Serbiya prezidenti Aleksandar Vuçiç ölkəsinin Avropa İttifaqına (Aİ) doğru yolunu davam etdirdiyini bildirib. O, Serbiyanın BRICS-ə qoşulmasını arzuladığı barədə məlumatları rədd edib.
Qaynarinfo xəbər verir ki, jurnalistlər Vuçiçdən Amerika sahibkarlıq institutunun eksperti İvana Stradnerin Serbiya prezidentinin "BRICS-ə üzvlük üçün Avropa İttifaqına gedən yoldan imtina etmək arzusunda olması” barədə bəyanatını şərh etməyi xahiş ediblər. Aleksandar Vuçiç belə şərhçilərin "anormal" və "hamısının müalicəyə ehtiyacı olduğunu
söyləyib.
"O mənim nə düşündüyümü haradan bilir? Bəyəm mənə bir çip daxil ediblər və indi fikirlərimi, nə yuxu gördüyümü, nə xəyal etdiyimi oxumaqla məşğuldurlar? Hamısı birlikdə dəli olublar?.. BRICS-ə böyük hörmətim var, amma Serbiya Avropa yolundadır və Serbiya bu yolda qalacaq. Bəzilərinin bütün cəhdlərinin əksinə olaraq biz Avropa yolunda qalacağıq, xüsusən də onları əsəbiləşdirmək üçün”, - o vurğulayıb.
Qeyd edək ki, Serbiya 2012-ci ildən Aİ-yə namizəd statusuna malikdir. 2023-cü ilin dekabrında onun koalisiyası parlament seçkilərində qalib gəldikdən sonra Vuçiç Serbiyanın Avropaya "səyahətini davam etdirəcəyinə” söz verib. 2024-cü ilin aprelində o, Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb. Fransa prezidenti Serbiyanı xarici siyasət qərarlarını Aİ ilə daha sıx əlaqələndirməyə çağırıb.
Nizami Bağırov
Şərhlər