Xəbər lenti

Türkiyə klubuna keçən futbolçumuz: “Bu sualı De Byaziyə neçə dəfə vermisiniz?”
İdman 10:37 11.01.2024

Türkiyə klubuna keçən futbolçumuz: “Bu sualı De Byaziyə neçə dəfə vermisiniz?”

Qış fasiləsində Albaniya klubu "Eqnatiya”dan ayrılan Vüsal İsgəndərli Türkiyəyə üz tutdu. Hücumçu qardaş ölkənin Birinci Liqa təmsilçisi "Boluspor”la müqavilə imzaladı. 

O, Qaynarinfo-ya açıqlamasında yeni iş yerindən danışıb. İsgəndərli hazırda 18 komandalı çempionatda 22 xalla 10-cu pillədə yer alan Bolu təmsilçisinin perspektivi haqda fikirlərini bölüşüb, klubdakı şəraitdən danışıb.

"Boluspora” keçid prosesi, əslində bir müddət davam etdi. Albaniyadakı oyunların birində Türkiyə klubundan məni izləməyə gəlmişdilər və təklif etmişdilər. Mən də mövsümün ortası olduğunu, daha sonra tam qərar verəcəyimi demişdim. "Eqnatiya” mənə yaxşı mənada çox şey verdi. Amma dil problemi vardı, çox çətinlik çəkirdim. "Boluspor”un həm məşqçisi, həm də rəhbərliyi məni komandada görmək istədi. Başqa Türkiyə klublarından, hətta Rumıniyadan da təkliflər var idi. Menecerim "Boluspor”a keçməyimin daha yaxşı olacağını dedi. Klubun vəziyyəti yaxşıdır.  İstər məşqləri, meydançası, istərsə də bazası yüksək səviyyədədir. Pley-off mərhələsində oynamaq istəyirik”.

İsgəndərli "Boluspor”da qollar vurmağa davam edəcəyinə inandığını dedi:

"10 gündür məşqlərə qoşulmuşam. Əlbəttə, rəqabət var və bu yaxşı haldır. Əlimdən gələni edib rəqabətdən qalib çıxıb hər zaman oynayıb qol vurmağa çalışacağam. Hücumun hər üç tərəfində oynaya bilməyim, həm transferimdə rol oynadı, həm də məşqçimiz üçün əlavə üstünlük oldu. Çünki burada oyubnlara fərqli sistemlərlə çıxırlar. Komanda iki-üç sistemlə oynayır. Özümə çox güvənərək "Boluspor”a gəldim və daha yaxşı olacağıma inanıram. Həmçinin komandamızda da perspektiv var və ən azı pley-offda oynayacağımıza inanıram”.

Maraqlıdır hücumçu Bolu klubuna hansı şərtlərlə keçib və harada qalır?
 


"Getdiyim klublarda heç vaxt əsas heyətdə oynamaqla bağlı şərt irəli sürməmişəm. Yaxşı oynadığım halda, əlbəttə hər zaman şans qazanacam… Hələ ki klubun bazasında qalacağam. Mənim üçün ev axtarırlar, bəyəndiyim bir yerə köçəcəyəm. Bazada qalmaq əslində hər zaman yaxşıdır. Çünki əlavə məşq etmək üçün çox rahatdır”.

Vüsal ölkəmizdən təklif aldığını, amma xaricdə oynamaq istədiyi üçün onları qəbul etmədiyini dedi. Bununla yanaşı o, nə vaxtsa Azərbaycan klublarına da qayıdacağını vurğuladı:

"Təkliflər vardı. Amma ölkə xaricində qalmaq istəyirdim. Yəni sərfəli olması deyil, xaricdə oynamaq istədiyim üçün seçim etdim. Əlbəttə, Azərbaycan mənim vətənimdir. Ora qayıdacağam. İndi daha çox xaricdə oynayıb ölkəmizi yaxşı təmsil etmək istəyirəm”.

Xaricdə oynamasına baxmayaraq, yığmaya dəvət almamasının ona müəyyən mənada təsir etdiyini deyən hücumçu, buna baxmayaraq, həvəsdən düşmür:

"Əlbəttə, istər-istəməz təsir edir. Ancaq hər zaman özümü motivasiya etməyə çalışıram. Sadəcə, bu sualı son iki ildə - mən "Sumqayıt”, "Keçiörəngücü” və "Eqnatiya”da oynayanda - De Byaziyə neçə dəfə vermisiniz? Hər dəfə mənə belə sual ünvanlanır, amma çağırılmamağımın səbəbi haqqında heç nə bilmirəm. Media tərəfindən hər zaman dəstək görmüşəm. Bir futbolçu kimi hörmət ediblər. Bütün media nümayəndələrinə buradan öz təşəkkürümü bildirirəm. Hər zaman yanımda olublar. Yəqin ki, səbəbi De Byazinin özü daha yaxşı bilirdi. Əlimdən gələni edib milliyə dəvət almağa çalışacağam”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->