Xəbər lenti

U-17-nin oyunlarında nələr yaşanıb: “Görün hansısa məşqçi ilə dava etmişəm?”
İdman 11:51 20.06.2023

U-17-nin oyunlarında nələr yaşanıb: “Görün hansısa məşqçi ilə dava etmişəm?”

Bir müddət öncə UEFA-nın İnkişaf Turnirində iştirak edən yığmamızla bağlı xoşagəlməz xəbərlər yayıldı. Belə ki, millimizə qadağa qoyulduğu və bir daha sözügedən turnirə buraxılmayacaqları bildirilirdi. Səbəb kimi də baş məşqçi Füzuli Məmmədovun Albaniya ilə matçda rəqib futbolçulara, məşqçilərə və hakimə kobud şəkildə etirazlar etməsi, həm də yarışın qaydalarına zidd olaraq siyahıya adları salınan futbolçuların heç də hamısına şans yaradılmaması göstərilirdi. Nəticədə Albaniya tərəfinin şikayətindən sonra millimizə qadağa qoyulduğu bildirilirdi.

Məsələ ilə bağlı AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Qaynarinfo-ya açıqlama verib. O, millimizə heç bir qadağa qoyulmadığını bildirib:

"Qadağa-filan yoxdur. Turnirin əsasnaməsinə görə, sifariş ərizəsində olan futbolçuların hamısı ən azı 90 dəqiqə oynamalıdır. Məşqçilər səhv edib, bir neçə nəfəri oynatmayıblar. UEFA da futbolçuların hamısının 90 dəqiqə oynamasının vacibliyi və növbəti turnirlərdə bunun nəzərə alınması ilə bağlı elektron poçt göndərib. Qadağa qoyulması boş söhbətdir. Avqust ayında daha bir inkişaf turniri olacaq. Həmin turnirdə iştirak üçün bizə də rəsmi dəvət göndəriblər”.

Yığmanın baş məşqçisi isə oyunlar zamanı heç bir kobudluğa yol vermədiyini, əksinə hər şeyin qaydasında olduğunu bildirdi. O, yalnız futbolçuların hamısını oynatmamaları ilə bağlı səhvə yol verdiklərini etiraf etdi və bunun səbəbini də açıqladı:

"Albaniya ilə matç komandanın keçirdiyi ən yaxşı oyunlardan biri oldu. Oyun bitdikdən sonra bütün futbolçularımı elə meydanda qucaqlayıb təşəkkürümü bildirdim. Üstümüzdə rəhbərlər var. Cahangir Həsənzadə (AFFA-nın Texniki Direktoru - M.), Nəriman Axundov (Qadınlar Liqasının Təşkili Şöbəsinin rəisi - M.), Yaşar Vahabzadə (AFFA-nın Məşqçilər Komitəsinin üzvü - M.) həmin oyunlarda olub. Hakimləri təhqir etməyim, kobud şəkildə etirazlar bildirməyim yalan söhbətdir. Oyun bitdikdən sonra dərhal meydana çıxıb uşaqlara motivasiya verdim. Çünki uduzduqlarına görə dilxor olmuşdular. Baxmayaraq ki, yüksək səviyyədə oynamışdılar. Üstəlik oyun canlı yayımlanıb. Bunu necə deyə bilərlər? Rəqib baş məşqçiyə də təşəkkürümü çatdırmışam. Hansı ki, həmin məşqçi vaxtilə futbolçu kimi AZAL-da da çıxış edib. O da mənə təşəkkür etdi və komandamın çox yaxşı oynaması haqda xoş sözlər dedi. UEFA-nın nümayəndəsi tribunadan düşüb gəlib şəxsən mənə təşəkkür etdi ki, uşaqlar çox gözəl, sürətli, ağıllı futbol oynayırdı. Üstəlik, komandaya meydanda çox motivasiya verirdim. O, bu sözləri mənə Cahangir Həsənzadənin yanında dedi. Bütün oyunların videotəkrarı Yutubda var. Baxın görün hansısa məşqçi ilə dava etmişəm?”

Məmmədov milliyə heç bir qadağa qoyulmadığını dedi:

"Heç bir qadağa qoyulmayıb. Sadəcə, UEFA-nın tövsiyəsi var ki, oyunlarda bütün futbolçulara 90 dəqiqə meydanda olmaq şansı yaradılmalıdır. Bütün komandalar 18 futbolçu ilə yarışa qoşulur. UEFA sadəcə, bu qədər futbolçuya yer verir. Biz isə 22 nəfər aparmışdıq. Məqsəd də daha çox futbolçunun yarışda iştirak edib təcrübə toplaması idi. Hakimliyə gəldikdə, bu turniri UEFA təşkil edir. Bütün hakimlər FİFA dərəcəlidir. Moldova, Albaniya və Farer Adaları ilə oyunların hamısında hakimlik yüksək səviyyədə olub. Sonda hakimə yaxınlaşıb "sağ ol” da dedim”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->