İngiltərə Premyer Liqasında çıxış edən "Tottenhem”in sahibi, milyarder iş adamı Co Lyuis beş milyon dollar (dörd milyon funt-sterlinq) cərimə edilib.
Qaynarinfo xəbər verir ki, Böyük Britaniyanın ən varlı adamlarından olan 87 yaşlı Lyuis yanvar ayında prokurorlarla razılaşmanın bir hissəsi kimi insayder ticarətində günahını etiraf edib. Manhettendə keçirilən dinləmədə o, beş milyon dollar (dörd milyon funt sterlinq) cərimələnib və üç il sınaq müddəti şərtilə azadlığa buraxılıb.
Qanunlara görə onun 18 aydan iki ilə qədər həbsi tələb olunsa da, həm vəkillər, həm də prokurorlar Lyuisin günahını boynuna alması, səlahiyyətlilərlə əməkdaşlıq etməsi və səhhətinin pis olduğunu əsas gətirərək, yumşaq davranmağa çağırıblar. Hakim Cessika Klark cinayətlərinin ciddiliyini, bazarların bütövlüyünə zərbə vurduğunu söyləsə də, iş adamının həbsinə ehtiyac olmadığını bildirib.
Məhkəmədə Lyuis Londonda keçirdiyi uşaqlıq illərindən bəhs edərək, "Erkən yaşda həyatın nə qədər qiymətli olduğunu anladım. Dəhşətli səhv etdim. Qanunu pozdum. Utanıram, üzr istəyirəm” - sözlərini söyləyib.
İddia müqaviləsinin bir hissəsi kimi, Lyuisin şirkətlərindən "Broad Bay Ltd” də qiymətli kağızlar fırıldaqçılığında günahını etiraf edib və 44 milyon dollar (34,8 milyon funt-sterlinq) cərimələnib.
Lyuis Londonda anadan olub və valyuta spekulyasiyasına, sərmayələrə diqqət yetirmək üçün atasının restoran biznesini ələ keçirib. O, 1992-ci ildə Böyük Britaniyanın Avropa valyuta məzənnəsi mexanizmindən çıxmazdan əvvəl funt-sterlinqə qarşı xeyli mərc edərək pul qazanan investorlardan olub. İş adamı bir sıra böyük əmlak, idman, maliyyə, enerji və həyat elmləri şirkətlərində pay sahibi olan "Tavistock Group” investisiya firmasını qurub.
O, 2023-cü ildə "Sunday Times”ın zənginlər siyahısında 39-cu yerdə qərarlaşıb və 2001-ci ildən 22 milyon funt-sterlinqlik səhm paketini satın aldığı "Tottenhem”in sahibi kimi tanınır. Ancaq 2022-ci ildə nəzarət bir ailəyə verilib və klubun Böyük Britaniyada "Şirkətlər Evi”nə təqdim etdiyi maliyyə sənədləri Lyuisin artıq "Tottenhem” üzərində əhəmiyyətli nəzarətə malik olmadğını göstərir.
Onun hazırkı sərvətinə bir neçə ölkədə evləri, böyük sənət kolleksiyası və 2023-cü ilin iyulunda haqqında çıxarılan həbs qərarından sonra girovunu ödəmək üçün yararlandığı 250 milyon dollarlıq yaxta daxildir. Maliyyə dünyasındakı mövqeyi ona şura otağının sirlərinə giriş imkanına malik olub və prokurorların dediyinə görə, illərdir, milyonlarla dollar qazandıran fırıldaqçılıqdan faydalana bilmələri üçün tərəfdaşlarına da məsləhətlər verib. Onun yaxtasındakı pilotlar və işçilərlə yanaşı, bir sıra tərəfdaşların da Lyuisdən rüşvət aldığı bildirilir.
Prokurorlar bildiriblər ki, fırıldaqçılıq həm də insayder ticarətindən kənara çıxıb. 2013-cü ildən başlayaraq Lyuis səhm sövdələşmələri ilə bağlı əlverişli şərtlər əldə etmək üçün şirkətlərdəki səhmlərinin həqiqi miqyasını gizlədib. Onun pilotu Okonnor insayder ticarəti ilə bağlı ittihamları qəbul edib və mayda həbs olunacaq. Digər pilot Brayan Vuq özünü təqsirli bilməyib və bu ilin sonunda mühakimə ediləcək. Vəkilləri məhkəmə sənədlərində pilotun Lyuisdən aldığı məlumatların məxfi və ictimaiyyətə aid olmadığını iddia edib.
Səbuhi Həsənov
Şərhlər