"Müharibədən sonra 4 ilə yaxın danışıqlar təcrübəsi göstərir ki, sülhə vasitəçilərsiz daha tez yaxınlaşmaq mümkündür”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan və Ermənistanın sülhün əldə edilməsinə yaxın olduqlarını bəyan etdikləri bir ərəfədə bəzi xarici dairələrin vasitəçilik missiyasını yenidən gündəmə gətirmək cəhdlərini şərh edərkən deyib:
"Təcrübə göstərir ki, vasitəçilər olmadan sülhlə bağlı razılaşmanı daha sürətlə əldə etmək mümkündür. Ona görə də Azərbaycan uzun müddət vasitəçilərin iştirakı ilə aparılmağa cəhd edilən danışıqlardan imtina etdi. Bakı vasitəçilərsiz danışıqlara üstünlük verdi. Ermənistan tərəfi də bu fikirlə razılaşmalı oldu”.
Belousovun fikirlərinə gəldikdə isə, deputatın sözlərinə görə, onun bir qismində həqiqət var:
"Doğrudan da, Rusiya və Qərb ölkələri, bəzi mərkəzlər mütləq prosesdə vasitəçi olmağa çalışır. Rusiyanın özü də israrla belə bir vasitəçilik təklif edir. Yəni dolayısı ilə Belousovun dediyi həqiqətdir. Amma məsələ ondadır ki, onun özü də təmsil etdiyi ölkənin vasitəçiliyində israr edir. Ona görə də mahiyyət etibarı ilə heç nə dəyişmir”.
Ekspert qeyd edir ki, ikitərəfli danışıqlar müstəqil danışıqlar kimi xarakterizə oluna bilər:
"Bu, qalıcı sülh üçün ən yaxşı danışıqlar formatıdır, Son günlər Ermənistan baş naziri Paşinyanın verdiyi açıqlamalar, Azərbaycan Prezidentinin köməkçisi Əmirbəyovun söylədiyi fikirlər də sülhə bir qədər daha çox yaxınlaşdığımızın anonsu hesab oluna bilər”.
H. Babaoğlunun fikrincə, həm Qərn, həm Rusiya, həm də İran hazırda Cənubi Qafqazda hadisələrə nəzarət etmək üçün ən minimum imkanlara malikdirlər:
"Belə vəziyyətdə hər iki tərəf sülhlə bağlı daha cəsarətli addımlar ata bilər. Yeganə maneə Zəngəzur dəhlizindən maneəsiz keçidlə bağlı İrəvanın mövqeyinin dəqiqləşdirilməsidir. Bu baş tutarsa, qısa müddətdə sülhə nail olmaq da mümkün olar”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən konfransda tərəflərin hazırda sülhə yaxın olduqlarını bildirib:
"Ümid edirik ki, çox yaxın zamanda yerdə qalan digər məsələlər həll olunacaq”.
Ondan 2 gün əvvəl isə Ermənistanın baş naziri Nikol Paşinyan da sülh müqaviləsinə yaxın olduğunu və bunun yaxın zamanlarda imzalanacağını, Azərbaycanla aralarında olan bütün fikir ayrılıqlarının artıq həll edildiyi, yeganə məsələnin razılaşmaların sülh müqaviləsinə köçürülməsi olduğunu qeyd edib. Amma bu tərəfdən də Rusiyanın yeni müdafiə naziri Andrey Belousov Bakı və İrəvana mesaj yollayıb. O, KTMT-nin Müdafiə Nazirləri Şurasının Almatıda keçirilən iclasında söyləyib ki, NATO ölkələri Ermənistan və Azərbaycana həyasızcasına vasitəçilik xidmətləri təklif edirlər:
"Sülh müqaviləsinin yalnız Qərb platformaları və diktə əsasında imzalanması təklif edilir”.
Rüfət Sultan
Şərhlər