Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti, Dövlət Mükafatı laureatı, "Şöhrət" ordenli, Prezident təqaüdçü Ramiz Məlik səhhətində yaranmış problemlərlə bağlı Heydər Əliyev Fonduna müraciət edib.
Bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib. Müalicə aldığı xəstəxananın xərclərini ödəyə bilməyən aktyor Heydər Əliyev Fondundan kömək istəyib:
"İndiki zamanda xəstənin maddi təlabatını ödəmək lazımdır. Mənim səhhətimdə yaranmış problemi Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı bilir. Hətta nazirlikdən evə gəlib səhhətimlə maraqlanlar oldu. Dedi ki, "Ramiz müəllim, sizə kömək etməyə hazırıq”. Üstündən bir az keçəndən sonra dedi ki, kömək üçün nazirliyin büdcəsi yoxdur. Maddi kömək olmadan xəstə indiki zamanda sağala bilməz. Bir yandan dərmanlar, bir yandan həkimlərin haqqı, bir yandan da xəstəxana xərcləri, mən bunların hamısını ödəyə bilmirəm. Hər yan öd tutub yanır”.
Aktyor təəssüf hissi ilə aidiyyatı qurumların heç birindən ona dəstək olunmadığını qeyd edib:
"Mənə dəstək yoxdur. Heç olmasa, hospitalda aparılan müayinə, xəstəxana xərclərimi İcbari Tibbi Sığorta ilə həll etsinlər. Dövlətimdən, Heydər Əliyev Fondundan dəstək gözləyirəm”.
Ramiz Məlik istər teatrda, istərsə də kinoda fəaliyyətinin göz önündə olduğunu vurğulayıb:
"Mən bu dövlət üçün işləmişəm, bunu qiymətləndirmək lazımdır. Xəstəlik hamı üçündür. Sıradan bir adam deyiləm. Bu günə kimi imkanım daxilində müalicəm üçün əlimdən gələni etdim, amma daha tükənmişəm. Azərbaycanda müalicəm mümkündür, amma gərək dövlət dəstək olsun. 24 saat tibb bacısı, həkim heyəti evə gəlir-gedir, bunların pulunu ödəməliyəm, dərmanları ala bilmirəm, hamısı baha-baba. Buna görə də Heydər Əliyev Fonduna yazmışam".
Qeyd edək ki, Xalq artisti, Akademik Milli Dram Teatının aktyoru Ramiz Məlikin səhhətində problem yaranıb.
Bahar Rüstəmli
Şərhlər