Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək "Turan Tovuz”un yeni baş məşqçisi müəyyənləşdi. Klubun Müşahidə Şurasının iclasında komandanın son iş yeri "Sumqayıt” olan Ayxan Abbasova tapşırılması qərara alınıb.
Bununla bağlı Qaynarinfo-ya danışan Müşahidə Şurasının sədri Oqtay Abdullayev maliyyə məsələlərinə və gələcək planlara toxunub.
"Dünən Müşahidə Şurasının yığıncağı keçirildi. Səs çoxluğu ilə Ayxan Abbasovu seçdik. Başçı ilə də görüşdüm, futbolla əlaqədar bəzi məsələləri həll etdim”.
- Tovuzun İcra Başçısı sizə maliyyə dəsətəyi ilə bağlı söz verdi?
- Qaraxanlıdakı meydançanı bizə pulsuz icarəyə verəcək. Oranı təmir edib uşaq futbolunun inkişafına çalışacağıq. Konkret maliyyə dəstəyi göstərəcəyini deməsə də, komandanı kənd təsərrüfatı malları ilə, məsələn kartofla, soğanla, meyvələrlə təmin edəcək. Yəni, qida məsələsində köməklik göstəriləcək. Reklamların yerləşdirilməsinə də yardım edəcək. Reklamları futbola da gətirməyə çalışacaq. Qısası, nə problem olsa, köməklik göstərəcəklərini dedi. Pul məsələsinə gəlincə, biz Birinci Divizionda olanda deyirdilər ki, "Turan Tovuz” Premyer Liqaya gəlsin, yardım edəcəyik. İndi həmin iş adamları köməklik göstərsinlər, komandanı saxlayaq.
- Kluba ayrılan 500 min manatın artırılması ilə bağlı AFFA-ya müraciət edəcəyinizi bildirmişdiniz. Fikirlərinizi quruma çatdırdınız?
- Müraciət etdik, dövlət proqramının təsdiqini gözləyirik. Təsdiqlənsə, maliyyə artırılacaq. 500 min manatla heç nə etmək olmaz. Bunu özləri də bilirlər. Futbolun İnkişaf Fondunun (FİF) rəhbərliyi ilə görüşdük. Yaxşı ideyaları var. Qənirə Paşayeva da Futbolun İnkişaf Fondunun nümayəndəsidir. Bizə çox yaxından kömək edib. İş adamları deputat Arzu Nağıyevə də müraciət edib.
- İş adamlarından maliyyə dəstəyi söz verən var?
- Görüşməliyik onlarla. Qənirə xanım görüşə bizi də dəvət edəcək. Nəsə kömək etməlidirlər. Məsələn, malları reklam oluna bilər. Bunun şəffaf olması üçün onlar bizdən hesabat istəsinlər.
- Ayxan Abbasova tovuzlu olduğu üçün üstünlük verdiniz?
- Xeyr, Müşahidə Şurasının ümumi qərarıdır. Şura üzvləri Ayxana səs verdilər. Bunu onunla izah etdilər ki, "Sumqayıt”da nəticəsi olub. Tovuzda oynayıb, hörməti var. Tovuz ağır rayondur. Hər məşqçini qəbul etmirlər. İstəmirik ki, sabah kimsə ordan-burdan qışqırıb, bağırsın. Onsuz da birinci il bizim üçün çox çətin olacaq. Komanda formalaşmalıdır, bərkiməlidir. Başa düşməlidirlər ki, Premyer Liqada oynayırlar. Rəqiblər çox güclüdür. Uduzsaq, sabah heç kim, heç nə deməsin.
- Namizədlər arasında Ayxandan da təcrübəli mütəxəssislər vardı, məsələn, Əsgər Abdullayev…
- Əsgər Abdullayevin PRO kateqoriyası yoxdur. Premyer Liqada da bu tələb edilir. Ona görə də Abdullayevə səs verilmədi.
- Abbasovun maliyyə məsələsini necə yoluna qoyacaqsınız? Hər halda az maaş istəməyəcək.
- Hələ maliyyə tərəfini danışmamışıq. Ayxan bizə demişdi ki, baş məşqçi olsam, Tovuzda, məsələn 5, deyil 3 manata işləyərəm. Çünki klubda futbol adamları
işləyir.
- Belə başa düşülür ki, "Sumqayıt”da qazandığından daha az məbləğdə işləməyə razılaşıb…
- Bəli, razılaşıb. Deyib ki, gənclərdən komanda quracağam. Elə digər məşqçilər, Yunis Hüseynov, Ramiz Məmmədov, Ramin Quliyev də məbləğin önəmli olmadığını demişdi.
- Uzun müddətdən sonra "Turan Tovuz” Premyer Liqaya gəlsə də, maliyyə çətinlikləri var. Nə dərəcədə əminsiniz ki, Abbasov "Turan Tovuz”u daha yüksək səviyyəyə qaldıracaq?
- Onsuz da namizədlərdən hansı baş məşqçi seçilsəydi, onun üçün çətin olacaqdı. Birinci Divizionla Premyer Liqanı müqayisə etmək olmaz. Səviyyə çox yüksəkdir. Ona görə də kubok oyunlarında iştirak etmədik. Yaş limiti qoyulmuşdu. Üstəlik digər komandalarda legionerlər, bizdə isə cavan uşaqlar oynayırdı. Burada isə ilk ildə qarşımıza möhkəmlənmək, rəqabət göstərmək məqsədi qoyacağıq. Demirik, bir və ya ikinci yerlər üçün oynayacağıq. Amma ortalarda qalmağa çalışacağıq.
- Abbasovla heyətlə bağlı müzakirələr aparmısınız?
- Müzakirələr aparmışıq. Əsas məqsədimiz gənc futbolçulardan komanda yığmaqdır. Legioner haqda isə hələ düşünmürük. Daha doğrusu bu, maliyyədən asılıdır. Pul ayrılsa, bir-iki əcnəbi dəvət edə bilərik.
- Amma sırf yerlilərlə "Qarabağ” və ya "Neftçi”nin qarşısına çıxmaq asan olmayacaq.
- Niyə də çıxmasınlar? Onların da iki ayağı, əli, gözü var, bizim də. "Qəbələ” necə iştirak etdi bəs?
- Komanda böyük hesablarla uduzsa, tovuzlu azarkeşlərə nə cavab verəcəksiniz?
- Ona görə də iş adamlarına müraciət etmişik. Komanda Premyer Liqadadı, dəstək göstərsinlər, belə hallar baş verməsin. Sabah deməsinlər ki, niyə belə oldu. Hər halda 5 manatla 100 manat arasında fərq çoxdur.
Səbuhi Həsənov
Şərhlər