Xəbər lenti

Xudafərində tarixi görüş: Prezidentlər nələri müzakirə edəcək?
Siyasət 12:35 15.03.2024

Xudafərində tarixi görüş: Prezidentlər nələri müzakirə edəcək?

"Xudafərindəki görüş İran və Azərbaycan arasındakı ikitərəfli münasibətlərdə daha bir vacib addım olacaq".
 
Bunu Qaynarinfo-ya politoloq Tofiq Abbasov Xudafərində Azərbaycan və İran prezidentləri arasında baş tutması gözlənilən görüşü şərh edərkən deyib. 

Tofiq Abbasov düşünür ki, bu görüşün çox böyük tarixi anlamı olacaq:
 


"Xudafərin xalqları bir-birinə birləşdirən körpü simvolu hesab olunub. İki ölkə lideri tarixi bir körpü üzərində görüşəcəksə, bu o deməkdir ki, tərəflər  götürdükləri öhdəliklərə, bir-birinə olan etimada həmişə sadiq qalacaqlar. İki ölkənin ortaq layihələri, planları var. Ona görə də hər iki ölkə çalışır ki, aralarında olan işgüzar mnasibətlər daim davam və inkişaf etsin". 

Tofiq Abbasov qeyd edib ki, hər zaman qonşuluq münasibətlərində anlaşılmazlıqlar, çətinliklər də olub, qeyri-müəyyənliklər də yaranıb. Ancaq bunlara rəğmən münasibətlər heç zaman qırılmamalıdır: 

"Çünki hər iki tərəfin qonşuluq münasibətlərindən xeyirləri olur, yeni sosial effekt doğuran işlər görürlər. Bu mənada da Xudafərindəki görüş  ikitərəfli münasibətlərdə daha bir vacib addım olacaq. Bəzi dövlətlər İran-Azərbaycan münasibətlərinə müdaxilə etməyə çalışır. Ancaq iki ölkənin bir-birilə dost münasibətləri saxlaması bu kimi müdaxilələri puça çıxarır. Siyasi rəhbərlərin qətiyyəti heç zaman imkan verməyəcək ki, aramızda soyuqluq olsun, etimad qırılsın. Qarşıdan gələn  görüş bu məntiqi daha da gücləndirəcək".
 


Qeyd edək ki, Novruz bayramına qədər Azərbaycan və İran prezidentləri Xudafərinə səfər edərək, burada görüşəcəklər. Bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Baku TV-yə açıqlamasında bildirib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->