Xəbər lenti

Xorvatiya və Serbiya arasında baş verən insident necə həll olunacaq? (ŞƏRH)
Dünya 22:45 26.02.2024

Xorvatiya və Serbiya arasında baş verən insident necə həll olunacaq? (ŞƏRH)

"Xorvatiya və Serbiyanın yüksək rəsmiləri arasında baş verən insident geniş qarşıdurmaya çevrilməyəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Xorvatiya xarici işlər nazirinin Serbiya prezidentini Aleksandr Vuçiçi "Rusiyanın peyki" adlandırması fonunda iki ölkə arasında yaşanan insidenti şərh edərkən deyib. 

Cümşüd Nuriyev bildirib ki, Vuçiç tamamilə haqlıdır:

"O, öz dövlətinin maraqlarına uyğun hərəkət edir. Serbiyanın Rusiya ilə münasibətlərinin yaxşı olmasının səbəbi Belqradın 1999-cu ildə bombalanması zamanı Moskvanın serbləri müdafiə etməsilə bağlıdır. Xorvatlarla serblər bir-birini sevmir. Vuçiç ağıllı siyasət yürütdüyündən ona qarşı bu sayaq addımlara keçiblər". 

Həmsöhbətimizə görə, Xorvatiya xarici işlər nazirinin Serbiya hökumətini təhqir etməsinin arxasında Qərbdən gələn tapşırıqlar dayanır:



"Heç kim serblərlə Rusiyanın münasibətlərinə qarışa bilməz. Onlar qardaş xalqlardır. Balkan ölkələri arasında yaşanan bu hay-küyün arxasında Fransa durur. Fransanı isə qızışdıran Amerikadır. Şərqi Avropa ölkələri ABŞ-ın sıxışmış qazını deyil, Azərbaycan qazını alır. Azərbaycan Şərqi Avropanın 11 ölkəsinə qaz satır. Bu məsələ ilə bağlı Azərbaycana olan hücumlar da eyni sistemdədir. Azərbaycana qarşı yönələn oyunların arxasında kimlər dayanırsa, Balkanları qızışdırmaq istəyənlər də həmin qüvvələrdir". 

Ekspertə görə, Xorvatiya ilə Serbiya arasında yaranmış ziddiyyət qarşıdurmaya çevrilməyəcək:

"Vaxtilə Balkanlar ciddi müharibə ocaqları olub. Amma bunun indiki halda yenidən təkrarlanacağı elə də ağlabatan deyil. Tərəflər sadəcə olaraq, bir-birini ittiham etməklə kifayətlənəcəklər". 

Qeyd edək ki, Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç-Radman Serbiya prezidenti Aleksandr Vuçiçi "Rusiyanın peyki" adlandırıb. Buna səbəb Xorvatiyanın Belqraddakı səfirliyi yaxınlığında keçirilən etiraz aksiyası olub. 

Nazir vurğulayıb ki, Vuçiç hansı tərəfdə - Rusiya, yoxsa Avropa İttifaqı - qərar verməli olacaq, çünki eyni anda iki stulda oturmaq mümkün deyil və əlverişsizdir. Xarici işlər naziri Serbiya prezidentini "Rus peyki" adlandırıb və deyib ki, Rusiyanın Qərbi Balkanlarda zərərli təsirinə dözmək olmaz. 

Vuçiç də öz növbəsində tənqidi cavabsız qoymayıb. O, Qliç-Radmanı nəinki Serbiyanın daxili işlərinə kobud şəkildə müdaxilə etməkdə, həm də həmişə olduğu kimi, yalan danışmaqda, serb xalqını təhqir etməkdə və Serbiya vətəndaşlarını hədələməkdə ittiham edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->