coğrafiyasının nəticəsi olaraq, Avropa tarixinin bütün mövzuları Ukrayna tarixində, məsələn, vikinqlər kimi daha maraqlı formada görünür. Kiyev vikinqlər dövrünün yeganə maraqlı və qalıcı mirası ola bilər. İndi Kiyevin fotolarına baxanda siz hələ də vikinq sivilizasiyasının mirası olan Müqəddəs Sofyanı görürsünüz. Bu, xristianlığı qəbul edən vikinqlərin mirasıdır.
Biz Ukraynanı nəinki xristian tarixinin əsas mərkəzi kimi təyin etməliyik. Ukrayna müsəlman, yəhudi və xristian sivilizasiyasının mərkəzidir, onu maraqlı, diqqətəlayiq edən cəhətlərdən biri də budur.
Kiyev Rus dövləti
Tarix Kiyevdə qarşılaşan və nəyinsə başlanğıc səbəbi olan böyük şimal və cənub inkişafı ilə başlayır. Qurulmuş dövlət Rus və ya Kiyev Rus adlanır. Lakin sözügedən ərazilər Litva Böyük Hersoqluğu, Polşa və Osmanlı İmperiyası kimi digər qurumlar tərəfindən də idarə olunacaq.
Ukrayna-Rusiya müharibəsinin arqumenti odur ki, ukraynalılar əslində kim olduqlarını bilmirlər. Onlar Polşa, Litva, Habsburq və ya Amerika təbliğatı ilə "zəhərləniblər”. Və ya bəlkə də Avropa İttifaqının təbliğatı ilə. Onlar əslində kim olduqlarını bilmirlər. Ona görə də onların kim olduğunu başa düşmək üçün bütün bu "süni” şeylərdən yaxa qurtarmaq lazımdır.
Doğrudanmı ukraynalıların əslində kim olduqlarını anlamaları üçün bu qədər zorakılıqdan istifadə etmək lazımdırmı? Və hər şeyə bu şəkildə baxsanız, müharibə müəyyən məna alır. Məsələ bunun pis tarix olmasında deyil, doğru tarix olmasındadır. Məsələ burasındadır ki, pis tarix və ya daha yaxşısı mif və ya siyasi yaddaş adlandırıla bilən şey tarixin həqiqətən nəcə ola biləcəyini görmək üçün əsas verir.
Ən bariz şeylər çox vaxt qavranılması ən çətin olanlardır. Tarix aşkar olanı götürmə üsuludur, çünki o, eyni zamanda onu çoxlu müxtəlif rakurslardan göstərir, sonra isə aşkar aşkar olunur. Ukrayna mərkəzi saydığımız bir çox hadisələrin mütləq mərkəzindədir. O, tamamilə Birinci Dünya müharibəsinin mərkəzindədir. O, tamamilə İkinci Dünya müharibəsinin ortasındadır. O, tamamilə Stalin terrorunun mərkəzindədir. O, tamamilə Holokostun mərkəzindədir. O, tamamilə Sovet İttifaqının dağılmasının mərkəzindədir.
Ukrayna böyük tarixi hadisələrin mərkəzindədir - təkcə qədim və orta əsrlərin deyil, həm də müasir dövrün. İnkişafın mərkəzində olması onu görməyi və fərq etməyi çətinləşdirir. Amma əsasən Avropa tarixində baş verən hər şey Ukrayna tarixində baş verir, yalnız bir az daha intensiv, bəzən isə bir az daha əvvəl.
Ukraynalıların Rusiyanın işğalına müqavimət göstərə bilməsi onu deməyə əsas verir ki, millət və ya vətəndaş cəmiyyəti artıq nəzərəçarpacaq dərəcədə möhkəmlənib. Biz amerikalıların Ukraynanın üç gündən sonra dağılacağını düşünməyimiz yerin özündən çox, bu yer haqqında yanlış anlamamızdan xəbər verir.
"Putin bu işğalla Ukraynanı birləşdirdi” və bu doğru fikirdir, müharibə olmasaydı, bu qədər həmrəylik də olmazdı. Amma "Putin Ukraynanı işğal etməklə yenidən yaratdı" fikri gülüncdür. Çox yerləri işğal edə bilərsiniz, lakin bu o demək deyil ki, onlar millət kimi mövcud olmağa başlayırlar. Jurnalistlərin "Çox yaxşı, Ukrayna ona görə var ki, Putin var” deyərək atdıqları bu addım Putin haqqında danışmağa davam etməkdən başqa bir şey deyil.
Soyqırım
Hüquqşünas və pedaqoq Rafael Lemkin "soyqırım” sözünü bir xalqın mövcudluğunu fərz edərək ortaya atıb, çünki soyqırım bir xalqın qəsdən məhv edilməsidir. Bu 20-ci əsrin dizaynıdır. Soyqırım millətin antipodudur. Bu müharibə heyrətamiz bir soyqırımdır. Çox nadir hallarda müharibənin təşəbbüskarları əvvəlcə deyirlər ki, müharibənin məqsədi başqa xalqı məhv etməkdir. Məqsəd bu ola bilər, amma bu müharibədə olduğu kimi bunu açıq elan etmək olduqca qeyri-adidir. Bu da soyqırımın əsas hissəsidir.
Mariupolda yüz min ölüdə soyqırımın praktiki hissəsini aşkar etmək çox asandır. Deportasiya edilmiş üç milyon ukraynalı, o cümlədən 250 min uşaq, işğal olunmuş ərazilərdə yerli elitalar tərəfindən sistematik zorlama və qətl kampaniyasında zorla rus mədəniyyətinə assimilyasiya edilməli idi. Millətlərin özlərini xatırlaması üsulu olan nəşriyyatları, kitabxanaları və arxivləri məhv etmək üçün sistematik cəhdlərlə assimilyasiyası.
Bu müharibənin soyqırım aspekti var və mövzu kimi yadda qalmalıdır. Bu soyqırım konsepsiyası, müasir olmasına baxmayaraq, bizi müstəmləkəçilik və başqa insanların tanınması və ya tanınmaması məsələlərinə qaytarır. Ukrayna milləti necə olub və hazırda necədir? Bu, təkcə Ukrayna ilə bağlı deyil, həm də Ukrayna millətinin mövcudluğu ilə bağlı maraqlı sualdır. Niyə məhz 1933-cü ildə Sovet İttifaqındakı aclıq Ukraynada olub? Niyə Hitler Ukraynanın Lebensraum (yaşayış yeri - red.) üçün yaxşı yer olacağını düşünürdü? Brejnevin assimilyasiya siyasəti niyə 1970-ci illərdə konkret olaraq Ukraynaya tətbiq olundu? Əsrlər və onilliklər boyu onu sıx müstəmləkə təzyiqinin mərkəzinə qoyan bu yerdə nə var belə? Ukrayna qaranlığın ürəyidir, o mənada ki, bütün bu hadisələri özünə çəkir.
Nizami Bağırov
Şərhlər