Xəbər lenti

XXI əsrin ən önəmli hadisəsi - Türk Dünyasının yenidən şəkillənməsi...
Siyasət 14:45 17.04.2023

XXI əsrin ən önəmli hadisəsi - Türk Dünyasının yenidən şəkillənməsi...

Bu günlərdə Tatarstan və Başqırdıstan türklərinin bir-birini tanıması ilə bağlı ciddi bir memorandum imzalanıb. Xeyli müddətdir, gizli-açıq müzakirəsi gedən bu vacib məsələnin gündəmə gəlməsi ciddi bir prosesin başlanğıcı sayıla bilər.

Bu üzdən Gənc Dostlarım üçün bəzi bilgilərimizi və düşüncələrimizi paylaşmaq qərarına gəldim. 

Gənc dostlar, yazdığımı oxumanız və bilməniz vacibdir. Çünki 200 ildir, bizim coğrafiyamızda bütün bəlalarımızın səbəbkarı olan rus sömürgə sisteminin törətdiklərini dərindən bilməniz sizin bu gün əsas işiniz olmalıdır.

Nəinki Cənubi Qafqaz türklərinin, Orta Asiya, Şimali Qafqaz və Volqaboyunda yaşayan türk xalqlarının da həyatına müdaxilə edib, öz nüfuz dairəsində saxlamaqla, Türk Dünyasının inteqrasiyasının, inkişafının qarşısını almaqla bizim bir millət olaraq qurduğumuz dövlətin və ya dövlətlərin daim Rusiya təsirində qalmasına çalışırlar.
 
İndiki Rusiya ərazisindəki türk xalqlarının başına gətirilənləri və gələcəkdə Türk Dünyası dövlətlərinin güclənməsində bu xalqların oynayacaqları rolları öyrənməniz şərtdir.

Qardaş tatar və başqırd xalqlarının yaşadığı iki respublikanın birləşdirilməsi təşəbbüsü heç də yeni deyil. Hələ bir neçə il qabaq Başqırdıstanın bir hissəsini Tatarıstana birləşdirmək ideyası ilə Ümumtatar İctimai Mərkəzi çıxış etmişdi. Sevindirici haldır ki, proses artıq real planda həyata keçirilməyə başlayıb. 

Biz tarixdən çox yaxşı xatırlayırıq ki, hələ 1918-ci ildə yaranması an məsələsi olan İdel-Ural dövləti və Tatar-Başqırd Respublikası bu günün işi deyil. Tatarların və başqırdların dövlət quran kişilərindən Sədri Maqsudi və Qayaz İsxakinin adını xüsusi vurğulamalıyıq. Volqaboyu və Uralda milli-ərazi muxtariyyətlərinin yaranmasında ciddi rol alan bu şəxslər günümüzdə də Tatarstanda və Başqırdıstanda xüsusi ehtiramla xatırlanır və yad edilir. Təsadüfi deyil ki, bu gün Tatarıstan Respublikası Elmlər Akademiyasının Ş.Mərdəjni adına Tarix İnstitutunun dəhlizində 1918-ci il martın 22-də respublikanın yaradılması ilə əlaqədar çap edilmiş Tatar-Başqırd Respublikasının xəritəsi asılıb. 

Bu dalğada, təbii olaraq, tatarlar arasında müxtəlif layihələr meydana çıxsa da, ən əhəmiyyətlisi Sədri Maqsudi və Qayaz İsxaki tərəfindən irəli sürülən İdel-Ural dövlətinin yaradılması ideyası idi. Önəmli faktorlardan biri bu idi ki, tarixi gerçəklik və zərurətdən asılı olaraq, qurulan dövlətin təşkilatçıları Sovet hökumətinə sadiq olsalar da, onlar kommunist deyildilər. 

Elə buna görə də bolşeviklər Rusiyanın Avropa hissəsinin mərkəzində respublikanın elan edilməsini faciə hesab edirdilər. Moskva tatar dünyasındakı parçalanmalardan istifadə edərək dövlətin yaradılmasını dayandırdı. Bu prosesi tormozlayan daha bir hadisə Mullanur Vahidov və Mirsəid Sultan Qaliyevin təşəbbüsü ilə alternativ olaraq Tatar-Başqırd Respublikasının yaradılması idi. İdel-Ural dövləti ilə eyni konsepsiya olan bu dövlət layihəsinin yeganə fərqi onun sosialist ideologiyasına əsaslanması idi. 

İdel-Ural dövlətin elan olunmasının qarşısını almaq üçün xam xəyallara uyan Sultan Qaliyev bir ovuc bolşeviklə Milli Şuranın - Hərbi Şuranın (milli-mədəni muxtariyyətin yerli nümayəndəli orqanları) rəhbərliyini həbs etdi. Milli Şura rəhbərlərinin həbsi dövlət qurmaq tərəfdarlarının planlarını qarışdırdı və bolşeviklər bundan istifadə etdilər. Onlar Zəki Vəlidi ilə müstəqil Başqırd muxtariyyətinin yaradılması haqqında müqavilə imzalayaraq, "başqırd kartı”nı məharətlə oynadılar. Beləliklə, Tatar-Başqırd Cəbhəsi süqut etdi, aqressiv bolşevizmi tarixi səhnəyə buraxdı. 

Tarixin ironiyasına bax ki, Tatar-Başqırd Respublikası ideyası da həyata keçirilmədi. Bunu Zəki Vəlidinin mövqeyi və ya vətəndaş müharibəsi ilə izah etmək olar, lakin əsas səbəb milli respublikaları gücləndirmək istəməyən sovet ölkəsinin rəhbərliyində idi. Tatarların və başqırdların süni qaydada öz respublikalarına ayrılması da bolşeviklərin böyük uğuru olmuşdu.  

Moskva tatarların süni şəkildə ayrı-ayrı respublikalara bölünməsi ilə kifayətlənməyib, Orenburq vilayətində xeyli sayda rus, kazak və ukraynalıları məskunlaşdıraraq "Orenburq dəhlizi” adlanan yer yaratmağa başladı. Bir vaxtlar Orenburq Asiya ilə ticarət üçün tatarlar tərəfindən qurulmuşdu. Yavaş-yavaş tatarlar, sadəcə, azlıqda qalmadılar, tatarları kökləri bir olan qazaxlardan ayıran bir ərazi yarandı.

İdel-Ural əyaləti və Tatar-Başqırd Respublikası ətrafında baş verən hadisələrdə inqilabi burulğanda iştirak edən siyasətçilərin taleyi çox dramatik oldu. Sədri Maqsudi İdel-Ural dövlətini qura bilmədikdən sonra Qərbə mühacirət etdi və həyatla "Sorbonna"da professor kimi vidalaşdı. Daha əvvəl isə, bir müddət mühacirətdə olan Yusif Akçuranın tövsiyəsi ilə Atatürkün müşaviri işləmişdi. Sədri Maqsudi türk hüququ nəzəriyyəsini inkişaf etdirmiş və Türkiyə Konstitusiyasının hazırlanmasında iştirak etmişdir.  Qayaz İsxaki isə müxtəlif ölkələrdə antibolşevik qüvvələri birləşdirməyə çalışmış, Polşada ona keçmiş kamera yoldaşı Piłsudski kömək etmişdi. Maraqlıdır ki, Qayaz İsxaki də həyata son gözlətini məhz qardaş Türkiyədə yumub. Zəki Vəlidi isə "Basmaçı hərəkatı"nı təşkil etsə də, sonda tale onun yolunu da Türkiyədən salıb, qardaş ölkədə türk-tatar tarixinin müəllifi kimi şöhrət qazanıb. Tarixdə bölücülüklə yadda qalan Tatar-Başqırd Respublikasının yaradılmasının təşəbbüskarlarına gəlincə, Vahidov Kreml yaxınlığındakı bir tranzit həbsxanasının həyətində ağ qvardiyaçılar tərəfindən güllələnib, Sultan Qaliyev isə 1940-cı ildə Stalin repressiyalarının qurbanı olub. 

Tatarıstan və Başqırdıstan arasında süni yaradılmış bütün ziddiyyətlərə baxmayaraq, tatarlar vahid xalqdır və sərhədlər onlar üçün ciddi maneə deyil.  Onları kimin qeydə alması o qədər də önəmli deyil, əsas odur ki, köklərini xatırlasınlar. 

Təəssüflər olsun ki, 1990-cı illərdən bəri Tatarıstan və Başqırdıstanı birləşdirmək üçün edilən bütün cəhdlər müsbət nəticə verməmişdi. Son baş verən hadisələr isə bölgədə yeni reallıqların, o cümlədən tarixi fürsətlərin yarandığını yerli xalqların anladığı qənaətini gücləndirir. Ukrayna-Rusiya müharibəsi nəticəsində məğlub olmağa məhkum edilən Rusiyanın parçalanma ehtimalları indi daha qızğın şəkildə müzakirə olunmaqdadır.

Tatarıstan Respublikasının geosiyasi mövqeyi ərazisinin kiçikliyinə və əhalisinin az olmasına baxmayaraq, onun əhəmiyyətini nəinki azaltmır, əksinə artırır. Fakt budur ki, Volqa Rusiyanın siyasi, iqtisadi, etnik baxımdan onurğa sütunudur. Tatarıstan isə Volqa hövzəsində əsas yeri tutur. Eyni zamanda, Başqırdıstan nəinki Tatarıstanla həmsərhəddir, o, əsasən tatarların yaşadığı hissəyə həmsərhəddir. Bu amil zamanla formal sərhədlərdən daha güclü olacaq.

Son dövrdə regionda, konkret Rusiyada, eləcə də dünyada gedən proseslər bir siyasi gedişatı getdikcə aktuallaşdırmaqdadır. Bu planda, türk dövlətləri və hələlik müstəqil dövlətləri olmayan, amma kifayət qədər maddi və insani resursa, tarixi-mədəni, dövlətçilik ənənlərinə sahib türk xalqlarının mövcud olduqları regionlarda birləşməsi, ən azından barış və birlik içində yaşaması ciddi tarixi zərurətə çevrilməkdədir. 

Turanın - müstəqil türk dövlətlərinin siyasi, iqtisadi, hərbi və mədəni birliyinin qurulması artıq xəyal deyil, tarixi gerçəklikdir. Bu günün, sabahın və gələcəyin gerçəkliyi. Bu mənada hər atılan addım tarixi-siyasi hədəflər üçün yeni üfüqlər açır. İllərdir Tatarstan və Başqırdıstan arasında Rusiyanın xeyir-duası ilə yaradılmış bir konflikt addım-addım barışa, sülhə doğru irələliyir. Təbii ki, Rusiya hər yerdə qandan bəhrələnən bir dövlət kimi, konfliktlərin uzun sürməsi üçün əlindən gələni edəcək. Türksoylu qardaşlarımızın barış istiqamətində atdığı hər addım həm sevindirir, həm qürur verir. Heç şübhəsiz, Qərb də, elə Uzaq Şərq də Rusiyanın yumşaq qarnının.... 

Məhz türk xalqları olduğunu yaxşı bilir və bundan yararlanmaq üçün bir fürsət arayışında olduqları sirr deyil. Hər bir halda, hələlik əsarət altında olan bir sıra türk xalqlarının milli azadlıqlarını əldə etməsilə Türk Dünyasının yenidən şəkillənməsi 21-ci əsrin ən önəmli hadisəsi olacaq.

Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının başqanı 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->