Xəbər lenti

Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başladı
Ölkə 09:12 27.11.2024

Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başladı

Daha əvvəl məlumat verildiyi kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "e-health.gov.az", Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər dövlət orqanlarının məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirmiş şəxslər barədə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi üzrə araşdırmalar aparılıb.

Qaynarinfo report-a istinadən xəbər verir ki, həmin cinayət işi üzrə istintaq yekunlaşdırılaraq toplanmış materiallar ittiham aktı ilə birlikdə məhkəməyə təqdim edilib.

22 noyabr 2024-cü ildə Bakı şəhəri Xəzər rayon məhkəməsində iş üzrə hazırlıq iclası keçirilib.

Məlum olub ki, Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə təqsirləndirilən Dünyamaliyev Cavid İlqar oğlu və Cəlilov Cəlil Hüseyn oğlu Səhiyyə Nazirliyinin "e-health.gov.az", Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sahibliklərində olan xüsusi serverlərə ötürüb.

Daha sonra isə "Teleqram" və digər sosial şəbəkələrdə yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını elan ediblər.

Cinayətkarlar maraq cəlb etmək məqsədilə yaratdıqları reklam çarxlarında ölkədə müxtəlif nüfuzlu şəxslərin fərdi məlumatlarını paylaşaraq istənilən vətəndaşın şəxsi məlumatlarını pul müqabilində sata biləcəklərini qeyd ediblər.

Bu şəxslərin fəaliyyətləri ifşa olunduqdan sonra topladıqları fərdi məlumatlar və müvafiq informasiya sistemlərinə qanunsuz giriş imkanları bloklanıb.

Növbəti məhkəmə prosesi 13 dekabrda keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->