Sayğılı oxucu! Bu söhbət böyük Azərbaycan yazıçısı, kifayət qədər fərqli düşüncə sahibi olan, elə bu xarakterinə görə də amansızcasına qətlə yetirilən Rafiq Tağı ilə bir neçə il öncə, həbsindən qabaq aparılıb. O zamanacan maraqlı və zəngin (mütəxəssis və qeyri-mütəxəssis, fərqi yoxdur) insanlarla bu mövzuda bir neçə müsahibəm dövri nəşrlərdə dərc olumuşdu. Yeri gəlmişkən, ciddi münasibətlərim olmasa da, onu 1991-ci ildən, "Şəfqət” qəzeti ilə əməkdaşlıq etdiyim vaxtlardan tanıyırdım. Seçilən və məntiqə söykənən maraqlı, orjinal yazıları diqqətimi çəkmişdi. Bu səbəbdən rəğbətimi qazanan müəlliflərdən biri idi. Üstəlik Rafiq Tağının yaradıcılığına özəl münasibət bəsləyən və daim izləyən bir şəxs kimi dostum Vidadi bəyin təklifi də ürəyimcə oldu. Mərhum Rafiq bəy istəyimizə hörmətlə yanaşdı və elə telefondaca müsahibə üçün hazırladığım girişi və ona ünvanlanmış suallarımı qeyd edib götürdü. "Narahat olma, özüm hazırlayıb çap etdirəcəyəm”, – deyə söylədi. Açıqca hiss olunurdu ki, mövzu çox xoşuna gəlib. Cəmi bir neçə gün sonra mənə zəng vurdu: "Yusif bəy, səni təbrik edirəm, müsahibəmiz "Xural” qəzetində çıxıb”, - dedi. Səninüçün də bir-iki nüsxə saxlamışam. Təşəkkür elədim və "qoy onlar səndə qalsın, mən gedib redaksiyadan götürərəm, uzaqbaşı köşkdən alaram", -dedim. Təəssüf ki, həmin qəzeti nə redaksiyada, nə də köşklərdə tapdım. Bu barədə isə Rafiq bəyə heç nə demədim. Amma ona səhifə şəklində redaksiyanın qəzet tikməsində və kompüterində baxdım. Xahiş edib, həmin variantı disketə köçürüb saxladım. O vaxtdan çox ötüb. İndi həmmüsahibim, sənət yoldaşımız olan Rafiq Tağı həyatda yoxur. Onunla "Xural” qəzetində dərc edilmiş həmin müsahibəni nədənsə təkrar çap etmək istəyi dəfələrlə məni düşündürsə də, Kult.az ədəbiyyat və mədəniyyət portalının 2012-ci ildə nəşr etdiyi "Proza almanaxı”nda R.Tağının "Qatilə didaktik dərsləri” hekayəsini oxuduqdan sonra yenidən baş qaldırdı.
Bu müsahibəni istedadlı və cəsarətli yazıçı, mərhum Rafiq Tağının əziz xatirəsinə ehtiram əlaməti olaraq yenidən hazırlayıb, olduğu şəkildə təbiətsevərlərin ixtiyarına verirəm.
Rafiq Tağı: "Yer kürəsi bəşəriyyətin təkotaqlı mənzilidir”
Təbiət bizim anamızdır. O həmişə valideyinlik borcunu ləyaqətlə ödəyib. Bizsə ona övladlıq eləməmişik. Təbiətə yalnız istifadə və zövq mənbəyi kimi baxdığımızdan, gözümüzdə adiləşib. Ancaq o heç də görünənlərin cəmindən ibarət deyil. Fikrimcə, təbiətin əsl mahiyyəti hələ açılmayıb. Onun böyüklüyü sirr olaraq qaldıqca, insanların barbar münasibəti də dəyişməyəcək. Təbiətin böyüklüyü, həqiqi məzmunu onun o biri üzündədir – bizə məlum olmayan tərəfində. Təbiət gizlinlərinin açılmamış qatlarına indiyədək dahi Azərbaycan filosofu Asif Ata, böyük təbiətşünas alim Qara Mustafayev, fikirlərinə həmişə hörmət bəslədiyim Yaşar Türkazərlə nəzər salmışıq. İndisə cəmiyyətdə xüsusi baxışları olan yazıçı-həkim Rafiq Tağı ilə təbiətin qaranlıqlarına aydınlıq gətirməyə çalışaq.
– Rafiq Tağı – təzadlı fikir yiyəsi, müstəqil ədəbi düşüncə sahibi kimi təbiətə necə baxır?
– Təbiət Allah nizamının təzahürüdür. Şəxsən mən Allahı təbiətlə təsdiqləmişəm. Təbiətdə gözəllik ən müxtəlif variant və çalarlarda üzə çıxır. İnsanın yaratdığı gözəlliklər də əslində təbiətin yaratdıqlarıdır. İnsanda yaradıcılıq təbiət imkanlarının getdikcə açılmasıdır. Lakin təcrübə nə göstərdi: bu imkanların müəyyən həddən artıq açılması fəlakətlər törədə bilərmiş. Təbiət sirləri bəlkə elə sirr olaraq da qalmalı imiş. Təbiətin sirləri açılmaz halda faydalıdır. Biz Allahı "kəşf” etmək fikrinə düşmədiyimiz kimi, təbiət sirlərinə də aludə olmamalı idik. Əslində bu sirlərə vaqiflik Allahı "kəşf” etmək arzusu qədər absurddur. Harmoniya "aşkarlığ”ı sevmir.
– Canlı və cansız təbiət anlayışlarını məcazi mənada necə yozmaq olar?
– Canlı və cansız – bunlar nisbi məfhumlardır. Əşyanın fiziki-bioloji mənada cansızlığı onun içində hərəkətin yoxluğu, atom ölülüyü, əbədi durğunluq halı kimi qiymətləndirilir. Lakin cansız təbiət həm də enerji mənbəyi rolunda həyatın rəhni sayılmalıdır. Daş kömür, su, neft – enerji bunlardan yaranmırmı? Belə götürəndə, qızıl cansızdır, lakin bəşəriyyət onun uğrunda hərəkətə gəlir, savaşlara qurşanır. Amerikadakı "qızıl isitmələri”ni yada salın. "Faust”da İ.V.Höte qızıl barəsində – "bu metal insanı yeyəcək”, deyir. Deməli, qızıl cansızdır, lakin insanı yeyə bilir. Xoşbəxtlik və bədbəxtliklər də onunla bağlıdır. Yaxud ağacı götürək: həm canlı olur, həm cansız. Amma ağacın cansızlığı nisbi məna kəsb edir. Kəsilib doğranmış ağac sonradan həyat proseslərində təkan rolunu oynayır. Üstündə fərman və sərəncamlar yazılan kağızlar (ağaclar) insan topluluqlarını hərəkətə gətirir. İnsan kağız (ağac) üzərindəki sevgi sözlərindən riqqətə gəlir. Azərbaycanın bir gəmi kimi üstündə üzdüyü neft dəryası da canlı təbiət çevrilmələrindən törəməyibmi? Təbiətdə heç nə itmir, heç nə yox olmur. Canlı və cansız – bunlar bir-birindən doğur və biri o birinə çevrilir. Bu dinamika ilahidəndir.
– İnsan və təbiət münasibətləri: dünən, bu gün.
– Bayaq dedim, insan da təbiətin elementi, onun bir komponentidir. İnsanı təbiətdən ayrılıqda, əlahiddə bir varlıq kimi araşdırmaq metodoloji səhv olardı. Təbiətdəki hər hansı dəyişiklik insandan yan keçmir, onda əks edir. Təbiət nə durumdadırsa, insanı da elə gör. Ekoloji fəlakətlərdə xoşbəxt insan nonsensdir. Dünən insan korafəhm idi: təbiətdən "oğurladıqlarını” qənimət bilir, şad-xürrəm yaşayırdı. Dünən təbiətin imkanları çox idi, bu gün az. İnsan öz yaşamı naminə təbiətdəki əzəli-əbədi tarazlığı tamam laxladıb. Enerji çabalarıyla da radioaktiv atomun sirlərinə baş vurub. Di gəl, qazandıqlarıyla müqayisədə itirdikləri qat-qat çoxdur. İnsan qazandıqlarını qavraya bilir, itirdiklərini yox. Ekoloji təhlükələr yerdən göyəcən artıb. Bir növ, insan özü-özünü çıxılmaz girdabın içinə salıb. Bununla belə, fəlsəfi iztirablar çəkməkdədir. Bugünün insanı artıq dünənki kimi düşünmür. İndi insan Yer şarını bapbalaca görür və dünənki əməllərindən də bərk peşmandır. İnsan təzə-təzə başa düşür ki, Yer şarı bəşəriyyətin təkotaqlı mənzilidir. Bir onu da düz-əməlli tikib-qura, dərd yarıdır.
– Təbiətdə yırtıcılıq, parazitizm, rəqabət, zərərli, faydalı, simbioz yaşama – bunlara sizin münasibətiniz?
– Sadaladıqlarınızın hamısı təbiətdə harmoniya ünsürləridir. Yəni "harmoniya” deyilən şey onlarla başa varır. Təki bu proseslərə insanın yersiz müdaxilələri olmaya. Bəşər ağlı təbiətdə dağıdıcı effektə malikdir. Ötən əsrin ortalarında çəyirtkələrə qarşı ümumçin mübarizəsi elan olunmuşdu. İlk baxışdan faydalı görsənən bu kampaniya Çini ekoloji fəlakətlə üz-üzə qoydu: ölkə həşəratlar altında qaldı. İndi iş belədir, yırtıcılıq, parazitizm, rəqabət, ay nə bilim, "zərərli” – əslində bunlar təbiətin boynundan asılan yarlıqlardır. Bu sözlər bəşərin təbiətə qərəzli münasibətindəndir. İnsan təbiəti yalnız ona faydalılıq əmsalına görə dəyərləndirir. Təbiəti insana faydalılıq məcburiyyətində qoymaq harmoniyaya ziddir. Əfsus, insan təbiətə münasibətdə zorakılığa meyllidir.
– Fövqəlqüvvə – təbiətdir, yoxsa Allah? Hansı birincidir: toyuq, yoxsa yumurta?
– Fövqəlqüvvə – tək olan Allahdır. Müqəddəs Avqustin deyirdi: "Dünya olmasaydı, biz onu bilməzdik, ancaq Allah da bilməsəydi, dünya olmayacaqdı”. Təbiət Allahın kiçicik bir əsəridir. Bəşər təfəkkürü Allahı dərk edə bilməz. Buna cəhdlər əbəsdir. Dinlərin Allahı interpetasiyası səhvdir.
Əlbəttə, ilkin – yumurtadır. Toyuq haqqında bütün vacib informasiyalar yumurtada, yəni sirri-xuda zülaldadır.
– İnsanın meydana gəlməsi və mənşəyini necə izah edərdiniz?
– Bu, antropologiya da daxil, ən müxtəlif elm sahələrinin yüzillərcə öyrənib başa çatdıra bilmədiyi bir məsələdir. Bunun dini-idealistik və ateistik-materialist izahları mövcuddur. İdealistlər "yerin-göyün” yaradıcısı kimi Allahı təsdiqləyirlərsə də, insanın "meydana gəlmə” prosesini nağıl şəklində şərh edirlər. İdealistik nöqteyi-nəzər elmilikdən həmişə uzaqdır. Materialistlərinsə azdan-çoxdan heç olmasa hipotezləri-zadı olur. Elmi müqayisələrlə işləyirlər. Materializmin də qüsuru Allahı inkardadır.
– Hə üçün bədiiyyat və ədəbiyyatda təbiət ünsürləri həmişə seçdirilib, fərqləndirilib, amma heyvanlar və bitkilər heç vaxt real obraz kimi verilməyib?
– Sual bir qədər anlaşılmır. Niyə ki – heyvanlar və bitkilər həm alleqorik, mifik, həm də real obrazlar şəklində ədəbiyyat və sənətdə həmişə olub. Totemlərdən tutmuş bədii ədəbiyyatın bugünkü real obrazlarına qədər. Çingiz Aytmatovun əsərləri real, mən deyərdim, parlaq heyvan obrazlarıyla zəngindir. Türklər boz qurda, Hindistandasa inəyə sitayiş edirlər. "Koroğlu” dastanı: Qır at və Dür at obrazları. Molla Nəsrəddinin eşşəyi. Türkiyədə bu eşşəyə hətta heykəl də yapıblar. Bitkilər, meşələr – bə rəssamlar təbiəti mənzərə janrında işləməyiblərmi? Hələ natürmortlar. Animalist rəssamlar saysız-hesabsızdır. Foto bədii bir sənət növü kimi, ya sənədli kino sənəti – təbiətə daim müraciət ediblər. Nümunələr çoxdur. Mövzu genişdir.
– Təkamül, seçmə, yaşayış uğrunda mübarizə, uyğunlaşma. Bunlara bir baxış.
– Ç.Darvinin təkamül nəzəriyyəsi uzun müddət şüurlara inqilabi təsir göstərmişdi. Yəni evolyusiya nəzəriyyəsi revolyusyon effekt doğurmuşdu. Sonradan baxışlar dəyişdi. Sən demə, insan meymundan əmələ gələ bilməzmiş. Engels kimi dahi də küyə gedib, Darvinə bir meşşan kimi inanmışdı. Yox, DNT spirallarındakı aminturşuların düzülüşü əzəldən genetik necə kodlanıbsa, eləcə də gedir. Qazanılma keyfiyyətlər genetik informasiyaya çevrilmir. Ancaq ruslar demiş, burada bir "no” var. Dediklərim atom erasına qədər belə olub. Radioaktiv şüalanmalar bioloji dünyada təbəddülatlar törətdi, gen strukturlarını darmadağın etdi. Atom qəza rayonlarında artıq pişiyi pələng boyda görmək mümkündür. Ya məsələn, dovşan aminturşularının təzə düzümünə uyğun gözlənilməz məxluq şəkli ala bilər. Çernobıl canlı təbiətin gen yaddaşına əbədi həkk oldu. Bax, indən belə meymunun insana, insanın da meymuna, hətta başqa bir məməli heyvana çevrilməsi gözləniləndir.
– İxtisas baxımından (həkim kimi) təbiətin xəstə halına münasibətiniz? Təbiətin xəstəliyinin sağaldılmasına güman varmı?
– Bu sözümlə Amerika açmıram: insan da təbiətdəndir, deyirəm. Təbiət sağlamdırsa, biz də sağlamıq, xəstədirsə – hamımız xəstəyik. Ekoloji fəlakətlər insan ağlının dayazlığı-azlığını tamam sübuta yetirdi. Sonra da şikayətlənirik: Allah niyə dərk olunmur? Ekologiya lap son onillərə qədər barmaqarası baxılan sahələrdəndi. İnsan təbiətin axırına çıxdı, onun resurslarını tükətdi. Hiyə? Çünki özünü təbiətdən ayrı, ya ondan üstün tutdu. Məram həmişə təbiəti məğlub etmək olub. İnsan heç bilmədi də ki, hər qalibiyyət sonrakı məğlubiyyətin əsasıdır. Ümumiyyətcə, qalibiyyət mücərrəd-absurd bir şeydir. İnsan təbiət üzərində qalibiyyətlə özünü məğlubiyyətə düçar etmiş oldu. F.Engelsin sözləridir ki, təbiət hər açılan sirrinə görə insanı cəzalandırır. Qan xəstəlikləri, yenitörəmələr, irsi və tənəffüs sistemi xəstəlikləri, həmçinin allergiyalar və sair – hamısı ekoloyi disbalansın nəticəsidir. Təbiətin başında qoz sındırmağımızın cavabıdır bunlar. Radioaktivliyin kəşfi "Çernobıl”la "mükafatlandırıldı”. Belə getsə, dəhşətlərinə görə müharibələr ekoloji fəlakətlərin yanında toya getməli olacaq. Qlobal tədbirlər dövrünə gəlib çıxmışıq. Artıq ağıl bunusa dərk edə bilir. Elm təbiəti kompleks halda, tarazlaşdırılmış tərzdə öyrənməlidir. Bəla burasındadır ki, kəşflər əksər halda insanın özündən asılı olmur. Bilmək gərək: hər gülün, hər qarışqanın da öz hüququ var. Allah varsa, onun yaratdıqlarına da ehtiram olmalıdır. Yoxsa insan özü də "Qırmızı kitab”a düşə bilər. Cırcırama, ya sərçəsiz – insan yoxluğa məhkumdur. Ümid axırıncı ölür: təbiətin xəstəlikləri hələlik geriqayıdan mərhələdədir. Düzdü, bu gün hələ gec deyil, amma sabah gec ola bilər.
– Ekoloji böhran: yaranma səbəbləri, vəziyyətdən çıxış yolları.
– Ekoloji böhranın bəzi səbəblərini artıq vərəvurd etdik: özünütəcrid, ya insanın özünü təbiətdən uca tutması, təbiətə heç nə vermədən ondan hər şeyi qorarmaq ehtirası. "Yer üzünün əşrəfi” – insan təkəbbürlə bunu özü haqqında deyir. Əslində elə şey yoxdur, insan Yer üzünün əşrəfi-zadı deyil. İnsan şirdən, ya bülbüldən, hətta eşşəkdən, siçandan da üstün deyil. Hər bioloji növün təbiətdə öz funksiyası var; onlar bir-birindən nə üstündür, nə alçaq. Tutalım, insan siçovulu görmək istəmir, axı, heç siçovulun da onu görmək üçün gözü atmır, ondan qaçır. Siçovul insandakı qəddarlığı, amansızlığı fəhmlə tutur. Sosiallığı evini yıxır – insan təbiətdəki yeriylə kifayətlənmir. Yaşayış uğrunda mübarizədə hədləri aşır və elə özü də dolanbaca düşür. İnsanın təbiətdəki parazitik mövqeyi ekoloji böhranın əsas səbəblərindəndir.
Mənim fikrimcə, ekoloji böhran artıq yalnız beynəlxalq səylərlə aradan qaldırılmalıdır. Hər hansı cındır ölkədə də ekoloji tarazlığın pozulması ümumbəşəri fəlakət sayılmalıdır. Sənin evin, mənim evim, sənin ölkən, mənim ölkəm – artıq bu cür düşüncə tərzi keçməz. Qərb dövlətləri bir vaxt radioaktiv tullantılarını SSRİ ərazisində basdırmaq icazəsi almışdılar. Özü də su qiymətinə. Amma SSRİ-ni, oradakı insanları fələyin badına verməklə xoşbəxt olmaq mümkündümü? Qəribədir, Qərbin ağlı oracan çatmamışdı. Qəbələ RLS-dən gələn gəlir Rusiyanın başına dəysin. Bu gəlir onun ekoloji zəmində törətdiyi xəstəliklərin müalicəsinisə görməz. Belə getsə, azərbaycanlılar yaxın gələcəkdə doğub-törəməz xəstə bir xalqa çevrilə bilər. Baxın, bir ölkədə meşələr yanır, başqa ölkədə heç kəsin vecinə deyil. Meşələr bəşəriyyətin ağ ciyərləridir. Ağ ciyərlərsiz yaşa görüm, necə yaşayırsan!
– "Qırmızı kitab”, "Yaşıl kitab”, "Qara kitab”. Brakonyerlik, heyvanxana, sirkdə heyvanlar və qoruqlar barəsində…
– Bu "kitab”ların vacibliyinə nə söz ola bilər? Hər halda, təkcə elə bu "kitab”lar da onu göstərir ki, ekoloji fəlakətlər bəşəriyyəti qorxutmağa başlayıb. Sanki dəvəni arı sancıb. Həhayət, inanmaq gərək: canavar, ya hər hansı başqa yırtıcı olmasa, insan da olmaz. İnsanın yaşamı üçün kəpənək də vacibdir. Yenə Höte: "Biz təbiətə daim təsir göstəririksə də, onun başında ağa ola bilmirik”. Ola bilmirdik, amma olmuşuq. Artıq insan təbiət üzərində hökmrandır. Xoş məram yoxa çıxıb, təbiət insan ağlının əsirinə çevrilib. Bir misal. Binayi-qədimdən Tailandda fillərə etiqad ediblər. İnanca görə, Budda çevrilmələrdən əvvəl fil olubmuş. Buna baxmayaraq, necə deyərlər, o fil boyda ölkədə fillər yoxa çıxmaqdadır. Heyvanların icazəli, ya icazəsiz məhvi – hər iki hal brakonyerlikdir. Ovçuluq təmiz cinayətdir. İnsan təbiətin hesabına xoşbəxt ola bilməz. Elə biz də totem saydığımız boz qurdu görən kimi silaha əl atmırıqmı? Panteizmdə Allah təbiət şəklində təsəvvür edilirdi. Ya sintoizmdə təbiət ilahi kult idi. Hətta sintoizm 1868-1945-ci illər arasında Yaponiyada dövlət dini statusunda imiş. İndi təbiət yerə yıxılmış şikar halındadır – insan onu parçalamaqdadır. Təbiətə barbar münasibətin əlamətləri ta əvvəllərdən olub. Dediyiniz zoorark və sirklərdə, elə qoruqlarda da, heyvanlar ələ salınıb, indi də salınır. Bir dəfə Moskva zoorarkında balaca qızımı ulağın belinə oturdub, özüm də yanında, şəkil çəkdirmişəm. O heyvancığazı təhqirin izi olan şəkil məndə indiyəcən durur. Çoxdandı ki, Bricit Bardo heyvan hüquqlarını müdafiə cəmiyyəti təsis edib. O hətta Qurban bayramlarında heyvanların kütləvi qırğınına ucadan yox demişdi. Bunda ədalət var. Əlbəttə, ağ Qurban bayramı heyvanların qara günüdür. Öz xoşbəxtliyini heyvanların bədbəxtliyi üzərində qurmağa insanın ixtiyarı yoxdur. İnsanın verdiyi qurbanlar da, onun xoşbəxtlikləri də başdan-başa riyakarlıqdır. Qurban bayramları təbiətə qarşıdır və ona ziddir. İnsan təbiətcə vəhşi dediyimiz heyvan tipinə daha yaxındır. Özü də ağıl bu vəhşiliyin təminatçısı, onun gücləndiricisidir. Canlı aləmə tuşlanan hər tür silahlar da insan ağlından şədd eləyib. Bu anlamda ağıl absurd bir nəsnədir. İnsan bioloji varlıq kimi yoxluq həddində, uçurum qırağındadır. Bəlkə də panteizm həqiqət imiş; təbiətin ruhu ona vurulmuş yaralara görə insandan əvəz çıxır. İntiqam saatı yetişib. Həyat şirin olmasaydı, bu intiqamı alqışlayardım da. Neyləyəsən ki, bəzən həyat naminə ədalətin üstündən xətt çəkməli olursan.
Söhbətləşdi: Yusif DİRİLİ
Söhbətardı: Rafiq Tağının məlum həbsindən sonra onunla bir təsadüf nəticəsində – metronun vaqonunda görüşdük. Əlimdəki kitaba işarə ilə: "o nə kitabdır elə.” "Təzə çıxıb, "Heyvanların eşq-məhəbbət dünyası”dır, adı” – dedim. Sifətinə təbəssüm şəfəqi yayıldı. "Yusif bəy, yadındadır, təbiətlə bağlı müsahibəmiz? Öz aramızdır, yaxşı alınmışdı”, dedi. Mən kitabı qısa avtoqrafla ona bağışladım. Vərəqlədi və "maraqlı kitaba oxşayır”, dedi. "Yəqin burdan götürməli çox şey tapacağam”. Onu məmnuniyyətlə Dirili Qurbani Məclisinin növbəti tədbirinə dəvət etdim. Sanki çəkinə-çəkinə: "Yox, bəy, hələ gələ bilmərəm,”- dedi. Görünür, nədənsə ehtiyatlanırdı. Bu, onunla son görüşümüz oldu. Mənim rayonda işləməyim də görüşməyimizə imkan vermədi. Qətlini isə elə paytaxtdan uzaqda eşitdim… Düşmənləri kor, Ruhu isə şad olsun, Rafiq bəyin!
Şərhlər