Prezidentin səlahiyyət dairəsini xeyli genişləndirən Tunis konstitusiyasının dəyişdirilməsinə dair referendum seçicilərin əksəriyyəti tərəfindən bəyənilsə də, nəticələr bu seçkilərdə fəallığın çox aşağı olduğunu göstərir.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər
verir.
Tunis prezidenti Qeys Səid keçən il opponentlərinin çevriliş adlandırdığı hökuməti istefaya göndərib və parlamentin fəaliyyətini dayandırıb. Bu dövrdə o, xüsusi fərmanları ilə ölkəni idarə edib və keçən ay Tunisin yeni konstitusiyasını yazıb.
Lakin müxalifət partiyaları referendumu boykot edərək, təklif olunan konstitusiyanın Tunisin demokratiyasını məhv edəcəyini və avtokratiyaya gətirib çıxara biləcəyini bildiriblər.
Tunis hazırda iqtisadi böhranla üz-üzədir və bu səbəbdən Beynəlxalq Valyuta Fondundan kömək istəyib.
Tunis Seçki Komissiyasının açıqladığı ilkin statistika göstərir ki, qeydiyyatdan keçmiş 9,3 milyon insanın yalnız 27,5 faizi konstitusiyaya dəyişiklik etmək üçün referendumda iştirak edib.
Tunis Seçki Komissiyasının statistikasına görə, səs verən seçicilərin 92-93%-i konstitusiyanın dəyişdirilməsinin lehinə səs verib.
Tunisin yeni konstitusiyası prezidentə hökumət və məhkəmə sistemi üzərində xüsusi səlahiyyətlər verir, prezident nəzarətini aradan qaldırır və parlamenti zəiflədir.
Qays Səidin əleyhdarları onun konstitusiyanın yenidən yazılması və referendumun keçirilməsi ilə bağlı birtərəfli hərəkətini qanunsuz adlandırıblar.
"Ərəb baharı”na səbəb olan 2011-ci il inqilabından bəri Tunisdə keçirilən milli seçkilərdə ən aşağı fəallıq 2019-cu ildə keçirilən parlament seçkilərində olub və burada seçicilərin 41 faizi iştirak edib.
Bütün etirazlara baxmayaraq, Qays Səid bu referendumu "yeni respublikanın” təməli adlandırıb.
M.Arif
Şərhlər