Xəbər lenti

U-21-in eks-baş məşqçisi: “Klublar onlara ayrılan pulları əcnəbilərə xərcləyir”
İdman 14:02 13.10.2023

U-21-in eks-baş məşqçisi: “Klublar onlara ayrılan pulları əcnəbilərə xərcləyir”

21 yaşa qədər futbolçular arasında keçirilən Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində millimiz dünən Şimali İrlandiya ilə qarşılaşdı. Bu görüşdə elə də yaxşı təsir bağışlamayan Samir Əliyevin komandası rəqibinə 0:1 hesabı ilə uduzdu. Biabırçı oyunla yadda qalan təmsilçimiz qələbə, ən azı heç-heçə şanslarını əldən verdi.

U-21-in sabiq baş məşqçisi Nazim Əliyev komandanın çıxışı ilə bağlı fikirlərini bildirib. O, Qaynarinfo-ya açıqlamasında komandanın toparlanması, lazımi səviyyəyə gətirimləsi üçün hələ müəyyən zaman lazım olduğunu deyib:   

"Deməzdim, biabırçılıq idi. Amma Azərbaycanda həmişə çətin olub. Komandalar gəlib yuxarı səviyyəyə çatanda işlərimiz zəifləyir. 19-21 yaşlarda həmişə axsamalarımız olur. Bu da futbolçuların təcrübəsizliyindən irəli gəlir”.

Samiri baş məşqçi kimi bəyənən veteran hücumçu Azərbaycanda bu yaşda olan gənc futbolçulara çox pul verilməsinə ehtiyac olmadığını və onların xaricə göndərilməsinin vacibliyini vurğulayıb:

"Baş məşqçiyə vaxt verilməlidir ki, komandanı yığa bilsin. Xarici gələndə deyirik, vaxt vermək lazımdır. Amma özümüzünkü olanda tənqid edilir və dəyişdirilir. Bu gün komandada azərbaycanlı məşqçi çalışır. Yəqin ki, vaxt verilsə, nəyəsə nail olacaq. Əks halda yenə də xaricdən birini gətirəcəklər, ona da vaxt lazım olacaq. Hər şey, oyunçuların səviyyəsi dəyişəcək. Görün neçə vaxtdır Samir millidədir. Əvvəl də orada işləyib. Təcrübəsi artır, həm də yaxşı məşqçidir, kollektivi var. Komandadan çempionluq tələb edə bilmərik. Lakin yavaş-yavaş irəliləyə bilərlər. Aşağı yaş qruplarında oyunçuların səviyyəsi də o qədər güclü deyil. 21 yaşlı futbolçularımız Azərbaycandan kənarda oynamalı idi. Nəinki xaricdən kimisə gətirmək. Futbolçularımız xaricdə oynasa, artım hiss olunacaq. Azərbaycanda bu yaşda olan futbolçulara çox pul vermək lazım deyil ki, xaricə getməkdə maraqlı olsunlar. Yoxsa, hansısa gənc futbolçu bir balaca yaxşı oynayan kimi klublara çağırılır, maaşı artırılır”.

Azərbaycanda futbolçu qıtlığı yaşandığını bildirən Əliyev "Qəbələni” nümunə göstərib:

"Hazırda, məncə, U-21-də heyət baxımından hansısa dəyişikliyə ehtiyac yoxdur. Fikrim odur ki, istər əsas, istərsə də aşağı yaş qruplarında bu gün hansı futbolçu yaxşı səviyyədədirsə, o da milliyə çağırılmalıdır. Mən də vaxtilə U-21-də çalışmışam. Yaxşı oynayanları komandaya yığmaq lazımdır. Öz klubunda oynamayan futbolçunun milliyə çağırmaq olmaz. Qıtlıq hiss olunur. Yaxşı ki, "Qəbələ”nin akademiyası var. Neçə ildir problemləri azaldırdı. Bu gün akademiya demək olar, bağlıdır. Ona görə də durum getdikcə çətinləşəcək. "Qəbələ”nin aşağı yaş qrupunun futbolçuları xaricdə də oynayırdı. Bunlar böyük amillərdir”.

O, klubların bu gün gənc futbolçulara şans yaratmadığını, pulları əcnəbilərə yedirtdiklərini və avrokuboklarda nəticə üçün oynadıqlarını, nəticədə yerlilərin inkişafdan qaldığını da nəzərə çatdırıb:

"Bu gün klubların 21 yaşlı futbolçulara şans verməsi baxımından problemlər var. Ancaq dünənə kimi yox idi. Pul yox idi deyə, azərbaycanlı futbolçulara üstünlük verirdilər. İndi xariciləri gətirirlər. Klublar onlara ayrılan pulları əcnəbilərə xərcləyir. Bəs bunun sonu nə olacaq? Bir az oynayıb, pullarını qazanıb gedəcəklər. Yenə axırda özümüzünkülərə möhtac qalacaqlar. Səhvlərimiz belə şeylərdədir. Bunun nəticəsidir ki, əsas yığmaya oyunçu tapılmır. Premyer Liqada yerlilər azdır. Klubları da qınamıram. Çünki qarşılarına məqsəd qoyurlar ki, çempion olmalısan, avrokuboklara vəsiqə qazanmalısan. Ona görə də milli üçün oyunçu hazırlamırlar”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->