Birinci Divizionun ötən, yəni 22-ci turunda baş tutan "Turan Tovuz” - "Araz Naxçıvan” matçı ölkə futbolunun tarixinə düşdü. Muxtar Respublika təmsilçisi 1992-ci ildən təşkil olunan peşəkar səviyyəli turnirlərdə 5 və ya daha çox qol buraxan, lakin qalib gələn ilk komanda oldu. Naxçıvanlılar 6:5 hesabı ilə qalib gəldi.
Hansı ki, Azərbaycan çempionatının hər iki liqası (Premyer Liqa və Birinci Divizion), kubokunun və Superkubokunun oyunlarında belə hadisə yaşanmamışdı. Tovuz şəhər stadionundakı qarşılaşma həm də Azərbaycan futbolu tarixinə hər iki komandanın 5 və ya daha çox qol vurduğu 6-cı görüş kimi düşdü. Bunadək keçirilən oyunlarda belə qarşılıqlı məhsuldarlıq qeydə alınmadığı və həmin matçların hamısı heç-heçə bitdiyi üçün 5 və ya daha çox qol buraxanların heç biri qalib gəlməmişdi. Ümumiyyətlə, "Turan Tovuz-2” – "Araz Naxçıvan” qarşılaşması PFL-in tarixində 3-cü ən məhsuldar oyun kimi tarixə düşdü.
Tovuz təmsilçisinin rəqib qapısından keçirdiyi 5 qol isə nəinki qələbə, heç-heçə üçün kifayət etmədi. Oyunla bağlı bölgə klubunun baş məşqçisi Nizami Ocaqverdiyev fikirlərini söyləyib. O, Qaynarinfo-ya açıqlamasında belə hesab gözləmədiklərini etiraf edib:
"Oyunun gərgin və maraqlı keçəcəyini bilirdik. Amma bu qədər qol olacağını gözləmirdik. Bu, həm bizim, həm də rəqibin müdafiəsindəki kobud səhvlərin nəticəsi idi. Maraqlı oyun keçdi, bəzi oyunçularımız mövqe səhvlərinə yol verdi. Nəticədə 5 qol vurmağımıza baxmayaraq, məğlub olduq. Komandamız oyuna hazır idi”.
Mütəxəssis oyunçularda psixoloji gərginlik görmədiyini, belə qolların dünya futbolunda da vurulduğunu söylədi:
"Uşaqlarda psixoloji gərginlik görmədim. Qarşımızda nə Premyer Liqaya çıxmaq, nə də çempionluq məqsədi var. Məqsədimiz akademiyadan gələn uşaqlardan istifadə etmək, onların təcrübəsini artırmaqdır. Dünya futbolunda uzaqdan, yaxından hər cür qollar görmüşük. Avropada bundan da sadə qollar buraxılıb. Demək olmaz ki, qapıçı zəif idi, yaxud oyunçularımız bilərəkdən etdi. Belə bir şey düşünmürəm. Həm də bəzi mövqelərdə onların səviyyəcə bizdən üstün cəhətləri var idi”.
Baş məşqçi hakimlikdən narazı qalmadığını da vurğuladı:
"Hakimlik normal oldu. Onlar öz səviyyələrini aşağı liqalarda artırmaq istəyirlər. Elə də kobud səhvləri nəzərə çarpmadı”.
Gələn mövsümdən etibarən əvəzedicilərlə Birinci Divizion komandaları ayrılacaq. İctimaiyyətin müxtəlif üzvlərinin bunun futbolumuza təsiri haqda fərqli fikirləri var. Mütəxəssisin düşüncələri isə belədir:
"Birinci Divizion və əvəzedicilərin bir-birindən ayrılması, əlavə ən azı 100 futbolçu deməkdir. Məncə, bunun futbolumuzun inkişafına faydası olacaq”.
Səbuhi Həsənov
Şərhlər