AFFA-nın İcraiyyə Komitəsinin qərarlarından biri də U-21-in yeni baş məşqçisi ilə bağlı oldu. Sözügedən yığmamız Azərbaycanın tanınmış veteran futbolçularından olan Samir Əliyevə tapşırıldı. Əliyevlə bir seçmə mərhələ bitənə qədər müqavilə imzalandı.
Keçmiş hücumçu Qaynarinfo-ya müsahibəsində həm təyinatından, həm ölkədə uşaq futbolunun durumundan, həm də elə əsas millimizdən danışdı.
- Niyə məhz cəmi 1 seçmə mərhələ? Digər məşqçilərə ən azı 2-3 il müqavilə təklif olunurdu.
- 2000/2001 təvəllüdlü futbolçuların yaşı keçib. Artıq U-20-də olan uşaqlar gələcəklər. Onlarla da ancaq bir seçmə mərhələ müddətində işləmək mümkündür. Onların yaşı 21-i keçəndə, komanda ilə uzunmüddətli çalışa bilmirsən. Hər il yaş qrupları dəyişir. 1 seçmə mərhələ haradasa ilyarım, iki ili əhatə edir. Bu az müddət deyil. Assossiyada belə sistem var ki, məşqçiyə ən azı bir dəfə şans verirlər. Hələ ki, bir seçmə mərhələdə, yəni ikiillik razılaşmışıq. Sonra necə davam edəcəyimizə baxacağıq.
- Qarşıdakı planlar necədir? Komandanı hansı şəkildə formalaşdırmaq fikriniz var?
- 2002/2003 təvəllüdlü futbolçulardan komanda formalaşdıracağıq. Düzdür, zamanımız var. Seçmə mərhələ 2023-cü ildə başlayacaq. Püşkatma haqda da dəqiq məlumatım yoxdur. Qarşıda bizi sentyabr və noyabr aylarında UEFA-nın "pəncərəsi” gözləyir. Həmin vaxt yoldaşlıq görüşləri keçirəcəyik. Uşaqlar təcrübə toplasınlar ki, seçmə mərhələyə hazırlaşa bilək. Yanvarda təlim-məşq toplanışları da ola bilər. Hər şey çempionatdan asılıdır. Bilirsiniz ki, limit də yığışdırılıb. Futbolçularımız Premyer Liqada əsas heyətdə oynamağa çalışmalıdırlar.
- Qarşıda İslam Oyunları da olacaq. Bu yarışa hazırlıq necə gedir?
- Açığı, gözləyirdim ki, U-21 məsələsi rəsmiləşsin, daha sonra açıqlama verim. Fikrimiz var ki, heç olmasa U-21-in 10-12 nəfər üzvünü aparaq, sınaqdan keçirək. Bilirsiniz ki, klublarımız avrokuboklarda oynayır, ölkə çempionatı başlayır. Güclü heyətlə yarışa qatılmaq çətindir. Çalışacağıq ki, U-21-in əksər üzvləri ilə hazırlaşaq. İslam Oyunları bizim üçün hazırlığın bir mərhələsi olacaq.
- İslam Oyunlarına hansı iddia ilə qatılmağı düşünürsünüz?
- İndidən bir söz deyə bilmirəm. Vaxt azdır, heyət baxımından kimlər aparılacaq, məlum deyil. Klublar avrokuboklarda oynayır. Bu mənada bir qədər problemlərimiz var. İstədiyimiz kimi hazırlaşa bilmirik. Avqustun əvvəlində uşaqları yığıb, 5 gün birlikdə məşq edib, birbaşa beynəlxalq yarışa getmək çətindir. Yenə də layiqli mübarizə aparmağa çalışacağıq. Düzdür, hədəf qrupdan çıxmaqdır. Amma çalışacağıq ən yaxşısını edək. Futbolçuların istədiyimizi verib-verməyəcəyindən də çox şey asılıdır. İstədiyimiz heyəti aparıb-aparmayacağımız da bəlli deyil. Ona görə biz də düşünürük ki, gələckdə U-21-ə kimlər dəvət ala bilərsə, onlara şans verək. Heç olmasa belə oyunlarda təcrübə toplasınlar. Mən U-19-da, U-20-də işləyəndə Milan Obradoviç bizdən uşaqlar götürürdü.
- Son illərdə Azərbaycanda uşaq futbolunda hansı çətinliklər, problemlər mövcuddur?
- Problemlər həmişə var. Uşaqlar inkişaf üçün daha yuxarı yaşlılardan ibarət komandalarda oynamalıdırlar. 19, 20, 21 yaşlı futbolçular artıq peşəkar sayılır. Onların Premyer Liqada oynayan vaxtlarıdır.
- Son illərdə, xüsusən də Obradoviçin dönəmində yaxşı nəticələr olmadı.
- Qrupumuza düşən rəqiblərdən çox şey asılıdır. Elə ölkələrin yığmaları düşür ki, onlarla mübarizə aparmaq həmişə çətin olur. Yəni bizim futbolçular birinci divizionda, rəqiblər isə "Böyük beşlik” klublarında oynayır, bu müqayisəolunmazdır. Belə rəqiblər olanda çətinlik çəkirik. Ona görə də bu yaşda olan futbolçular öz üzərlərində yaxşı işləməlidirlər, Premyer Liqada oynamağa çalışmalıdırlar ki, güclü rəqiblərlə qarşılaşanda ayaqları titrəməsin.
- Obradoviç Azərbaycan futboluna nəsə verdi?
- Bu haqda çox danışmaq istəmirəm. Nə verdi-vermədi, deməyim düzgün çıxmaz. Ən azından bu konveyerdir. Futbolçu aşağı yaş qruplarından başlayaraq pillə-pillə yuxarıya qalxır. Ümumi sistemdən söhbət gedir.
- U-21-lərlə bağlı limitin ləğv olunmasının hansı müsbət və ya mənfi cəhətləri var?
- Onu gələcək göstərəcək. Hər bir millinin məşqçisi istəyər ki, onun futbolçusu əsas heyətdə oynasın. Amma süni şəkildə deyil. Mən də tərəfdarıyam ki, futbolçu mübarizə aparmaqla əsas heyətdə yerini qazansın. Belədə onun nə dərəcədə güclü və ya zəif olması bilinir. Keyfiyyətli futbolçular seçməyə imkan olur. Limitin də müsbət cəhətləri var. Bunun faydalarını gələcək göstərəcək. Klubların sayı çoxaldıqca gənc futbolçulara tələbat olacaq. Əvvəl onların əsas heyətdə möhkəmlənməsi problemə çevrilirdi. Bildiyimə görə, gələcəkdə klubların sayını bir qədər də yüksəltmək istəyirlər. Belədə gənclər üçün daha çox imkan yaranacaq.
- Əsas yığmamızın son illərdəki çıxışı ilə bağlı nə düşünürsünüz?
- Bu barədə çox danışmaq istəmirəm. Ancaq ümid edək. Milli komanda kimi potensial var, daha yaxşı nəticələr qazana bilərik. Qarşıda, Millətlər Liqasında hələ iki oyunumuz qalıb. Uğurlar arzulayaq ki, qələbə ilə başa vursunlar. Növbəti mövsüm Avropa çempionatının seçmə mərhələsi gələcək.
- İndiki yığma ilə daha yaxşı nəticələr qazanmaq mümkün idi?
- Əlbəttə, hər şey olar. Mümkünsüz heç nə yoxdur. Bunun üçün potensial da mövcuddur.
- Klublarımızın avrokuboklardakı çıxışları ilə bağlı fikirləriniz necədir?
- "Qarabağ” bizi sevindirdi. Digər klublarımızdan da bunu gözləyirik. Hər birinə uğurlar arzulayırıq. Oturub gözləyək və azarkeşlik edək. Hər birindən uğur gözləyirəm.
Səbuhi Həsənov
Şərhlər