Ötən gün AFFA-nın İntizam Komitəsinin iclası keçirildi. İclasda qəbul olunan qərarlardan biri də "Sumqayıt”ın əvəzedicilərinin baş məşqçisi Vaqif Cavadovla bağlı idi. Millimizin keçmiş üzvü "Neftçi”nin əvəzediciləri ilə matçda birbaşa qırmızı vərəqə aldığına görə iki oyun cəzalanıb, klubu da 150 manat cərimələnib. AFFA-nın qərarında Cavadovun qırmızı vərəqə ilə cəzalandırılmasına səbəb kimi hakimə etiraz etməsi göstərilib. Maraqlıdır, veteran futbolçu bu haqda nə düşünür? Qərarı düzgün hesab edirmi?
O, Qaynarinfo-ya açıqlamasında qırmızı vərəqəyə səbəb olacaq heç bir hərəkət etmədiyini deyib:
"İki oyunluq cəzanı haqq edəcək heç bir hərəkətə yol verməmişəm. Nə təhqir, nə tənqid, nə də nalayiq sözlər işlətmişəm. Sadəcə, yan və baş hakimin rəftarına etiraz etmişdim. Baş məşqçi ilə belə rəftar etmək olmaz. Xüsusən də xanım yan hakimə iradımı bildirmişdim. Baş hakim isə buna görə qırmızı vərəqə göstərdi. Əslində, irad da deyildi. Sadəcə, bir ifadə idi. Məni tanıyanlar bilir ki, nə nalayiq sözlər işlədərəm, nə də başqa hərəkətlər edərəm. Ola bilər, hansısa oyun zamanı emosiyalarımı cilovlaya bilməyib, məsələn, "hakim hara baxırsan?” kimi ifadələr işlədim. Sadəcə, xanım hakimin davranışına görə, baş hakimə iradımı bildirdim. Xahiş etdim ki, nəzərə alsınlar, baş məşqçi ilə belə tonda danışmaq olmaz. Hətta oyundan sonra hakimlərlə əl sıxıb görüşdüm. Buna baxmayaraq, qırmızı vərəqə göstərdilər. Necə rəftar etdiklərinə gəlincə, uzatmaq istəmirəm, özləri yaxşı bilir. Yan hakimin işlətdiyi ifadə düzgün deyildi. Matçı izləsəniz, görərsiniz ki, hansı kobud səhvlərə yol veriblər. Açığı, heç səhvlərdən söz açmamışdım. Normal qarşılayıram, inanıram ki, bir daha hakimlər tərəfindən belə hərəkətlərə yol verilməyəcək”.
"Sumqayıt”ın qırmızı vərəqə ilə bağlı apellyasiya şikayəti verib-verməəcəyi ilə bağlı sualı Cavadov belə cavablandırıb:
"Məncə, ehtiyac yoxdur, verilbsə, olub-keçib. Baxarıq, imkan olsa, öz növbəmizdə klub tərəfindən AFFA-ya cəzanın endirilməsi ilə bağlı müraciət ediləcək. Olmasa da, problem deyil”.
Səbuhi Həsənov
Şərhlər