Xəbər lenti

Yeni qanun siyasi sistemimizin uğuru kimi qiymətləndirilməlidir - Deputat
Siyasət 17:40 27.10.2022

Yeni qanun siyasi sistemimizin uğuru kimi qiymətləndirilməlidir - Deputat

""Siyasi Partiyalar haqqında” Qanun layihəsinin Milli Məclisdə müzakirə edilməsi demokratiya tariximizdə yeni bir hadisədir”.
 
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib:
 
"İlk dəfədir ki, siyasi partiyaların əksəriyyətinin iştirakı ilə belə mühüm kütləvi tədbir baş tutur. İndiyədək heç vaxt Azərbaycanın siyasi palitrasının demək olar ki, bütün rənglərinin qatıldığı bir formatda belə kütləvi müzakirə olmayıb. Hazırki siyasi sistemimiz ötən əsrin 90-cı illərində əsası qoyulan və formalaşan siyasi sistemdir. Siyasi partiyalar haqqında mövcud qanun da 1992-ci ildə qəbul edilən qanundur. İndiki mərhələdə isə kordinal şəkildə dəyişən şərtlər var. Bu istər siyasi sistemimizi təyin edən əsas faktorlar, istərsə də demokratiyanın inkişafının hazırki vəziyyəti ilə bağlı olan faktorlarla əlaqədəradır. Məsələn, müstəqilliyimizin ilk illərində siyasi mübarizə, siyasi rəqabət və siyasi münasibətlər sistemi də ərazi bütövlüyümüz və keçmiş Qarabağ problemi kontekstində formalaşırdı. Bu faktorlar daima sosial-siyasi münasibətləri təzyiq altında saxlayır, demokratik inkişafımızın obyektiv əsaslarda formalaşmasına təsir edirdi”. 
 
Deputat bildirib ki, hazırda isə həm ölkəmizdə həyata keçirilən dərin siyasi islahatlar, həm də Vətən müharibəsindən sonra əldə etdiyimiz tarixi qələbəmiz kontekstində siyasi münasibətlər sisteminin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması zərurəti yaranıb:
 
"Bu isə şübhəsiz ki , yeni hüquqi əsaslarda , daha demokratik qanunlarla tənzimlənməlidir. Müzakirələr zamanı bəlli oldu ki , qanun layihəsinə 47 siyasi partiyadan 250-dən çox təklif daxil olub. Eyni zamanda 11 parlament partiyasının təşəbbüsü və Milli Məclis sədrinin dəstəyi ilə yeni qanun layihəsi ərsəyə gəlib. Bu isə o deməkdir ki, qanun layihəsinin həmmüəllifləri elə 47 siyasi partiya, yaxud onların təmsilçiləridir. Ona görə də siyasi partiyalar haqqında qanun layihəsi növbəti müzakirələrdə daha da cilalanmaqla , təkmilləşməklə siyasi sistemin daha da inkişaf etməsinə səbəb olacaq bir qanuna çeviriləcək. Bu isə bütün siyasi sistemimizin uğuru kimi qiymətləndirilməlidir”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->