Xəbər lenti

Tovuzda güclü külək zamanı oyun keçirilməli idimi? - “FİFA və UEFA-nın tövsiyəsi birdir…”
İdman 18:15 26.12.2023

Tovuzda güclü külək zamanı oyun keçirilməli idimi? - “FİFA və UEFA-nın tövsiyəsi birdir…”

Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində baş tutan "Turan Tovuz” - "Araz-Naxçıvan” matçında güclü küləyin işıq dirəklərindən birini sındırması ilə nəticələnən xoşagəlməz hadisə yəqin ki, uzun müddət gündəmdən düşməyəcək.
 
Təbii ki, olayla bağlı fikirlər müxtəlifdir. Bir sıra insanlar günahlandırılır. Ancaq digər məsələ də var. Belə güclü külək zamanı oyun nə üçün keçirilirdi? Külək oyunun ortasında başlayıbsa niyə qarşılaşma təxirə salınmayıb? 

Bu suallara keçmiş FİFA referisi Tahir Süleymanov cavab verib. O, Qaynarinfo-ya açıqlamasında məsələni belə izah edib:

"Turan Tovuz” - "Araz Naxçıvan” görüşündəki hadisə ilə bağlı çox fikirlər bildirilib, müxtəlif münasibətlər göstərilib. Sevindirici məqam, faciənin baş verməməsidir. Təbii, gözlənilməz hadisə olsa da, bu amil arxayınlıq yaratmamalı, gələcəkdə belə hallara daha həssas yanaşılmalı, imkan daxilində qarşısının alınması üçün addımlar atılmalıdır. Azərbaycan futbolunda, əsasən də Abşeron yarımadasında küləkli havada oyunların keçirilməsinə hər kəs alışıb. Bölgələrimizdə mövsümə uyğun yağışlı, qarlı, soyuq hava şəraiti adi hal olsa da, güclü küləklər nadir hallarda baş verir və Tovuzdakı şiddətindən asılı olaraq qasırğa xarakterli idi. 

Gözlənilməz hava durumu fors-major hal kimi qiymətləndirilməlidir. Oyunun keçirilib-keçirilməməsi qərarını ancaq yerində, vəziyyətə uyğun, AFFA nümayəndəsi və hakimlər briqadası birgə məsləhətləşmələrdən, çempionatın təşkilatçılarına məlumat verdikdən sonra qəbul edə bilərdilər. İstənilən yarışda, oyunda FİFA və UEFA-nın tövsiyəsi birdir - gözlənilməz hallar olarsa, vəziyyətə görə, imkan daxilində görüşün keçirilməsi məqbul sayılır. Belə bir olayın baş verməsini heç kim gözləməzdi, qeyd etdiyim kimi, ən önəmlisi, belə bir hadisədə faciənin, xəsarət hallarının olmaması oldu. Gələcəkdə belə vəziyyətlərdə daha diqqətli davranmalı, bir faiz də təhlükə hiss olunarsa, buna uyğun yerində qərarlar verilməlidir. İnsan həyatı hər şeydən üstündür”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->